
“Nurol Makina” eNMS-L zirehli maşınını ilk dəfə IDEF-2025 sərgisində təqdim edəcək
Türkiyədə keçiriləcək IDEF-2025 sərgisində “Nurol Makina” şirkəti özünün genişlənən və hər bir üzvü öz kateqoriyasında qabaqcıl imkanları ilə seçilən məhsul ailəsini nümayiş etdirəcək.
“Nurol Makina”dan “Poliqon”a verilən məlumata görə, ailənin ən yeni üzvü olan eNMS-L zirehli maşını sərgidə ilk dəfə təqdim olunacaq.
IDEF-in bu ilki buraxılışı yalnız məhsulların nümayiş olunduğu bir platforma deyil, həm də “Nurol Holding”in müdafiə sirkətləri üçün strateji bir mərhələdir. İlk dəfə olaraq “Nurol Makina”, “Nurol Holding”in digər müdafiə şirkətləri olan FNSS və “Nurol Teknoloji” ilə birlikdə yan-yana sərgidə iştirak edəcək. Bu birgə iştirak, “Nurol Holding”in tam gücünü bir dam altında təqdim edəcək və Türkiyə müdafiə sənayesində birliyi nümayiş etdirəcək.
“Nurol Makina” stendini ziyarət edənlər, hər biri öz kateqoriyasında ən yaxşısını təmsil edən bir sıra nəqliyyat vasitələri ilə qarşılaşacaqlar:
- eNMS-L: Tədqiqat-inkişaf fəaliyyətlərinin nəticəsi olan eNMS-L, hibrid güc aqreqatı, azaldılmış istilik izi, səssiz işləmə və ekoloji cəhətdən təmiz strukturu ilə gələcəyin zirehli nəqliyyat vasitələri üçün bir nümunədir. Bu vasitə, “Nurol Makina”nın törəmə şirkəti olan “BİNOM Engineering”in rəhbərlik etdiyi “Hibrid Pikap İnkişaf Layihəsi” çərçivəsində hazırlanıb.
- “Ejder Yalçın”ın minaatan konfiqurasiyası və “Ejder Yalçın” EWB (Extended Wheelbase): “Ejder Yalçın” EWB uzadılmış şassisi, artırılmış yükdaşıma qabiliyyəti və gücləndirilmiş qorunma ilə seçilir.IDEF-2025-də nümayiş etdiriləcək versiya 25 mm-lik silah sistemi ilə təchiz olunub.
- NMS-L: Yüngül quruluşu, yüksək hərəkət qabiliyyəti və inkişaf etmiş elektron infrastrukturu ilə NMS-L təhlükəsizlik qüvvələri üçün geniş əməliyyat tapşırıqları üçün səmərəli bir həll təqdim edir.
- NMS EWB (Extended Wheelbase): 2023-cü ildə Estoniyaya ixrac olunan NMS EWB, artırılmış yükdaşıma tələblərini ödəmək üçün hazırlanıb. NMS platformasının bu uzadılmış versiyası daha geniş daxili məkan və personal daşıma qabiliyyəti təqdim edir. Onun modul dizaynı müxtəlif əməliyyat ehtiyaclarına uyğunlaşdırılmasını təmin edir.
Çox yönlü imkanları ilə tanınan “Nurol Makina”nın nəqliyyat vasitələri təkcə son istifadəçilər tərəfindən deyil, həm də silah və sursat sistemləri istehsalçıları tərəfindən bəyənilir. Şirkətin IDEF-2025 sərgisində əlavə dörd stenddə də yer alması bu etimad və əməkdaşlığın sübutudur:
- FNSS stendində OMTAS raket sistemi ilə təchiz edilmiş “Ejder Yalçın” EWB zirehli maşını;
- “Roketsan” stendində EREN raket sistemi ilə inteqrasiya olunmuş NMS-L zirehli nəqliyyat vasitəsi;
- ASELSAN stendində “Nefer-L” silah stansiyası ilə təchiz olunmuş “Ejder Yalçın” zirehli maşını;
- UNIROBOTICS stendində TRAKON 30 mm uzaqdan idarə olunan silah sistemi və CANİK-in “Dual M2F” sistemi ilə təchiz edilmiş NMS zirehli nəqliyyat vasitəsi nümayiş olunacaq.
“Nurol Makina” ixrac uğurları ilə də diqqət çəkməyə davam edir. Hazırda 20-dən çox ölkədə fəaliyyət göstərən şirkət, müxtəlif coğrafiyalardan aldığı əməliyyat rəylərini tədqiqat-inkişaf proseslərinə daxil etməklə davamlı inkişafı təmin edir. IDEF-2025-də nümayiş olunan vasitələr yalnız qabaqcıl texnoloji xüsusiyyətləri ilə deyil, həm də sahədəki real istifadəçi təcrübələrinə əsasən formalaşmış əməliyyat tələbləri ilə seçilir.
“Nurol Makina” IDEF-2025 sərgisində iştirakı ilə mövcud istifadəçilərlə əlaqələrini gücləndirməyi və yeni tərəfdaşlıqlar qurmağı hədəfləyir.