Norveç Ukraynaya hərbi yardımları davam etdirir
2022-ci il fevralın 28-də Norveç hökuməti Ukraynaya humanitar yardım üçün təxminən 267 milyon avro ayırıb, müharibədən əziyyət çəkən ölkəyə dəbilqə və zirehli jilet kimi hərbi yardım göndərib.
“Poliqon” xəbər verir ki, “WorldOnAlert” tərəfindən dərc edilən “Tvitt”ə görə Norveç Ukraynaya 20 ədəd 155 mm-lik M109A3GN tırtıllı özüyeriyən haubitsa tədarük edəcək.
Norveç həmçinin Rusiyanın Ukraynaya hücumuna cavab olaraq ilk növbədə BMT-nin Qaçqınlar Agentliyinə (UN Refugee Agency), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına (International Red Cross and Red Crescent Movement) və Ukrayna Humanitar Fonduna (Ukraine Humanitarian Fund) 34 milyon avroluq humanitar yardım edib.
Norveç artıq Ukrayna Silahlı Qüvvələrinə 5000 ədəd dəbilqə, 1500 ədəd zirehli jilet və 1000 ədəd əleyhqaz, 2000 ədəd yataq kisəsi, 10000 yataq kisəsi altlığı və 15000 ədəd əsgər payı, 4000 ədəd M72 LAW tank əleyhinə raket və 100 ədəd “Mistral” zenit idarə olunan raketi və bir neçə buraxma qurğusu verib.
ABŞ, Kanada, Belçika, Fransa, Almaniya və Niderlanddan sonra Norveç də Ukraynaya M109A3GN özüyeriyən artilleriya qurğuları (ÖAQ) tədarük edəcək. M109A3GN ABŞ-ın tırtıllı zirehli şassi əsasında hazırlanmış 155 mm-lik M109 ÖAQ-ın Norveç versiyasıdır. 1969-1971-ci illər arasında Norveç Qərbi Almaniyadan 126 ədəd M109G ÖAQ alıb. Daha sonra onlar 1980-ci illərin ikinci yarısında M109A3GN səviyyəsinə qədər təkmilləşdirilib.
“Military Balance 2021” məlumatına əsasən, Norveç ordusunda Cənubi Koreyadan 24 ədəd K9 “Thunder” və tezliklə aktiv silahlanmadan çıxarılacaq 24 ədəd M109A3GN daxil olmaqla, cəmi 48 ədəd 155 mm çaplı tırtıllı özüyeriyən haubitsa var. 2007-ci ildə M109A3GN özüyeriyən haubitsalarından 14 ədədi əlavə təkmilləşdirilərək M109A3GNM adlandırılıb. Təkmilləşdirməyə digər yeniliklərlə yanaşı yeni daxili danışıq qurğusu, həmçinin yeni naviqasiya və mövqeləmə sistemləri daxildir. M109A3GNM ÖAQ hazırda aktiv xidmətdə qalan yeganə özüyeriyən haubitsalardır və M109 qurğularının qalan hissəsi anbarda saxlanmadadır. 2019-cu ilin dekabrında Norveç 1960-cı illərdən silahlanmada olan M109A3GNM ÖAQ-ı əvəz etmək üçün Cənubi Koreya istehsalı olan 24 ədəd 155 mm-lik K9 “Thunder” ÖAQ-ı seçib.
Qeyd edildiyi kimi M109A3GN ÖAQ M109A3G özüyeriyən haubitsasının Norveç versiyasıdır ki, bu da ABŞ-ın M109A3 qurğusunun yeni 39 çaplı lülə ilə silahlanmış Almaniya təkmilləşdirməsidir. Bu qurğu qəlpəli-fuqas, işıqlandırıcı və tüstüləyici mərmililər daxil olmaqla təkmilləşdirilmiş bütün növ 155 mm-lik atəş yığımları ilə maksimal 24.700 m-ə qədər məsafəyə atəş aparmağa imkan verir. Gücləndirilmiş atımla artırılmış mənzilli mərmilər isə 30.000 m məsafəyə atıla bilər.
Əhəd Əzizov