NATO ekspertləri Azərbaycan FHN-ə yüksək qiymət verib
Sentyabrın 22-dən 28-dək Gürcüstanda, bu ölkənin Fövqəladə Hallar Departamenti və NATO-nun Avro Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzinin (EADRCC) birgə təşkilatçılığı ilə “Georgia – 2012” səhra təlimləri keçirilib. Bu barədə AzeriDefence Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat yayıb.
Tiflis şəhəri yaxınlığında reallaşdırılan Gürcüstandan, NATO-ya üzv və tərəfdaş ölkələrdən 1000 nəfərin iştirak ediyi təlimdə fövqəladə halların müxtəlif aspektləri ilə mübarizə imkanları nəzərdən keçirilib. Təlimdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təlimdə axtarış-xilasetmə, kimyəvi, bioloji, radioloji və nüvə komandalarından ibarət 53 nəfərlik heyətlə və müasir xilasetmə avadanlıqları ilə təmsil olunub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Təlimdə iştirak edən xilasediciləri EADRCC -in və təlimdə iştirak edən digər dövlətlərin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. Dəmiryolu qəzası zamanı vaqonlarda qalmış insanların təxliyəsi, uçqunlar altında qalmış zərərçəkmişlərin xilas edilməsi, yol-nəqliyyat hadisələri zamanı deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi, ilk və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, bu barədə məlumatın mərkəzi qərargaha ötürülməsi, kimyəvi maddələrin ətrafa dağılması nəticəsində zərər görmüş insanların kimyəvi maddələrdən təmizlənməsi, ilk və təxirəsalınmaz tibbi yardımın göstərilməsi və təxliyə edilməsi kimi xilasetmə tədbirlərini həyata keçirən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təlim rəhbərliyinin böyük marağına səbəb olub.
Fəlakət baş vermiş ərazilərin xüsusi işarələrlə işarələnməsi NATO-nun mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və bu məqsədlə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinə təşəkkür elan olunub. Bildirilib ki, baş vermiş təbii və texnogen mənşəli fövqəladə hallar (hadisələr) zamanı Azərbaycan FHN nəticələrin aradan qaldırılmasını öz daxili gücü hesabına müstəqil şəkildə həyata keçirməyə qadirdir və istənilən ölkənin ərazisində baş verə biləcək təbii və texnogen qəzalar zamanı Azərbaycan xilasedicilərinin təcrübəsindən istifadə etmək məqsədə uyğundur. Təlimin yekununda Azərbaycan Respublikasının nümayəndə heyəti NATO-nun beynəlxalq sertifikatı ilə təltif edilib.