Müzəffər Azərbaycan Ordusunu qələbəyə aparan yol Ağdam cəbhəsindən başlayıb

Müzəffər Azərbaycan Ordusunu qələbəyə aparan yol Ağdam cəbhəsindən başlayıb

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatlarının nəticəsində Ermənistan məğlub oldu.

“Poliqon” xatırladır ki, Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.

Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.

DSC 0252

Polkovnik-leytenant Anar Eyvazov

Ağdamın işğaldan azad edilməsinin ikinci ildönümü ərəfəsində Müdafiə Nazirliyinin xətti ilə döyüşlərin getdiyi ərazilərə təşkil edilən media-tur çərçivəsində müharibədə iştirak etmiş, fərqlənmiş hərbi qulluqçularla yerində görüşmək və döyüşlər haqqında birbaşa onlardan eşitmək imkanımız oldu. Həmçinin Azərbaycan Ordusu tərəfindən Ağdam rayonunda təşkil edilən qoşun xidməti, döyüş növbətçiliyi, döyüş hazırlığı, mühəndis istehkam qoşunları tərəfindən aparılan minatəmizləmə fəaliyyətləri ilə tanış olduq.

Təşkil olunan səfər çərçivəsində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov jurnalistlərə açıqlama verdi. Anar Eyvazov bildirdi ki, Ağdam rayonunun Xıdırlı kəndindəki yüksəklikdə Vətən müharibəsinə qədər Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə (HHM) vasitələrinin sistemini ərsəyə gətirən elementlərdən biri yerləşirdi. Vətən müharibəsi dövründə bu sistem Azərbaycan Ordusunun dəqiq atəş zərbələri ilə məhv edildi və yararsız vəziyyətə gətirildi.

44 Günlük Vətən müharibəsində Ağdam cəbhəsi müdafiə döyüşü aparıb

DSC 0268

Baş leytenant Əlisgəndər Qurbanov

Baş leytenant Əlisgəndər Qurbanov POLİQON jurnalına Vətən müharibəsi zamanı Ağdam cəbhəsində icra etdikləri hərbi əməliyyatların təfərrüatlarından danışdı.

Baş leytenant Ə.Qurbanov qeyd etdi ki, sentyabrın 27-dən müzəffər Azərbaycan Ordusunu qələbəyə aparan yol Ağdam cəbhəsindən başladı: “Döyüşün müdafiə və hücum kimi müxtəlif növləri var. Bunların ən ağırı olan müdafiə döyüşündə Ağdam istiqamətində olmuşuq. Ağdam istiqamətində müdafiə döyüşünü icra edərkən artilleriya, piyada, tank, BMP bölmələrimizin bir olmağı nəticəsində buradakı ön xətdə düşmənin qabağında aldadıcı manevrlər edərək onların qüvvələrini bu istiqamətdə cəmləməsinə nail olduq. Düşmənin buradakı qüvvələri artırmasında məqsədimiz o idi ki, onlar qüvvələrini bu istiqamətdə cəmləşdirsin və digər cinahlarda boşluqlar yaransın ki, bizim bölmələrimiz o cinahlardan lazım olan hücumları həyata keçirdərək cəbhə xəttini yarsınlar, dərinlikləri götürsünlər. Biz buna artilleriya atışımızla dəstək olduq”.

Ə.Qurbanov vurğuladı ki, onlar koordinatarı məlum olan planlı düşmən hədəflərinə – ən çox artilleriya bölmələrinə yaylım atışları aparıblar ki, qarşı tərəf bura daha çox artilleriya bölməsi və texnikası yığmağa məcbur olsun: “Biz bunu bacardıq. Onlar bizim, ön xəttin qarşısına lazımi qüvvələri yığdılar. Beləliklə düşmən güman etdi ki, Azərbaycan Ordusunun hücum istiqaməti Ağdam, Ağdərə, Füzuli istiqamətindən olacaq və biz bu məqsədimizə nail olduq”.

“44 Günlük Vətən müharibəsində biz müdafiə döyüşü apardıq. Müdafiə döyüşü digər döyüşlərdən ən çətinidir. Çünki bizim də koordinatlarımız, onların da koordinatları bir-birimizdə planlı hədəflər olur. Çalıştığımız qədər artilleriya hazırlığına onlardan tez başlayırdıq ki, itkilərimiz az olsun. Bu istiqamətdə 44 gündə bizim bir çox şəhidlərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin. Yaralı olan və müalicə alan qazilərimizə Allah can sağlığı versin ki, yaxın zamanda şəfalarına qovuşsunlar.

Bizim Ordumuza zəfər yaraşır, bizim Ordumuz 30 illik həsrətə son qoydu. İnşallah ki, bundan sonrakı zəfərlərimiz də daimi olar. Bizim Ordumuzun fəaliyyəti xarici qüvvələrə də göz dağı və dünya ölkələrində tanınmağımıza səbəb oldu. Əsas məqsəd bizim dünya ölkələrinə tanınmağımız deyil, 30 ildir ki, düşmən tapdağında olan Vətən torpağını işğaldan azad etmək idi. Bu da bizim ordumuz tərəfindən icra olundu”, – deyə Baş leytenant Ə.Qurbanov bildirdi.

Düşmən elə zənn edirdi ki, hücum istiqaməti Ağdam olacaq, ancaq plan tam əksinə idi

DSC 0218

Çavuş İsmayıl Dağbəyzadə

Top komandiri olan çavuş İsmayıl Dağbəyzadə yuxarı komandanlıqdan əks-hücum əməliyyatına başlamalarına dair ilk döyüş əmrini aldıqlarında çox həyəcanlı olduqlarını qeyd etdi.

Çavuş İ.Dağbəyzadə vurğuladı ki, əmri aldıqdan sonra düşmənin əvvəlcədən hazırlanmış planlı hədəflərinə davamlı olaraq atəş açaraq onların xeyli sayda canlı qüvvəsini, D-20 və minaatan batareyasını məhv ediblər: “Düşmən elə zənn edirdi ki, hücum istiqaməti Ağdam olacaq, ancaq plan tam əksinə idi. Onlar Ağdam boyu ön xətdə ağır artilleriyalarını və ən müasir silahlarını cəmləşdirmişdilər. Bizim Ordumuz isə plana uyğun olaraq müxtəlif istiqamətlərdən əks-həmlə edərək düşmənin xeyli sayda canlı qüvvəsini, hədəflərini məhv etdi. Biz günü-gündən gələn qələbə xəbərlərini eşidərək daha çox ruhlanırdıq”.

“44 Günlük Vətən müharibəsində çox şəhidlərimiz oldu. Allah onların hər birinə rəhmət etsin. Bildiyiniz kimi 2020-ci noyabrın 20-də Ağdam düşmən tapdağından azad olundu. Biz bu torpaqlara ilk daxil olarkən çox həyəncanlı idik. Sevinc göz yaşlarını saxlaya bilmirdik.

Ali Baş Komandanımızın rəhbərliyi altında 44 Günlük Vətən müharibəsində şanlı qələbə qazandıq. Qələbəmizin daim və əbədi olması üçün Vətənimizin müdafiəsində ayıq-sayıq və əzmlə dayanmışıq. Mən bir hərbçi kimi fəxr edirəm ki, xalqımızın 30 ildir həsrətində olduğu Ağdam torpağı üçün döyüşmüşəm”, – deyə Çavuş İ.Dağbəyzadə qeyd etdi.

“Dəmir yumruq” hər zaman yerindədir və lazım olarsa öz sözünü deyəcək

DSC 0294

Kapitan Allahşükür Şahbazov

Daha sonra Ağdamda döyüş mövqeyində xidmət aparan Azərbaycan Ordusunun hərbi qulluqçuları və onlar üçün yaradılan şəraitlə tanış olduq.

Ağdam rayonunda xidmət edən kapitan Allahşükür Şahbazov qeyd etdi ki, xidmətin düzgün təşkili üçün gərəkli bütün təminat növləri, silah, gecəgörmə cihazları və kameralar ilə təchiz ediliblər. Bunlar vasitəsiylə onlar qarşı tərəfi daim nəzarətdə saxlayır, onların hər bir hərəkətini izləyirlər.

Kapitan A.Şahbazov bildirdi ki, hər bir halda qarşı tərəfə layiqli cavab verməyə hazırdırlar: “Azərbaycan xalqına onu demək istəyirəm ki, heç kim narahat olmasın. Vətən torpağı etbarları əllərdədir. Bugünkü gündə biz fəxr edirik ki, qalib Azərbaycan Ordusunda xidmət göstəririk. “Dəmir yumruq” hər zaman yerindədir və lazım olarsa öz sözünü deyəcək”.

Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahim Rzayev vurğuladı ki, hər zaman Vətənin, xalqın keşiyində ayıq-sayıq dayanıblar. Daim müşahidə aparırlar, qarşı tərəfin bütün fəaliyyətini izləyirlər və nəzarət altında saxlayırlar.

Əsgər İ.Rzayev qeyd etdi ki, həm fiziki,həm də döyüş hazırlığına böyük əhəmiyyət verir və gün ərzində müxtəlif normativləri yerinə yetirirlər. Asudə vaxtlarını səmərəli keçirmək üçün isə dama, şahmat kimi oyunlar oynayır, radioya qulaq asırlar.

“Biz istənilən zaman, istənilən hava şəraitində Vətənin keşiyində dayanırıq, onu müdafiə edirik. Qürur duyuruq ki, Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində zəfər qazanan qalib Azərbaycan Ordusunda xidmət edirik”, – deyə əsgər İ.Rzayev bildirdi.

Poliqon.az

CATEGORIES
TAGS