
Niderland ABŞ-ın “Collaborative Combat Aircraft” proqramına qoşulur
Niderland ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) “Collaborative Combat Aircraft” (CCA) proqramına qoşulur.
“Poliqon” Niderland Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu təşəbbüs avtonom pilotsuz döyüş təyyarələrinin (PDT) inkişaf etdirilməsini hədəfləyir.
Bildirilib ki, hərbi pilotlar bu sistemləri öz təyyarələrindən idarə edirlər. Niderlandın Müdafiə üzrə Dövlət katibi Gijs Tuinman bununla bağlı niyyət məktubunu imzalayıb. Niyyət məktubunu imzalamaqla, Niderland pilotsuz sistemlər sahəsində innovasiya və əməkdaşlıq istiqamətində irəliləyiş əldə etmək arzusunu nümayiş etdirir. Bu, apreldə elan edilmiş Sənaye və İnnovasiya üzrə Müdafiə Strategiyasının 5 əsas sahəsindən biridir. ABŞ-ın bu inkişaf proqramına qoşulmaqla, Niderland aparıcı rol oynamaq imkanını əldə edir.
Əlavə sensor radiusu təmin etməklə, silahlar daşımaqla və düşmən ərazisində yüksək riskli missiyaları yerinə yetirməklə inteqrasiya olunmuş PDT-lərin F-35 kimi pilotlu döyüş təyyarələrinin effektivliyini əhəmiyyətli dərəcədə artırması hədəflənir. Bu cür platformalar pilotlu döyüş təyyarələrinə nisbətən daha sürətli və ucuz istehsal olunur.
Niderland Müdafiə Nazirliyi həmçinin “General Atomics Aeronautical Systems” (GA-ASI) şirkəti ilə daha kiçik pilotsuz sistemlərin inkişafı üzərində işləyəcək. Bu dronlar kəşfiyyat, nəzarət və müşahidə imkanları üçün istifadə oluna bilər. Onlar Niderlandın VDL şirkəti tərəfindən istehsal ediləcək.