Müdafiə Sənayesi Nazirliyinin yaranmasından 17 il ötür

Müdafiə Sənayesi Nazirliyinin yaranmasından 17 il ötür

XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ötən 31 ildə çətin və şərəfli yol keçərək sürətli tərəqqi, iqtisadi inkişaf və günbəgün artan siyasi-hərbi qüdrəti ilə müasir beynəlxalq münasibətlər sistemində nüfuzlu aktor kimi layiqli yerini tutmuşdur.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə onlara ünvanladığı təbrik mesajında bildirib.

“Müstəqil Azərbaycan dövlətinin memarı, bütün varlığı ilə ölkəsinə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, daim sevgi və rəğbətlə anılan ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün mərhələlərində Vətən, xalq, milli dövlətçilik naminə misilsiz xidmətlər və xilaskarlıq missiyası nümunəsi göstərmişdir.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq müstəvidə layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ulu Öndərin qeyri-adi idarəçilik bacarığı, qətiyyəti, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində hakimiyyətə ilk gəlişindən sonra siyasi, inzibati və ideoloji əngəllərə baxmayaraq, respublika xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye mərkəzinə çevrilmiş, bu gün Azərbaycanın müdafiə sənayesinin əsasını təşkil edən və ölkənin müxtəlif bölgələrində yerləşən geniş profilli müəssisələr yaradılmışdır.

Müstəqilliyinin bərpasından sonra da dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyin dayanıqlığı təmin edilmiş, güclü iqtisadi imkanlarının yaradılması üçün ölçüyəgəlməz işlər görülmüş, günün tələblərinə cavab verən modern ordu quruculuğunda böyük irəliləyişə nail olunmuşdur. Dünyada cərəyan edən proseslərə, regional siyasi-iqtisadi və hərbi maraqlar spektrinin bütün məqsəd və hədəflərinə dərindən bələd olan, gənc müstəqil Azərbaycanı mürəkkəb geosiyasi burulğanlardan məharətlə qurtarmağı bacaran, respublikanı qorumaq üçün onun hərtərəfli müasir və qüdrətli müdafiə potensialının formalaşdırılmasında əvəzsiz xidmətləri olan görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!”.

Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının və zəngin irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və uğurlu müstəqil dövlətçilik, azərbaycançılıq, quruculuq və dünya miqyasında böyük hörmətlə qəbul edilən sülhsevər siyasəti sayəsində Azərbaycan bütün çətinlikləri arxada qoyaraq iqtisadi yüksəlişinin, beynəlmiləl mövqelərinin daha da möhkəmlənməsi dövrünə qədəm qoymuşdur. Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövlət quruculuğu istiqamətində dönmədən və müvəffəqiyyətlə aparılan irimiqyaslı islahatlar ölkədə bütün sahələrin sürətli inkişafına təkan vermişdir. Ulu Öndərin şah əsəri – güclü Azərbaycan dövləti öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla bir daha sübuta yetirmişdir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli sərkərdəliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində başlıca rol oynayan, Azərbaycanın hərb salnaməsinin qızıl səhifəsini yazan rəşadətli Silahlı Qüvvələrimizin və şücaət rəmzi olan Əsgərimizin beynəlxalq hüququn və ədalətin təntənəsi naminə apardığı Vətən müharibəsində qazanılan tarixi Qələbəyə Müdafiə Sənayesi Nazirliyi öz layiqli töhfələrini vermişdir.

“Dəmir yumruq” əks-hücum əməliyyatında Silahlı Qüvvələrin silah, sursat, hərbi-xüsusi texnika, pilotsuz uçuş aparatları və digər məhsullar ilə fasiləsiz təmin edilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin tabeli qurumları və müəssisələri gücləndirilmiş iş rejimində çalışmış, bu dövlət orqanının monolit kollektivinin 72 üzvü qanlı döyüşlərdə iştirak etmiş, üç əməkdaşı qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalmış, 7 işçisi yaralanaraq qazi olmuşdur.

Hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan Silahlı Qüvvələrimizin daha müasir silah, sursat və hərbi texnika ilə təchiz edilməsi, milli müdafiə sənayesinin təkmilləşdirilməsi və müdafiə təyinatlı məhsulların yerli istehsalının genişləndirilməsi istiqamətində tərəfimizdən zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

Sözsüz ki, Azərbaycanın hərbi qüdrətinin artırılması, müdafiə qabiliyyətinin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin bugünkü nailiyyətləri dövlətimizin başçısı cənab İlham Əliyevin iqtisadiyyatın və sənayenin aparıcı seqmentlərindən olan bu spesifik sahədə həyata keçirdiyi davamlı siyasətin və göstərdiyi yüksək diqqətin nəticəsində mümkün olmuşdur.

Yarandığı 2005-ci ildən etibarən Müdafiə Sənayesi Nazirliyi möhtərəm Prezident cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş strateji proqram və planlar üzrə Silahlı Qüvvələrin imkan və qabiliyyətinin qarşıda duran mühüm vəzifələrə uyğun inkişaf etdirilməsi, habelə əməliyyatların yeni üsul və formalarla aparılması üçün zəruri silah, hərbi və xüsusi texnika növlərinin tətbiqinə, onların yerli istehsalına və təminatına tam və fasiləsiz səfərbər olunmuşdur.

İlk növbədə, Silahlı Qüvvələrin atıcı silahlara, piyada və tank əleyhinə minalara, qumbaraatanlara, minaatanlara və müvafiq döyüş sursatlarına olan tələbatı nəzərə alınaraq müxtəlif çaplı tapança, avtomat, pulemyot, snayper tüfəngləri və patronların istehsalı mənimsənilmiş və seriyalı tədarükünə başlanılmışdır. Silahlı Qüvvələrin sifarişlərinə uyğun olaraq, yaxın məsafəli döyüş vasitələri, aidiyyəti döyüş və təlim atəş yığımları, minaaxtaranlar, eləcə də 60, 81, 82 və 120 mm çaplı minaatanlar və onların atəş yığımlarının təchizatı təmin edilmişdir.

Ötən müddətdə Türkiyə, Cənubi Afrika, Rusiya, Serbiya, İsrail və sair ölkələrin tanınmış şirkətləri ilə əməkdaşlıq çərçivəsində mənimsənilərək tətbiq edilmiş texnologiyalar üzrə 50-dən çox yeni istehsal sahəsi yaradılmışdır. Atıcı silahlar və onların patronlarının, tapança, avtomat, pulemyot və toplar üçün müxtəlif çaplı lülələrin, 122 və 125 mm-lik tank və artilleriya topları üçün atəş yığımlarının istehsalı, qumbaraatan və minaatanların atəş yığımlarının doldurulma sahələri, optik cihazların, zirehli döyüş maşınlarının və s. hazırlanması bu yönümdə görülmüş işlərin bariz göstəricisidir.

Nəticədə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə təyinatlı, o cümlədən silah və sursatlara, hərbi texnika və digər məmulatlara olan tələbatı ödənilməklə yanaşı, istehsal olunan məhsulların bir sıra ölkələrə ixracı da təmin edilmişdir. İndi ən müasir tələblərə cavab verən müxtəlif kalibrli pulemyot, snayper tüfəngi, avtomatik toplar, artilleriya və tank topları üçün lülə və mərmilərin, optik nişangahların, gecəgörmə cihazlarının yaradılması və seriyalı istehsalı istiqamətində ardıcıl işlər aparılır.

Azərbaycanın iqtisadi imkanları ilbəil artdıqca güc strukturlarının müasir standartlar səviyyəsində və özündə yeni texnologiyaları cəmləşdirən silah sistemləri ilə təchiz edilməsi, bununla yanaşı, XXI əsr müharibələrinin müqəddəratını həll edən kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının – PUA-ların yerli istehsalı sahəsində də mühüm addımlar atılmışdır. Bu məqsədlə Müdafiə Sənayesi Nazirliyinin tabeli qurum və müəssisələrində qısa müddət ərzində yenidənqurma işləri aparılmış, milli mütəxəssislərin hazırlığı və sonrakı illərdə yüksək texnologiyalı hərbi məhsulların daha da təkmilləşdirilməsinə şərait yaradılmışdır. Hazırda PUA-ların, kəşfiyyat-patrul maşınlarının, döyüş modullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlənilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi və seriyalı istehsalının təşkili ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Görülmüş işlərə qiymət isə möhtərəm Prezident cənab İlham Əliyevin özü tərəfindən verilmişdir. Çıxışlarında Müzəffər Ali Baş Komandan Müdafiə Sənayesi Nazirliyinin tabeli birlik və müəssisələrində qısa müddət ərzində 1000-dən artıq məhsul növünün istehsalına nail olunduğunu dəfələrlə qeyd etmişdir: “Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu göstərir ki, biz məqsədimizə çata bilmişik”.

Dünyada silah, hərbi və xüsusi texnikaya olan tələbatın miqyas və xarakterinin dəyişməsi, həmçinin hərbi-texniki məhsul bazarında rəqabətin güclənməsi ölkələri öz hərbi sənaye kompleksini, bu sahədə yaradılmış imkanlarını daim təkmilləşdirməyə və mövcud iqtisadi reallıqlarla uyğunlaşmağa, dövlət maraqlarının və təhlükəsizliyinin qorunmasının əsaslı təminatına sövq edir. Eyni zamanda ölkələr arasında hərbi-texniki əməkdaşlıq elmi-texniki potensialın cəmləşdirilməsinə, əlavə xərclərin aradan qaldırılmasına və resursların səmərəli şəkildə prioritet istiqamətlərə yönəldilməsinə, rəqabət qabiliyyətli məhsulların yaradılması və istehsalına təkan verir.

Azərbaycanın mudafiə təyinatlı məhsullarının xarici bazarlara çıxarılmasına xüsusi önəm verən Müdafiə Sənayesi Nazirliyi hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı faydalı əlaqələrin inkişafı və yerli istehsalın ən yeni nailiyyətlərinin nümayişi məqsədilə müxtəlif ölkələrdə keçirilən beynəlxalq müdafiə, silah və hərbi-xüsusi texnika sərgilərində mütəmadi iştirak edir. Son illər İstanbulda “İDEF-2021”, Əbu-Dabidə “İDEX-2021”, Minskdə “MİLEX-2021”, Belqradda “Partner-2021”, Moskvada “ARMİYA-2021”, Dohada “DİMDEX-2022”, Kuala-Lumpurda “DSA-2022”, Parisdə “Euronaval-2022”, İstanbulda “SAHA EXPO-2022”, İordaniyada “SOFEX-2022”, Kəraçidə “İDEAS-2022” və digər şəhərlərdə keçirilmiş belə mötəbər sərgilərdə Müdafiə Sənayesi Nazirliyi yüksək səviyyədə təmsil olunmuşdur.

Məlum olduğu kimi, 2014-cü ildən etibarən iki ildən bir Azərbaycanda da “ADEX” Beynəlxalq Müdafiə Sərgisi təşkil edilir. 2022-ci ilin 6-8 sentyabr tarixlərində Bakıda IV “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri keçirilmişdir. Bu nüfuzlu sərgilərə İtaliya, Niderland, Çin, Bolqarıstan, Fransa və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri də qatılmış, Türkiyə, Pakistan, İsrail, Belarus, İran və Rusiya daxil olmaqla 10-dan artıq ölkə isə öz milli stendləri ilə təmsil olunmuşlar.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra ilk dəfə olaraq keçirilmiş və dünyanın 32 ölkəsindən 208-dən çox şirkəti bir araya gətirmiş “ADEX-2022”-də Azərbaycanın möhtəşəm Qələbəsində müstəsna rol oynamış və ölkənin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirən müasir silah və hərbi texnika nümunələri sərgilənmişdir. Azərbaycan Respublikası Prezidentinin dəstəyi və dövlətimizin başçısının müntəzəm olaraq iştirakı ilə artıq dördüncü dəfə təşkil olunmuş “ADEX” sərgisi müxtəlif ölkələrin qlobal miqyasda tanınmış hərbi sənaye təmsilçiləri, nüfuzlu xarici şirkət və təşkilatları üçün işgüzar əlaqələrin qurulmasında və yeni əməkdaşlıq imkanlarının yaradılmasında səmərəli platformalardan birinə çevrilmişdir. Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin aidiyyəti qurumları ilə Türkiyə, Pakistan və digər dost və tərəfdaş ölkələrdən olan təşkilat və şirkətlər arasında hərbi-texniki əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üzrə sənədlər imzalanmış, hazırda onlardan irəli gələn müvafiq tədbirlər yerinə yetirilməkdədir.

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” imzalanmış müqavilə tarixi sənəd olmaqla yanaşı, hər iki dövlətin hərbi-texniki əməkdaşlığının daha da genişləndirilməsinə şərait yaradır və böyük perspektivlər açır. 2022-ci ilin 26-29 may tarixlərində ilk dəfə Türkiyədən kənarda Bakıda keçirilmiş və Müdafiə Sənayesi Nazirliyinin də yaxından iştirak etdiyi “Teknofest Azərbaycan” aviasiya, kosmos və texnologiya festivalı qardaş ölkələr arasında əlaqələrin və tərəfdaşlığın bariz nümunəsi kimi həm də regionda böyük marağa səbəb olmuşdur.

Ümumiyyətlə, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, bu sahədə qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsi və beləliklə yüksək standartlara cavab verən silah və hərbi texnika növlərinin yerli imkanlar hesabına layihələndirilməsi, istehsalı və təkmilləşdirilməsinə nail olunması ölkə rəhbərinin hər zaman Müdafiə Sənayesi Nazirliyinin qarşısında qoyduğu başlıca vəzifələrdəndir.

Bu baxımdan, müdafiə sənayesinin davamlı inkişafı üçün müasir biliklərə və bacarıqlara malik kadr potensialının yaradılması da vacib məsələlərdəndir. Son illər Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsalın inkişafı və kadr hazırlığı tandeminə diqqət daha da artırılmış, dövlətimizin başçısı cənab İlham Əliyevin “Gələcəkdə bilik, savad ölkələrin dünyadakı yerini daha da böyük dərəcədə müəyyən edəcəkdir. Ona görə bu sahəyə xüsusi diqqət göstərilməlidir. Elm və təhsil sahəsinə xüsusi diqqət göstərilməlidir, bu sahə ön plana çıxmalıdır” müdrik tövsiyələri fəaliyyətimizdə daim rəhbər tutulur.

Müdafiə sənayesi sahəsində peşəkar mütəxəssis korpusunun formalaşdırılması, meydana çıxan trendlərə hesablanmış silah növlərinin layihələndirilməsi və yaradılması üzrə elmi-tədqiqat işlərinin təhlili və onların perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təcrübə-texnoloji və layihə-konstruktor işlərinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə 2022-ci ilin mart ayında Azərbaycan Texniki Universitetində “Müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanması: Elmi tədqiqatların inteqrasiyasında və təhsildə innovativ yanaşma” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Müdafiə Sənayesi, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, AzTU-nin və AMEA-nın müxtəlif profilli institutlarının nümayəndələri iştirak etmiş, elm və texnikanın mövcud inkişaf meylləri, robototexnika və süni intellektin, nanotexnologiyaların, yeni fiziki prinsiplərə əsaslanan silahların və kosmik texnologiyaların hərbi sahədə tətbiqi, eləcə də ixtisaslı kadrların hazırlanması, elm, texnologiya və istehsal arasında qarşılıqlı əlaqələrin genişləndirilməsində Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin elmi-istehsalat bazasının rolu və əhəmiyyəti vurğulanmışdır. Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin tabeli birlik və müəssisələrinin mütəxəssislərlə təmin edilməsi və onların peşəkarlığının artırılması üçün AzTU-nin nəzdində yaradılmış “Xüsusi texnika və texnologiya” fakültəsinin strukturu və tədris edilən ixtisaslar müasir texnologiyaların inkişaf prioritetlərinə uyğunlaşdırılmışdır.

Azərbaycan gəncliyinin müstəqil dövlətçiliyimizə töhfə vermək əzminin daha da yüksəldilməsi, onların hərbi vətənpərvərlik tərbiyəsi işinin düzgün qurulması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin mühüm tərkib hissəsi kimi möhtərəm Prezident cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu siyasətə yaxından töhfə vermək məqsədilə Azərbaycan Respublikası Gənclər Fondunun müraciəti əsasında, cari ilin iyul ayında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ərazisində gənclər üçün keçirilən “Yay Fest – Dəmir Yumruq” düşərgəsində Müdafiə Sənayesi Nazirliyinin tabeli birlik və müəssisələrində istehsal olunan müxtəlif növ silahların, sursatların, hərbi texnika və pilotsuz uçuş aparatlarının təlim nümunələrinin ilk dəfə təbii landşaft şəraitində xüsusi sərgisi təşkil edilmişdir.

Qeyd edim ki, son illər Azərbaycanda yeni texnologiyaların və kosmik sənayenin inkişafına daha çox diqqət yetirilir. Bu baxımdan, texnoloji yeniliklərə meyilliyi ilə seçilən, ölkənin intellektual gələcəyinin formalaşdırılmasında özünəməxsus yeri və rolu olan gəncliyin məqsədyönlü elmi və yaradıcı fəaliyyətə istiqamətləndirilməsi vacib əhəmiyyət kəsb edir. Ölkədə insan kapitalının yaradılması işində yaxından iştirak edən Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin iştirakı ilə texniki təmayüllü tam orta təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin MSN-in elmi-istehsalat səhələrinə mütəmadi məlumat turları təşkil edilir. Gənclərin texniki  biliklərə dərindən yiyələnməsi, bu sahədə istedadlarının üzə çıxarılması, onlara müasir kreativ bacarıqların aşılanması məqsədilə müxtəlif layihələr də həyata keçirilir. Belə uğurlu layihələrdən Bakıdakı “Zəkalar” liseyində “Avia və Gəmi Modelizmi” sinfinin yaradılmasını göstərmək olar. Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakıda yerləşən 208 nömrəli tam orta məktəbdə pilot layihə kimi şagirdlər üçün Azərbaycan istehsalı olan təlim silah, sursat, elektron silah trenajoru və digər hərbi tədris ləvazimatları ilə təchiz edilmiş unikal tərtibatlı çağırışaqədər hazırlıq kabineti yaradılmışdır. Həmin kabinetdən digər məktəblərin də şagirdlərinin hərbi hazırlığının yüksək səviyyədə təşkili üçün istifadə olunması nəzərdə tutulur. Müdafiə Sənayesi Nazirliyi gələcəkdə də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, kreativ texnoloji bacarıqlarının artırılması, yüksək innovativ mühəndisliyi mənimsəmələri istiqamətindəki təşəbbülərə dəstək olacaqdır.

Ətrafda baş verən məlum hadisələrdən irəli gələn sosial-siyasi gərginliklər fonunda Azərbaycanda həyata keçirilən davamlı islahatlar ölkə iqtisadiyyatının şaxələnməsinin sürətləndirilməsinə, qeyri-neft sektorunun inkişaf tempinin təmin olunmasına, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsinə və qabaqcıl idarəetmə təcrübələrindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən zavod və müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarı ilə respublikanın iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.

Möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son onilliklərdə əldə edilmiş siyasi, iqtisadi və diplomatik nailiyyətlər, ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl həyata keçirilən məqsədyönlü tədbirlər, ən əsası Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi ilə 30 illik həsrətdən sonra torpaqlarımızın işğalına son qoyulması Azərbaycanın dövlətçilik dayaqlarını sarsılmaz etmiş, milli həmrəyliyi, vətəndaş-dövlət birliyini daha da möhkəmləndirmiş, ölkəyə regionda ən güclü orduya sahib olmaq imkanını qazandırmışdır.

Təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan müdafiə sənayesinin Silahlı Qüvvələrimizin maddi-texniki təminatının daim yüksəldilməsi üzrə fəaliyyət strategiyasını möhtərəm Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Postmüharibə dövründə Qalib Azərbaycan Ordusunun müasir çağırışlara uyğun hərtərəfli inkişaf etdirilməsi və döyüş qabiliyyətinin daha da artırılması üçün dövlət başçımızın son günlərdə verdiyi bir sıra mühüm tapşırıqlar və müvafiq sərəncamlar məhz bu məqsədlərə xidmət edir. Müdafiə sənayesi tərəfindən Silahlı Qüvvələrin ən müasir və innovativ texnologiyalara söykənən silah, sursat, hərbi və xüsusi texnika növləri ilə təchizatının təkmilləşdirilməsi, bu istiqamətdə aidiyyəti orqanların birgə fəaliyyətinin səmərəli uzlaşdırılması üçün hazırda vacib struktur islahatlar aparılmaqdadır.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və biz artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Biz bunu davam etdiririk, çünki qeyd etdiyim kimi, hələ də erməni revanşizmi təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var. Beləliklə, biz hər zaman sərhədlərimizi müdafiə etməyə hazır olmalıyıq…” proqram xarakterli fikri Müdafiə Sənayesi Nazirliyinin müstəqil Azərbaycan Respublikasının müdafiə gücünün durmadan artırılması və Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi üzrə fəaliyyətində bundan sonra da əsas tutulacaqdır.

Qeyd olunmalıdır ki, Müdafiə Sənayesi Nazirliyinin fədakar və zəhmətkeş kollektivi daim dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunur. Ölkənin müdafiə sənayesinin gələcək inkişafına təkan verən layihələrin qəbulu, işçilərin maddi rifahının yaxşılaşdırılması və görülən digər tədbirlər müdafiə sənayesi işçilərində dərin minnətdarlıq və sonsuz ehtiram hissləri doğurmaqla yanaşı, onların üzərinə əlavə məsuliyyət də qoyur.

Bu ali qayğı və diqqətə görə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə Müdafiə Sənayesi Nazirliyinin çoxsaylı kollektivi adından dərin minnətdarlığımı bildirirəm.

Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, müharibə iştirakçılarına möhkəm cansağlığı arzulayıram.

Müdafiə Sənayesi Nazirliyinin tabeli qurum və müəssisələrinin işçilərini və əmək veteranlarımızı peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qüdrətli Azərbaycan naminə şərəfli xidmətlərində yeni-yeni nailiyyətlər diləyirəm”.

Poliqon.az

CATEGORIES