NATO silahlanmasına keçid: çağırışlar və imkanlar – ANALİZ

NATO silahlanmasına keçid: çağırışlar və imkanlar – ANALİZ

Hərbi təşkilat kimi NATO-nun (North Atlantic Treaty Organization – Şimali Atlantika Müqaviləsi Təşkilatı) yüksək döyüş qabiliyyətini təmin edən əsas amillərdən biri silah, texnika, rabitə və idarəetmə sistemlərinin vahid standartlara uyğunlaşdırılmasıdır. Hər bir ölkə Alyansa daxil olarkən öz ordusunda islahatlar aparmalı və silahlanmanı yeniləməlidir ki, müttəfiqləri ilə səmərəli qarşılıqlı fəaliyyət göstərə bilsin. Bununla belə, bu proses bir sıra çətinliklərlə müşayiət olunur və bir çox NATO üzvü dövlətlər fərqli standartlara əsaslı material hissəsindən istifadə etməyə məcbur qalırlar.

“NATO silahlanmasına keçid” anlayışı NATO-ya üzv olmayan ölkənin sovet və ya digər mənşəli silahlardan Şimali Atlantika Alyansının standartlarına cavab verən silah sistemlərinə keçid prosesini ifadə edir. Bu keçid NATO standartlarına uyğun silah, döyüş sursatı və texnikanın alınmasını və ya hərbi yardım yolu ilə əldə edilməsini, habelə silahlı qüvvələrin bu sistemlərdən səmərəli istifadə etməsini və müttəfiqlərlə qarşılıqlı fəaliyyət üçün uyğunlaşdırılmasını əhatə edir.

NATO silah standartlarına keçid Alyans üzvləri arasında qarşılıqlı fəaliyyətin, standartlaşdırmanın və kollektiv təhlükəsizliyin gücləndirilməsi üçün imkanlar yaradır. Bununla yanaşı, yüksək satınalma xərcləri, silah sistemlərinin inteqrasiyası, şəxsi heyətin təlimi və müxtəlif milli silah sistemləri üzrə vahid standartların işlənib hazırlanması ehtiyacı kimi problemlər də meydana çıxır.

Niyə ölkələr NATO silahlanmasına keçirlər?

9047a5a9 22ea 43f5 820e fde03007fd94NATO standartları birgə əməliyyatlar və təlimlər zamanı silah və sistemlərin qarşılıqlı uyğunluğunu təmin edir. Ölkələr NATO-ya ilk növbədə kollektiv təhlükəsizliyi təmin etmək məqsədilə qoşulurlar ki, bu da Alyansın bütün üzvlərinin qarşılıqlı müdafiəsini və mümkün aqressor dövlətlərin təcavüzündən qorunmanı nəzərdə tutur. NATO-ya üzvlük, həmçinin demokratik dəyərlərin gücləndirilməsinə, müdafiə sahəsində əməkdaşlığın genişlənməsinə və vahid hərbi standartlardan, müasir texnologiyalardan istifadəyə şərait yaradır.

NATO-nun əsas prinsipi – Kollektiv Müdafiə Prinsipi – Nizamnamənin 5-ci maddəsində təsbit olunub. Bu prinsipə əsasən, Alyansın bir üzvünə qarşı edilən hücum bütün üzvlərə qarşı hücum hesab edilir və digər üzvlər onun müdafiəsini öz üzərinə götürür.

Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi müdaxiləsi kimi hadisələr Finlandiya və İsveç də daxil olmaqla bir çox ölkəni neytrallıq siyasətinə yenidən baxmağa və NATO daxilində təhlükəsizlik zəmanəti axtarmağa vadar edib. Alyansa üzvlük, xüsusilə tarixən təcavüz təhlükəsi ilə üzləşmiş regionlar üçün, xarici təhlükələrdən qorunma və müdafiə sabitliyinin təmin edilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

NATO silahlanmasına keçid özündə nələri ehtiva edir?

2044d537 d604 45c8 a3f1 b91fd7ed1583Yuxarıda qeyd edildiyi kimi, NATO silahlanmasına keçid namizəd ölkənin silahlı qüvvələrinin Alyans strukturuna inteqrasiyasını, silah və hərbi texnikanın standartlaşdırılmasını və NATO-nun hərbi doktrinalarına uyğunlaşdırılmasını nəzərdə tutur. Bu prosesə təlimlərdə iştirak, böhranın idarə edilməsi üzrə birgə əməliyyatlar və qoşunlar arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi daxildir.

Bununla yanaşı, aşağıdakı əsas bəndlər NATO silahlanmasına keçidi əhatə edir:

– Silahların alınması və tədarükü – NATO standartlarına cavab verən yeni silah, texnika, avadanlıq və döyüş sursatlarının əldə edilməsi prioritet vəzifədir. Ümumi silah sistemlərinə keçid logistika, texniki xidmət və təlimi sadələşdirir, bu da xərcləri azaldır və səmərəliliyi artırır.

– Şəxsi heyətin yenidən hazırlanması – NATO-nun qəbul etdiyi yeni silah və taktikaları tətbiq etmək üçün hərbi personalın təlimi və yenidən hazırlığı zəruridir.

– İnfrastrukturun modernləşdirilməsi – NATO standartlarını dəstəkləmək üçün aerodromlar, limanlar, arsenallar və digər infrastruktur obyektləri uyğunlaşdırılmalıdır.

– Yeni silah sistemlərinin inkişafı – Namizəd ölkə Alyans standartlarına cavab verən öz silah sistemlərini yaratmalı və ya mövcud sistemləri modernləşdirməlidir.

Silah və texnikalarda vahidliyin olmaması

d0c74800 2487 426d a927 b006f470cee4Material hissələrinin uyğunsuzluğu problemi xüsusilə XX əsrin sonları və XXI əsrin ilk onilliyində aktual olub. NATO-nun ilk genişlənmələri zamanı keçmiş sosialist bloku və Varşava Paktı ölkələri Alyansa qəbul edildi. Sonrakı genişlənmələr nəticəsində bir sıra Şərqi Avropa və Balkan ölkələri də Alyansa daxil oldular.

Bu dövlətlər NATO-ya qoşularkən əsasən sovet standartlarına görə formalaşmış və müvafiq texnika ilə təchiz olunmuş ordular saxlamışdılar. Alyansa inteqrasiya prosesində ordular qismən modernləşdirilmiş, lakin material hissələrinin yenilənməsi uzunmüddətli və məhdud resurslu proses olaraq qalmışdır. Nəticədə bəzi ölkələr piyada qoşunlarını NATO standartlarına uyğun təchiz edə bilsələr də, zirehli texnika və digər sahələrdə köhnə sovet modelli avadanlıqları istifadə etməkdə davam edirlər. Bu hal təşkilati, istismar və logistika problemlərinə səbəb olur və ordunun döyüş qabiliyyətinə müəyyən məhdudiyyətlər gətirir.

Standartlaşdırma və qarşılıqlı fəaliyyətin təmin olunması

NATO hərbi standartları silah və taktikadan tutmuş prosedur və komandanlığa qədər bütün hərbi fəaliyyət aspektlərini əhatə edir. NATO sistemlərinə keçid milli silahlı qüvvələrin digər Alyans ölkələrinin qüvvələri ilə inteqrasiyasını asanlaşdırır.

NATO-ya üzvlük ölkələrə müasir hərbi standartlara çıxış, birgə hərbi təlimlərdə iştirak, silahlı qüvvələrin qarşılıqlı fəaliyyətinin yaxşılaşdırılması və müasir silahlara çıxış imkanı verir. NATO silah təchizatçıları tez-tez ən son texnologiya və hərbi məhsullar təklif edir; tərəfdaş ölkələr isə NATO üzv dövlətlərindən hərbi yardım, o cümlədən silah da ala bilərlər. NATO-ya üzvlük həmçinin ölkənin beynəlxalq mövqeyini gücləndirir və digər Qərb dövlətləri ilə daha sıx əməkdaşlıq imkanları yaradır.

Eyni silahlardan, standartlardan və prosedurlardan istifadə Alyans üzvlərinin qüvvələrinə birgə əməliyyatlar apararkən daha effektiv və ardıcıl fəaliyyət göstərməyə imkan verir. Silahların vahid standartlarının təmin olunması ümumi müdafiə qabiliyyətini gücləndirir və potensial düşmənlərə qarşı çəkindirmə elementinin formalaşmasına xidmət edir.

Silahların birgə alınması və ortaq elmi-tədqiqat işlərinin aparılması maliyyə vəsaitlərinə qənaət edir və qabaqcıl silahların hazırlanmasını sürətləndirir.

Çağırışlar və imkanlar

6753c1d3 dc75 4be9 b8fe 93d31844e9bdÜmumiləşdirərək demək olar ki, NATO silahlanmasına keçid eyni anda ölkə üçün təkcə hərbi deyil, həm də iqtisadi və texnoloji çağırışlar yaradır, lakin bu proses yeni imkanlar da açır.

NATO silahlanmasına keçidin əsas çağırışları ittifaqa üzv ölkələrin silah və texnika standartlarının unifikasiyası zərurəti ilə bağlıdır. Bu, əhəmiyyətli maliyyə sərmayələri, uyğunlaşma və yeni texnikanın hazırlanması üçün vaxt, həmçinin geosiyasi amillərin və müxtəlif dövlət maraqlarının nəzərə alınmasını tələb edir. Proses NATO üzvləri arasında mövcud olan silah və texnika növlərinin müxtəlifliyi, texnoloji inkişaf səviyyələrinin fərqliliyi, şəxsi heyətin hazırlığı və uyğun infrastrukturun yaradılması kimi amillərlə çətinləşir. Konkret silah sistemlərinə keçid milli təhlükəsizlik məsələlərini gündəmə gətirərək təchizatçı ölkələrdən asılılıq riski də yarada bilər.

Əsas çətinliklərdən biri NATO silahlanmasına keçidin yüksək maliyyətidir. Yeni silah sistemlərinin alınması və onların milli silahlı qüvvələrə inteqrasiyası böyük maliyyə resursları tələb edir. Bundan əlavə, sistemlərin inteqrasiyası, mövcud texniki fərqlərin aradan qaldırılması və uyğunluğun təmin edilməsi əhəmiyyətli səylər tələb edir.

Bu çətinliklər şəxsi heyətin yenidən hazırlanmasını da zəruri edir. Hərbi qulluqçuların təlimi həm vaxt, həm də külli miqdarda maliyyə vəsaiti tələb edir. Bundan başqa, şəxsi heyətin ən azı ingilis dilini kifayət qədər bilməsi vacibdir. Yeni standartlara keçən ordu NATO-nun texniki standartları ilə yanaşı, onun taktiki prinsiplərini də mənimsəməlidir. Hərbi qulluqçular yeni silah və texnika növlərini öyrənməli, bu isə genişmiqyaslı təlim və tədris proqramlarının həyata keçirilməsini tələb edir.

6dfa6135 814c 4fbc 91f0 e16f7a06b1b8Eyni zamanda, proses yalnız silah və döyüş texnikasının istifadəsini deyil, əməliyyatların NATO standartlarına uyğun planlaşdırılmasını, eləcə də hərbi rəhbər heyətin – briqada komandiri və daha yüksək səviyyəli zabitlərin hazırlanmasını əhatə edir.

NATO standartlı silah və texnikaya xidmət göstərmək də ayrıca çağırışdır. Lakin ölkə bu texnikanın təmirini təşkil edə və gələcəkdə istehsal proseslərinə qoşula bilsə, bu, strateji fürsətə çevrilə bilər. Məsələn, bəzi Şərqi Avropa ölkələri NATO silahlarını istehsal edən Qərb konsorsiumlarında və korporasiyalarında iştirak etməklə bu imkanlardan yararlanıblar.

Texnologiyaların daimi inkişafı ümumi NATO standartlarının yaradılmasını və yenilənməsini tələb edir ki, bu da vahid silahlara keçid prosesini müəyyən qədər ləngidir. Alyans ümumi standartlara can atsa da, hər bir ölkənin öz milli xüsusiyyətləri və ehtiyacları bu prosesi çətinləşdirir.

NATO-ya üzv olan hər bir dövlətin öz prioritetləri və Alyans standartlarına keçidin sürətinə və istiqamətinə təsir edən strateji maraqları var. Bu amillər bəzən NATO silahlanmasına keçid prosesini ləngidir.

Bununla belə, NATO silahlanmasına keçid bir çox üstünlüklər yaradır. Vahid standartlar Alyans qüvvələrinin birgə əməliyyatlarda səmərəliliyini artırır, silahların unifikasiyası müdafiə potensialını gücləndirir, münaqişə vəziyyətlərində qoşunların təchizatını və texnikaların təmirini asanlaşdırır. Ümumi texniki xidmət və silah sistemləri isə potensial düşmənlərə qarşı çəkindirici amil kimi çıxış edir.

Azərbaycan və NATO standartlarına keçid prosesi

32a2f67f 0809 4f11 8b9b d822bd2fe0e1Azərbaycan Respublikasında NATO ilə əməkdaşlıq istiqamətində son illərdə mühüm addımlar atılıb. Döyüş hazırlığı, kadr siyasəti və struktur islahatları nəticəsində Ordunun təşkilati-ştat quruluşu, idarəetmə sistemi və tədris prosesi tədricən NATO standartlarına uyğunlaşdırılıb.

Hazırda Azərbaycanın hərbi quruculuq strategiyasında NATO standartlarının tətbiqi əsas istiqamətlərdən biridir. Milli Ordunun birləşmələrinin struktur və silahlanma sistemləri beynəlxalq tələblərə uyğunlaşdırılıb, tədris və maddi-texniki təminat sahələrində bu proses davam edir.

Azərbaycan uzun illərdir ki, qardaş Türkiyə Respublikasının təcrübəsindən yararlanır. Türkiyəli hərbi təlimatçıların iştirakı ilə keçirilən təlimlər nəticəsində Ordunun döyüş hazırlığı və idarəetmə səviyyəsi NATO prinsiplərinə yaxınlaşdırılıb. Azərbaycan zabitləri NATO qərargahlarında xidmət edir, sülhməramlılarımız beynəlxalq əməliyyatlarda uğurla iştirak edirlər.

Bununla belə, NATO silahlanmasına tam keçid mürəkkəb və uzunmüddətli prosesdir. Bu, Azərbaycanın, NATO-nun və digər tərəflərin maraqlarını nəzərə alan çoxtərəfli siyasi qərardır. Hazırda Azərbaycan NATO ilə sıx əməkdaşlıq edir, lakin Alyansa üzvlük məsələsi gündəmdə deyil. Ölkəmiz NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (Individual Partnership Action Plan – IPAP) çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ardıcıl və uğurla yerinə yetirir.

d9c6c600 2358 4b49 892d c3c3ea0cf0a2Son dövrlərdə mediada Azərbaycanın Çexiyanın “Excalibur Army” şirkətindən 155 mm çaplı DITA, Serbiyanın “Yugoimport SDPR” şirkətindən isə 155 mm çaplı Nora B52 özüyeriyən haubitsalar aldığı barədə məlumatlar yayılıb. Bu fakt Azərbaycan Ordusunun NATO standartlı kiçik çaplı silahlardan daha iri kalibrli artilleriya sistemlərinə keçid etdiyini göstərir. Yeni silahlarla yanaşı, onların texniki xidməti, şəxsi heyətin hazırlanması və infrastrukturun qurulması istiqamətində də kompleks tədbirlər görülür.

Bu, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşma prosesində növbəti mərhələnin başlandığını təsdiqləyir.

Hazırda Azərbaycan MDB məkanında NATO standartlarına ən çox uyğun gələn ölkələrdən biridir və gələcəkdə Alyansın tamhüquqlu üzvü olmağa hazır olduğunu göstərir. Respublikamızın müdafiə sənayesi isə mövcud potensialı ilə gələcəkdə NATO üçün silah və döyüş texnikası istehsal edən beynəlxalq konsorsiumların bir hissəsinə çevrilə bilər.

Ümumilikdə, NATO-ya yeni üzv olan dövlətlər silahlı qüvvələrini modernləşdirməyə çalışsalar da, bu proses maliyyə və resurs məhdudiyyətləri səbəbindən ləng gedir. Alyansın daha inkişaf etmiş üzvlərinin texnoloji və maliyyə dəstəyi bu istiqamətdə müəyyən irəliləyişlər təmin etsə də, yaxın perspektivdə köklü dəyişikliklər gözlənilmir.

Göründüyü kimi, NATO məkanında müşahidə olunan tendensiyalar hələ uzun müddət qalacaq. Alyans ölkələrinin bir qismi Sovet istehsalı silah modellərindən istifadə etməyə davam edir ki, bu da həm ayrı-ayrı dövlətlərin, həm də NATO-nun ümumi döyüş qabiliyyətinə mənfi təsir edən əsas problemlərdən biri olaraq qalır.

Əhəd Vahidoğlu, müdafiə texnologiyaları mütəxəssisi

Məqalə “Poliqon” jurnalının son buraxılışında yayımlanıb

CATEGORIES
TAGS