Niderland ABŞ-dan MQ-9A “Reaper” PUA-ları alacaq

Niderland ABŞ-dan MQ-9A “Reaper” PUA-ları alacaq

ABŞ hökuməti Niderlanda 611 milyon dollar dəyərində MQ-9A “Reaper” pilotsuz uçuş aparatı (PUA) satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 4 ədəd MQ-9A Blok 5 PUA-nın, üç ədəd səyyar yer idarəetmə sisteminin (MGCS), M299 “Hellfire Longbow” raket buraxılış qurğularının və digər məhsulların satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi aiddir.

Həmçinin, sifarişə daxildir:

  • “SeaVue” dəniz radarları;
  • 8 ədəd AN/DAS-4 hədəfləmə sistemi;
  • 20 ədəd Lynx AN/APY-8 radarı;
  • “Selex Seaspray” radarları;
  • AN/ARC-210 radiostansiyaları;
  • Line-of-Site (LOS) yerüstü məlumat terminalları;
  • AN/APX-119 və digər dost-düşmən tanıma sistemləri;
  • KIV-77 kriptoqrafik həllər;
  • KY-100M dar/genişzolaqlı terminallar;
  • Peyk rabitəsi yer terminalı alt sistemləri (SETSS) və s.

Sifariş ilə bağlı baş podratçı rolunda MQ-9A PUA-larının istehsalçısı olan ABŞ-ın “General Atomics-Aeronautical Systems” şirkəti çıxış edəcək.

MQ-9 “Reaper”, 20 m qanad açıqlığı və 4763 kq maksimal uçuş çəkisi olan modul kəşfiyyat-zərbə PUA-dır. O, “General Atomics Aeronautical Systems” şirkəti tərəfindən MQ-1 “Predator” PUA əsasında ABŞ Hərbi Hava Qüvvələri (HHQ), ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) və Britaniya Kral HHQ tərəfindən istifadə edilmək üçün hazırlanıb. Hazırda ABŞ və Böyük Britaniya ilə yanaşı, Ukrayna, İtaliya, Türkiyə və Fransa HHQ tərəfindən də istismar edilir.

PUA-nın ilk uçuşu 2 fevral 2001-ci ildə baş tutub. O, saatda 445 kilometrdən çox sürəti inkişaf etdirməyə imkan verən Honeywell TP331-10 (670 kVt / 910 a.g.) markalı turbovintli mühərriklə təchiz olunub. Praktiki uçuş tavanı 15240 metr, uçuş məsafəsi 1900 km və boş kütləsi 2223 kq-dır. Yanacaq çəninin tutumu 1300 litr, yükqaldırma qabiliyyəti 1700 kiloqramdır. MQ-9A “Reaper” PUA-nın maksimal uçuş müddəti 27 saatdır. Onun MQ-9 “Reaper ER” modifikasiyasının uçuş müddəti isə 33 saat təşkil edir.

Zərbə versiyasında MQ-9 “Reaper” PUA-da silahlar üçün 6 asqı nəzərdə tutulub. Bunlar 2 daxili (680 kq), 2 qanadın ortasında (hər biri 230-270 kq) və 2 konsol (68-91 kq) olmaqla yerləşir. PUA AGM-114 “Hellfire” “hava-yer” sinif tank əleyhinə raketlər, Mark 82 idarə olunan bombalar (lazer tuşlamalı GBU-12 Paveway II və ya GPS tuşlamalı GBU-38 JDAM) və digərləri ilə (“hava-hava” sinif AIM-9X “Sidewinder” və ya AIM-92 “Stinger” raketləri) silahlandırıla bilər.

MQ-9 “Reaper” PUA standart olaraq AN/APY-8 Lynx II bort radiolokasiya stansiyası (BRLS) və MTS-B elektro-optik və termal nişangah stansiyası ilə təchiz edilir.

CATEGORIES
TAGS