Növbəti “GlobalEye” AEW&C təyyarəsi BƏƏ-yə təhvil verilib
İsveçin “Saab” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinə daha bir “GlobalEye” havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi (AEW&C – Airborne Early Warning and Control) təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə “Saab” şirkəti məlumat yayıb.
Qeyd edək ki, BƏƏ hökuməti “Saab”a cəmi beş ədəd “GlobalEye” təyyarəsi sifariş edib. Tərəflər arasında 3 ədəd AEW&C təyyarənin tədarükünü nəzərdə tutan ilkin müqavilə 2015-ci ildə imzalanıb. 2021-ci ildə tərəflər daha iki ədəd “GlobalEye”nin tədarükünü nəzərdə tutan müqaviləyə imza atıblar.
“Saab” istehsalı olan “GlobalEye” hava, dəniz və qurudakı hədəflərin uzun məsafədən aşkarlanmasını və identifikasiyasını təmin edən AEW&C təyyarədir. O, bu funksiyasını yerinə yetirə bilmək üçün bir sıra aktiv və passiv sensorlar ilə təchiz olunub. AEW&C təyyarə Hərbi Hava Qüvvələrinə, Quru Qoşunlarına və Hərbi Dəniz Qüvvələrinə real vaxt rejmində informasiya ötürməklə, həmin bölmələrin həm ətraf ərazi haqqındakı situasiya məlumatlılığının artmasına, həm də təhdidlərin daha erkən aşkarlanmasına imkan verir.