Mühəndis-istehkam bölmələri 13868 hektardan artıq ərazini minalardan təmizləyib

Mühəndis-istehkam bölmələri 13868 hektardan artıq ərazini minalardan təmizləyib

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrin mövqelərinə yeni təminat yolları çəkilir. Eyni zamanda, əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra olunur.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, azad olunmuş ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində fevralın 1-dən 14-dək olan müddət ərzində 374 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 13868 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9012 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilən ərazilərdə mühəndis işləri davam etdirilir.

CATEGORIES
TAGS