
Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı Hərbi Zavodlar Baş İdarəsinin koordinasiyası altında həyata keçirilən layihə çərçivəsində MKE şirkəti növbəti E-ZPT elektrikli zirehli personal daşıyıcılarını Quru Qoşunlarına təhvil verib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, çətin səhra sınaqlarını uğurla keçən daha 3 ədəd E-ZPT Türkiyə Quru Qoşunlarına çatıdırılıb.
Layihə çərçivəsində ümumilikdə 50 avtomobilin silahlı qüvvələrin inventarına daxil edilməsi planlaşdırılır.
MKE elektrikləşdirmə layihələri vasitəsilə inventardakı nəqliyyat vasitələrinin güc qurğuları üzrə xaricdən asılılığın azaldılmasını hədəfləyir. Zirehli transportyorlarla yanaşı, müxtəlif modellərdə zirehli və yolsuzluq avtomobillərini də 100 faiz elektrikli güc aqreqatı ilə təchiz edə bilən MKE mövcud nəqliyyat vasitələrinin yenidən istifadəyə uyğunlaşdırılmasını və istismar müddətinin uzadılmasını təmin edir.
Bu transformasiya yeni nəqliyyat vasitələrinin satın alınması ehtiyacının və texniki xidmət xərclərinin azaldılmasına töhfə verməklə yanaşı, logistik təminatın dayanıqlılığını da dəstəkləyir.
MKE tərəfindən M113 seriyalı zirehli transportyorun modernləşdirilməsi əsasında hazırlanan E-ZPT döyüş meydanında qarşılaşa biləcək real ssenarilərin simulyasiyası ilə çoxsaylı çətin sınaqlara cəlb olunub.
Zirehli transportyorun kvalifikasiya prosesi çərçivəsində 3000 kilometrlik dözümlülük, 1600 kilometrlik yolsuzluq, 800 kilometrlik asfalt və 600 kilometrlik çınqıllı yol sınaqları uğurla tamamlanıb.
60% dik yoxuş, 30% yan meyil, xəndəkdən keçmə kimi testlərlə yanaşı, həddindən artıq isti və soyuq hava şəraitində də qüsursuz performans göstərən E-ZPT, sürücü-mexanik, komandir, tuşlayıcı-operator və 4 ekipaj üzvü daxil olmaqla ümumilikdə 7 nəfər personal daşıya bilir.
MKE mühəndisləri tərəfindən hazırlanan E-ZPT ekoloji cəhətdən təmiz texnologiyaları yüksək təhlükəsizlik standartları ilə birləşdirir.
Daxili batareya paketi ilə 150 kilometr, generatorun enerji təminatı ilə isə 650 kilometr məsafə qət edə bilən E-ZPT 0-dan 50 km/saata cəmi 8 saniyəyə sürətlənir. Sürətli enerji doldurma sistemi vasitəsilə batareyanı 20 faizdən 80 faizə qədər 1,5 saata doldurmaq mümkündür.
Yüksək təhlükəsizlikli batareya quruluşuna malik E-ZPT müasir müdafiə ehtiyacları üçün effektiv həll təklif edir. Zirehli transportyor aşağı texniki xidmət və təmir xərcləri ilə yanaşı, müxtəlif növ faydalı yüklərlə də uyğun işləyə bilir.
100 faiz elektrikli hərəkət sistemi sayəsində daha aşağı akustik və istilik izi yaradan zirehli transportyor tam yüklənmiş vəziyyətdə təxminən 15 ton çəkiyə malik olur və 2,5 ton faydalı yük daşıya bilir. Müasir texnologiyalarla təchiz edilən avtomobildə 12,7 mm-lik uzaqdan idarə olunan silah sistemi də quraşdırılıb.







