Murovdağ, Füzuli və Cəbrayılda döyüş yolu keşmiş şəhid Əsgər Əhmədov
Vətən müharibəsi danılmaz bir həqiqəti göstərdi ki, düşmənlə döyüşmədən, qan tökmədən onun işğalı altındakı torpaqları azad etmək mümkün deyildi. Hər bir qalibiyyət döyüşçülərin canı və qanı bahasına başa gəlir, milyonların yaddaşında hünər tarixinə çevrilir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunları 44 günlük Vətən müharibəsində qələbəmiz naminə böyük fədakarlıq göstərib. Döyüş meydanında sinəsini güllə və mərmilərə sipər edən igid hərbi qulluqçularımızı müharibədən aylar keçdikcə daha çox soydaşımız tanıyır, onlarla qürur duyurlar.
“Poliqon”un məlumatına görə, bu fikirlər DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetində şəhid baş çavuş Əsgər Əhmədovun həyat və keçdiyi şərəfli döyüş yolundan bəhs edən “Vətən torpağında izi qalacaq, elin yaddaşında adı yaşayacaq…” sərlövhəli məqalədə yer alıb. Məqaləni təqdim edirik.
O, 1990-cı il noyabrın 9-da Quba rayonunun Bərqov kəndində anadan olub. Əhmədkişi Əhmədov və Dünə Əhmədovanın qurduğu ailənin sonbeşiyi idi. İki bacısı və bir qardaşı var. Zəhmətkeş ailədə böyüyərək milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyə alıb. Öz ədəb-ərkanı ilə el-oba arasında hörmət qazanıb. 1997-2008-ci illərdə Quba rayonunun Paşaoba kəndindəki şəhid Mehman Zöhrabov adına tam orta məktəbdə oxuyub. Şəhid M.Zöhrabov Əsgərin qohumudur, 1994-cü ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olub. Əhmədovlar ailəsinin daha bir qohumu isə Birinci Qarabağ müharibəsi qazisidir.
2009-cu ilin yanvar ayında Əsgər müddətli həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçib. 2010-cu ilin iyul ayında hərbi xidmətdən tərxis olunub.
2012-ci ilin dekabr ayında Əsgər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Bakının Xətai rayonunda yerləşən N saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi bölməsində manevr qrupunun yarımqrupunda atıcı vəzifəsinə təyin edilib. Sonra xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunda yarımqrup komandiri vəzifəsinə irəli çəkilib. 2015-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayınadək Daxili Qoşunların Sumqayıt şəhərindəki N saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi bölməsində xüsusi vasitələrin tətbiqi qrupunun yarımqrupunda atıcı, eləcə də xüsusi təyinatlı dəstədə xüsusi həmlə qrupunun yarımqrupunda heyət nəfəri vəzifələrində xidmət edib. 2018-ci ilin dekabr ayından Xətai rayonundakı N saylı hərbi hissənin şəxsi heyətinin sıralarına qayıdıb. Hərbi hissənin xüsusi təyinatlı dəstəsində xüsusi həmlə qrupunun yarımqrupunda atıcı-qumbaraatan köməkçisi vəzifəsində idi.
O, təyin edildiyi vəzifələrdə öz məsuliyyəti və əzmkarlığı ilə fərqlənərək komandanlığın etimadını doğruldub. Qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirib. Təlimlərdə və məşğələlərdə öz peşə hazırlığının artırılması üçün daim çalışıb. Xüsusi təyinatlı məsləyinə ehtiramla yanaşan, xidməti fəaliyyətdə qarşıya çıxan çətinliklərin öhdəsindən bacarıqla gələn, ona təhkim olunmuş silah və xüsusi vasitələrin taktiki-texniki xüsusiyyətlərini mükəmməl bilən, atəş və fiziki hazırlığında öz məharəti ilə seçilən, yoldaşlarına hörmət bəsləyən, onlardan köməyini əsirgəməyən hərbi qulluqçu kimi silahdaşlarının yaddaşlarında qalıb. Nümunəvi xidməti nəzərə alınaraq dəfələrlə mükafatlandırılıb.
Hərbi xidməti dövründə çoxnövçülük yarışlarında uğurla iştirak edərək qalib yerlərə yiyələnib, müvafiq medallarla təltif olunub.
44 günlük Vətən müharibəsi ərəfəsində Əsgər ayrı-ayrı qoşun növlərinin tərkibindəki xüsusi təyinatlı bölmələrin təlim toplanışında iştirak edib, burada taktiki hazırlığının təkmilləşdirilməsinə səy göstərib.
2020-ci ilin sentyabr ayının 27-də erməni işğalçılarına qarşı Vətən müharibəsi başladıqda Əsgərin xidmət etdiyi xüsusi təyinatlı dəstə ön cəbhəyə göndərilərək qarşısına döyüş tapşırıqları qoyulub. Müharibənin ilk günlərindən Əsgər qətiyyətlə döyüşlərə atılıb, düşmənə qarşı cəsurluqla vuruşub. Hərbi qulluqçumuzun döyüş yolu Murovdağ silsiləsi, Füzuli və Cəbrayıl rayonlarının ərazilərindən keçib.
N saylı hərbi hissənin “Kobra” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsində snayper yarımqrupunun komandiri, Vətən müharibəsi iştirakçısı baş çavuş Akif Müslümov bildirdi ki, Əsgər vətənpərvər, hərbi anda sadiq, qorxmaz hərbi qulluqçu idi. Xüsusi təyinatlı kimi yüksək döyüş hazırlığına malik olması müharibənin ilk günlərindən özünü büruzə verirdi. Söylədi ki, sentyabrın 27-dən başlayaraq Kəlbəcər rayonu istiqamətində, Murovdağda bir neçə gün ağır döyüşlərdə iştirak ediblər. Həmin vaxt təcavüzkarın ayrı-ayrı postları ələ keçirilib, nəzarətində olan keçidlərə tərəfimizdən tutarlı atəş zərbələri endirilib, o, ciddi itkilərə məruz qalıb.
Xüsusi təyinatlı dedi ki, sonra onları Murovdağ istiqamətindən çıxararaq Füzuli-Cəbrayıl bölgəsinə göndəriblər. Bu istiqamətdə də şiddətli döyüşlər gedib. Düşmənin müdafiə xəttindəki mövqelərini darmadağın etmək, işğaldan azad olunan ərazilərin dərinliyinə doğru irəliləmək və nəzarətə götürülən sahələrdə möhkəmlənərək təcavüzkarın əks-hücumunun, diversiya-kəşfiyyat fəaliyyətinin qarşısını almaq üçün Əsgər və digər xüsusi təyinatlılarımız mətinlik göstəriblər.
“N” saylı hərbi hissədə “Kobra” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda pulemyotçu, Vətən müharibəsi iştirakçısı baş çavuş İxtiyar Hüseynov məlumat verdi ki, Əsgərlə bir qrupda döyüşüb. Onun qeyrətli, iradəli, müharibənin od-alovundan keçərək öz ləyaqətini uca tutan döyüşçü olduğunu vurğuladı. Silahdaşlarının şəhid olması və yaralanmasından Əsgər çox sarsılırdı, bu, qəlbindəki qisas hissini daha da gücləndirirdi. İxtiyar danışdı ki, istər Murovdağ uğrunda, istərsə də Füzuli-Cəbrayıl rayonları istiqamətlərində döyüşlərdə düşmənin artilleriyası və zirehli texnikasının atəşi altında vuruşaraq irəliləyiblər, psixoloji cəhətdən olduqca gərgin anlar yaşayıblar, doğma torpağa sevgi onlara mənəvi güc verib.
Vətən müharibəsi iştirakçısı, qazi, ehtiyatda olan çavuş Fərid Bağırlı qeyd etdi ki, Əsgər kimi hərbi qulluqçunun silahdaşı olmasından qürur duyur. “Biz təkcə silahdaş deyil, qardaş olmuşuq” – dedi. Əsgərin ön cəbhədə həmişə öndə getdiyini, ailəli olduğunu düşünmədən döyüş tapşırığını, nəyin bahasına olursa-olsun, yerinə yetirməyə can atdığını nəzərə çatdırdı. Xatırladı ki, Murovdağ ərazisində olarkən bir qaya yatağında onun və Əsgərin yaxınlığında mərmi partlayışı dalğasının zərbəsindən zədələniblər. Onları həmin təhlükəli yerdən baş leytenant Kamran Kazımov (Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb) çıxarıb. Belə ki, həmin yer yenidən artilleriya atəşinə məruz qalıb.
Fərid bildirdi ki, Əsgərin son döyüşü oktyabrın 5-də Cəbrayıl rayonu ərazisində, dəmir qüllələr yerləşən sahəyə yaxın mövqedə olub. Düşmənin atdığı minaatan mərmisinin qəlpələri onu ağır yaralayaraq həyatına son qoyub. Bu məlumat digər döyüşçü yoldaşları tərəfindən də təsdiqlənir.
Ancaq onu da qeyd edim ki, 7 oktyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə baş çavuş Ə.Əhmədovun 6 oktyabr 2020-ci il tarixində Füzuli rayonu ərazisində hərbi əməliyyat zamanı partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr, baş beynin diffuz travması nəticəsində şəhid olduğu yazılıb.
Şəhid Quba rayonunun Paşaoba kəndinin qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15.12.2020-ci il tarixli, 24.12.2020-ci il tarixli, 24.06.2021-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş Ə.Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər ailə qurmuşdu, Özcan və Ömər adlı övladları onun yadigarlarıdır. Öz ailəsi Sumqayıtda, valideynləri isə Paşaoba kəndində yaşayırlar.
Şəhidin qardaşı Baba Əhmədov söylədi ki, nəinki doğmaları, bütün onu tanıyanlar Əsgərin yoxluğu ilə barışa bilmirlər. Yeganə təsəlli odur ki, Əsgər kimi oğulların fədakarlığı xalqımızı uzun illər həsrətində olduğu torpaqlarına qovuşdurdu.
Allah rəhmət eləsin!
Daxili Qoşunların veteranı,
tədqiqatçı-jurnalist Yalçın Abbasov