SənayeXəbərlər

Müdafiə sənayesi üzrə kadr hazırlığına dair protokol imzalanıb

Aprelin 15-də Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Gəbzə Texniki Universiteti (GTU) arasında birgə materiallar mühəndisliyi ixtisasının enerji və enerji tutumlu materiallar ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsinə dair protokol imzalanıb.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, AzTU-da təşkil olunmuş tədbirdə müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov, elm və təhsil nazirinin müavini İdris İsayev, AzTU-nun rektoru Vilayət Vəliyev, GTU-nun rektoru Hacı Ali Mantar, professor və müəllim heyəti, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.

Sənəd Elm və Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında mövcud olan müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində imzalanıb.

İkili diplom proqramı haqqında protokolda müdafiə sənayesi üçün mühəndis kadr hazırlığının gücləndirilməsi, universitet-sənaye əlaqələrinin inkişafı, elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətlərinin praktiki icrası nəzərdə tutulub.

V.Vəliyev və H.A.Mantar tərəfindən imzalanan sənəddə qeyd olunan proqram ölkədə yüksək texnologiyalar və müdafiə sənayesi üzrə insan kapitalının inkişafına, ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.

Back to top button