“Nammo” şirkəti K2 tankları üçün 120 mm-lik yeni sursat hazırlayacaq

“Nammo” şirkəti K2 tankları üçün 120 mm-lik yeni sursat hazırlayacaq

Norveç ilə Finlandiyanın birgə konsorsiumu olan “Nammo” şirkəti Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti tərəfindən istehsal edilən K2 əsas döyüş tankları üçün yeni 120 mm-lik sursat hazırlayacaq.

“Poliqon” “Nammo”ya istinadən xəbər verir ki, bununla əlaqədar hər iki şirkət arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən “Hyundai Rotem” sursatla bağlı araşdırma-inkişaf fəaliyyətinə başlaması üçün “Nammo”ya ilkin olaraq 5 milyon ABŞ dolları maliyyə ayırıb.

Qeyd edək ki, cari ilin avqustunda Polşanın Müdafiə Nazirliyi ilə “Hyundai Rotem” şirkəti arasında 180 ədəd K2 tankının alınması ilə bağlı müqavilə imzalanıb. Həmçinin K2 tankı Norveç Ordusunun ehtiyaclarının qarşılanması üçün başladılan tenderin son mərhələsində də iştirak edir.

2020-ci ildə “Hyundai Rotem” şirkəti tərəfindən tankın K2PL ixrac versiyası nümayiş olunub. 120 mm-lik topla silahlandırlan tank 40 ədəd sursat daşıyır. Əlavə olaraq həm 7.62 mm-lik yüngül pulemyot, həm də 12.7 mm-lik ağır pulemyotla silahlandırılıb. Kütləsi 55 ton olan tank düz yolda maksimum 70 km/saat, yolsuzluq ərazidə isə 50 km/saat sürətlə hərəkət edə bilir.

Poliqon.az

CATEGORIES
TAGS