Nazir müşaviri: “TEKNOFEST” Azərbaycanın innovasiya ekosisteminin hərtərəfli inkişafına böyük təkan verəcək

Nazir müşaviri: “TEKNOFEST” Azərbaycanın innovasiya ekosisteminin hərtərəfli inkişafına böyük təkan verəcək

2022-ci ilin 26-29 may tarixlərində Azərbaycanda “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı “POLİQON” jurnalının suallarını cavablandırıb.

Poliqon: Rəşad müəllim, əvvəlcə “TEKNOFEST Azərbaycan” festivalı haqqında oxucularımıza məlumat verməyinizi istərdik. “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının Azərbaycanda keçirilməsi ideyası necə yarandı?

Rəşad Bayramov: Bildiyiniz kimi, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı) ilə Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil olunan “TEKNOFEST” festivalı texnologiyaların təbliği və inkişaf etdirilməsi, insanların bu sahədə məlumatlılığı və marağının artırılması məqsədini daşıyır. Son 4 ildə davamlı olaraq keçirilən bu festival gənc istedadların aşkar edilməsində mühüm əhəmiyyətə malikdir. Festivalda ənənəvi olaraq müxtəlif texnoloji müsabiqələr, sərgilər və beynəlxalq tədbirlər keçirilir. Bu festivalın keçirilməsi vacib bir məqsədə xidmət edir – yerli innovativ texnologiyaların inkişaf etdirilməsi sayəsində ölkənin xarici texnologiyalardan asılılığının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq.

Bu il “TEKNOFEST” festivalının keçirilməsinin 5-ci ili tamam olur. Belə bir əhəmiyyətli yubiley tədbirinin ölkə hüdudlarından kənarda – Azərbaycan Respublikasında keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Belə ki, festivalın beynəlxalq brendə çevrilməsi məhz Azərbaycandan start götürür.

Festivalın əsas təşkilatçılarından biri olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “TEKNOFEST Azərbaycan” layihəsi çərçivəsində sabahın ixtiraçılarının kəşf edilməsi, inkişaf etdirilməsi və onlara davamlı dəstək göstərilməsi üçün ciddi səylə çalışır.

İnanıram ki, “TEKNOFEST Azərbaycan” bu istiqamətdə qarşıya qoyulan əsas hədəflərə çatmış olacaq.

Poliqon: “TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək texnologiya müsabiqələri haqqında nələri deyə bilərsiniz? Bu müsabiqələr hansı mövzuları əhatə edəcək?

Rəşad Bayramov: “TEKNOFEST Azərbaycan” festivalının proqramı olduqca zəngindir. Belə ki, 26 – 29 may tarixlərində ziyarətçilər 8 texnoloji müsabiqə və 3 beynəlxalq tədbiri izləyə biləcəklər.

Ən əhəmiyyətli məqam isə ondan ibarətdir ki, festival iştirakçıları arasında orta məktəb şagirdləri, tələbələr, məzunlar və startaplar yer alır. Maraqlı bir statistikanı sizinlə bölüşmək istəyirəm: bütün müsabiqələr üzrə ümumilikdə 1000 komanda və 5000 nəfər festivalda iştirak üçün müraciət edib. Festivala olan böyük marağı və çoxsaylı müraciətləri nəzərə alaraq Təşkilat Komitəsi müəyyən müsabiqələrin son müraciət tarixini martın 31-nə kimi uzatmışdı. Texnoloji müsabiqələrə “Robotexnika”, “Model Peyk Cansat”, “Planer”, “PUA”, “Sosial yönümlü texnologiyalar”, “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar” və “Baku Skills” aiddir. Müsabiqələrdə A, B və C kateqoriyaları üzrə iştirak edən yüzlərlə məktəbli, tələbə və startaplar müvafiq sahələr üzrə öz yeni innovativ həllərini münsiflər heyətinə təqdim ediblər.

Bu festival Azərbaycanda gənc smart nəslin formalaşmasında xüsusi əhəmiyyətə malikdir. Məktəbli olaraq “TEKNOFEST” kimi mötəbər texnoloji festivalda iştirak etmək, üstəlik yeni ideya və həllərlə mübarizəyə qoşulmaq olduqca təqdirəlayiq haldır. Rəqəmsallaşan dünyada Azərbaycanın innovativ inkişaf indeksinin davamlı olaraq yaxşılaşdırılması həmin bu istedadlı yeniyetmə və gənclərin gələcək fəaliyyətindən xeyli asılı olacaq. Bu festival ümumilikdə Azərbaycanın innovasiya ekosisteminin hərtərəfli inkişafına da böyük təkan verəcək.

İnnovativ həllərlə çıxış edən gənclərin yerli və xarici investorlara yol tapması, kommersiyalaşdırıla bilən layihələrlə tanınmış startaplara, hətta “unicorn” (bazar dəyəri 1 milyard ABŞ dolları və ondan artıq olan startaplar) startaplara çevrilməsi artıq xəyal deyil, əksinə gerçəklikdir.

“TEKNOFEST Azərbaycan” festivalı ucqarlardan tutmuş, paytaxt Bakıya kimi istedadların aşkar edilməsi, tanıtdırılması və dəstəklənməsi istiqamətində unikal əməkdaşlıq müstəvisi təklif edir.

Festivalın beynəlxalq tədbirlərinə gəlincə isə burada 3 mühüm yarışma keçiriləcək.

“Smart Qarabağ” Hakatonu çərçivəsində Azərbaycan və türkiyəli proqramçı və texnologiya həvəskarlarından ibarət 34 komanda “Ağıllı şəhər” konsepsiyası üzrə öz yenilikçi həllərini münsiflər heyəti qarşısında nümayiş etdirəcək.

“Smart Qarabağ” Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir. Qarabağımızın dirçəldilməsi işinə töhfə vermək üçün hakaton iştirakçıları 50 saat ərzində ən yaxşı həll variantı və ya prototiplər hazırlayaraq münsiflər heyətinə təqdim edəcəklər. İnanırıq ki, təklif olunacaq yeni həllər işğaldan azad olunmuş ərazilərimizdə tətbiq oluna biləcək.

İkinci beynəlxalq tədbirə gəlincə isə “Take Off Baku” Startap Sammiti çərçivəsində 35-i Azərbaycan təmsilçisi olmaqla ümumilikdə 50 komanda müsabiqənin final mərhələsində təhsil, səhiyyə, nəqliyyat və logistika, infrastruktur və təhlükəsizlik, “Fintech” və digər sahələrdə müxtəlif layihələrlə çıxış edəcəklər.

Qeyd edim ki, “Take Off Baku” Startap Sammiti çərçivəsində ümumilikdə 32 ölkədən 287 startap beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib. Hazırda final mərhələsinə keçid almış 50 komandaya 1 aylıq peşəkar mentorluq dəstəyi göstərilir.

“TEKNOFEST” çərçivəsində “Tekken 7” yarışması və “Rocket League” üzrə Avropa çempionatının keçirilməsi də nəzərdə tutulur. “Tekken 7” yarışması üzrə ümumilikdə 25 kiber atlet qeydiyyatdan keçib. “Rocket League” üzrə isə ümumilikdə 48 iştirakçı 16 komandada təmsil olunmaqla mübarizəni davam etdirəcək.

Poliqon: “TEKNOFEST Azərbaycan” festivalının başlanmasına az vaxt qalıb. Festivala hazırlıq və ziyarətçilərin sərgiyə qeydiyyatı prosesi necə gedir?

Rəşad Bayramov: Qeyd edim ki, festivala hazırlıq yüksək səviyyədə həyata keçirilməkdədir. “Bakı Kristal Zalı” daxilində 8 texnoloji müsabiqənin, o cümlədən 3 beynəlxalq tədbirin keçirilməsi üçün son quraşdırma işləri icra edilir. Həmçinin “Bakı Kristal Zalı” ərazisində Türkiyə və Azərbaycan şirkətlərinin sərgi pavilyonları, müxtəlif dövlət və özəl qurumların texnoloji yenilikləri, o cümlədən son nəsil aviatexnikalar nümayiş etdiriləcək.

Qeydiyyat məsələsinə gəlincə isə mayın 1-dən etibarən ölkə vətəndaşları və şəhərimizin qonaqları “iticket.az” portalı üzərindən ziyarətçi qismində qeydiyyatdan keçərək ödənişsiz bilet əldə edirlər. Qeydiyyat prosesi festival günlərində də davam edəcək və beləliklə, istənilən bir şəxs istər həftəiçi, istərsə də həftəsonu festivalda rahat iştirak edə biləcək.

O cümlədən, ziyarətçilərin “Bakı Kristal Zalı” ərazisinə rahat şəkildə çatdırılması üçün ödənişsiz marşrut xətləri istifadəyə veriləcək. Əsasən “28 May”, “Sahil”, “İçərişəhər”, “Azadlıq prospekti”, “20 Yanvar” metro stansiyalarının qarşısında “TEKNOFEST Azərbaycan” banneri ilə dekor edilmiş avtobuslar xidmət göstərəcək. Tövsiyə edirəm ki, festivalda iştirak etmək istəyən hər bir kəs “TEKNOFEST Azərbaycan” festivalının veb (www.teknofest.az) və sosial media səhifələrini izləyərək son məlumatlar və video təlimatla daha ətraflı tanış olsunlar.

Ümumilikdə isə gündəlik 50 min ziyarətçinin festivalda iştirakı gözlənilir.

Poliqon: Tədbirin sərgi hissəsində hansı texnikaların nümayişi nəzərdə tutulur?

Rəşad Bayramov: Festival çərçivəsində Azərbaycan və Türkiyə respublikalarının istər dövlət, istərsə də özəl qurumlarının innovativ məhsulları və texnikaları nümayiş olunacaq. Artıq onlarla şirkət qeydiyyatdan keçərək festival ərazisində pavilyonlarının quraşdırılmasına start veriblər.

Bununla yanaşı, hər gün Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotlarının Bakı səmasında yüksək pilotajlı aviaşouları göstəriləcək. Məşhur “Türk Yıldızları”, “Solo Türk” və “Hürkuş” pilotları sadalanan təqdimatlar sırasındadır.

Poliqon: “TEKNOFEST Azərbaycan” festivalından gözləntiləriniz nələrdir? Bu festival Azərbaycanda texnologiyanın inkişafına hansı imkanlar yaradacaq?

Rəşad Bayramov: İlk öncə “TEKNOFEST Azərbaycan” çərçivəsində gənc ixtiraçılar aviasiya, kosmik və texnoloji sahədə zəngin təcrübə mübadiləsi əldə edəcəklər. İnvestorlar və “Vençur fond”lar isə birbaşa həmin bu gənc istedadlarla yerində tanış olub əməkdaşlığa dair müzakirə apara biləcəklər.

“TEKNOFEST Azərbaycan” hər bir yeniyetmə və valideyn üçün bir çağırışdır. Belə ki, bu günün və gələcəyin peşələrinə, əmək bazarına olan tələbatı bu festivalda aydın sezmək olacaq. Valideynlər uşaqlarını müasir çağırışlara yönəltməklə rəqəmsal peşə seçimlərinə də dəstək göstərmiş olacaqlar. Əslində bu festival “Gör götür” mesajını verir. Biz çalışmalıyıq ki, gənc və smart nəslin yetişməsində yeniyetmələrə dəstək olaraq onların informasiya çıxışına da imkan yaradaq.

Bu isə gələcəyə birbaşa yatırım deməkdir. “TEKNOFEST Azərbaycan” festivalına maraq göstərir ki, bugünkü azərbaycanlı şagirdlər, tələbə və startaplar “Made in Azerbaijan” markası adı altında yeni innovativ məhsullar yaratmaqda iddialıdırlar.

Əgər gənclər gələcəyimizdirsə, bu məhz smart gənclik olmalıdır. “TEKNOFEST Azərbaycan” bu istiqamətdə bütün tərəfdaşları bir araya gətirən unikal əməkdaşlıq platformasıdır.

Rəşad müəllim, müsahibəyə görə sizə təşəkkürümüzü bildirir və “TEKNOFEST Azərbaycan” festivalına böyük uğurlar arzulayırıq!

Zaur Babaşov

Poliqon Jurnalı

CATEGORIES
TAGS