“Onun yerini heç kəs vermir” – Jurnalist Rəşad Süleymanovun oğlu, xanımı və dostunun XATİRƏLƏRİ
Modern.az saytı dünyadan köçmüş jurnalistlərin ailələrilə silsilə söhbətlərə davam edir. Sayt bu dəfə “AzeriDefence” (“Poliqon”) jurnalının mərhum baş redaktoru, hərbi ekspert Rəşad Süleymanov barədə xatirələri qələmə alıb.
“Poliqon” həmin məqaləni olduğu kimi təqdim edir.
Arayış: Rəşad Süleymanov 1982-ci ildə Füzuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1999-2003-cü illərdə müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq edib, ilk dəfə daimi işə “Həftə içi” qəzetində başlayıb.
Orta məktəb illərində hüquqşünas olmaq istəyən R.Süleymanov səhv kodlaşdırma nəticəsində Jurnalistikaya daxil olub. Bu sahəyə marağını isə “Ədalət” qəzetində işləyən yaxın qohumu oyadıb. Bir müddət jurnalist kimi fəaliyyət göstərən R.Süleymanov 2004-cü ildə bu sahədən getməyi qərarlaşdırıb. Ancaq heç xoş olmayan bir hadisənin baş verməsi Rəşad Süleymanovu jurnalistikada qalmağa vadar edib.
Qeyd edək ki, Rəşad Süleymanovun mətbuatda ilk yazısı “525-ci qəzet”də kriminal hadisə ilə bağlı bir xəbər olub.
“525-ci qəzet”, APA İnformasiya Agentliyi və digər mətbuat orqanlarında çalışan mərhum jurnalist ömrünün son illərində təsisçisi olduğu “AzəriDefence” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.
2020-ci ildən ölkəmizdə tüğyan edən koronavirus infeksiyasına yoluxma bir çox yaxınlarımızı, həmkarlarımızı bizdən alıb apardı.
Rəşad Süleymanov 38 yaşında koronavirusa yoluxdu. 2020-ci ilin dekabrın 15-də bu xəstəliyə tab gətirə bilməyən hərbi jurnalist vəfat etdi.
Modern.az saytının əməkdaşı mərhum jurnalistin oğlu Məhəmməd Süleymanov, həyat yoldaşı Zümrüd Süleymanova və Rəşadla 20 il çiyin-çiyinə çalışmış iş yoldaşı Zaur Babaşovla həmsöhbət olub.
“Gələcəkdə arzum hərbi prokuror olmaqdır”
Məhəmməd Süleymanov atası barədə sakit danışa bilmir, gözləri dolur:
“Mən hazırda Dövlət Sərhəd Xidmətinin Məktəbində təhsil alıram. Burda təhsil almaq çox qürurverici hissdir. Gələcəkdə arzum tanınmış hərbi prokuror olmaqdır.
Atamın adını çəkəndə həmişə qürur hissi ilə “Mən Rəşad Süleymanovun oğluyam” deyirəm. Bu sahəyə yönəlməyim bəlkə də öz istəyimdən çox atamın təsiri ilə olub.
Elə hiss edirdim ki, atam ən çox məni istiyirdi. İlk övladı olduğum üçün özü hara gedirdisə, məni də aparırdı. Mənə həmişə deyirdi ki, sən mənim balaca qardaşımsan. Atamla birgə çox xatirələrimiz var. Onun yerini heç kəs verə bilmir”.
“Mənəvi baxımdan çox sarsıldım”
Mərhum jurnalistin həyat yoldaşı Zümrüd Süleymanova deyir ki, bu ilin ilk təhsil günündə Rəşadın dostları onları unutmayıblar:
“Bu il dərslər başlayan günü jurnalist Ayaz Mirzəyev, Elşən Rüstəmov, Namiq Mayılov və Zaur Babaşov Rəşadın uşaqlarını unutmadılar. Ataları olmadığına görə uşaqlarımızı tək qoymadılar. Dostlarının bir qismi daimi olaraq bizimlə maraqlanır.
Rəşaddan sonra mənəvi baxımdan çox sarsıldım. Toparlanmaq çox çətindir. Onun iş yerinə gəlmək, işlədiyi otağı görmək çox pis təsir edir. Bu günə qədər də özümə gələ bilməmişəm.
Düzdü, ali təhsilim yoxdur. Rəşadla 20 il bir yerdə çalışmış dostu, qardaşı Zaur Babaşov təkid etdi ki, Rəşadın işlədiyi yerə gəlməlisən, onun bütün xatirələri bura ilə bağlıdır. Mən də gəldim.
Maddi baxımdan heç bir çətinliyim olmadı. Rəşad bir yerdə oturan insan deyildi, hər zaman çalışırdı ki, bizim üçün ən yaxşısını etsin. Ona görə də özü gedəndən sonra maddi baxımdan çətinliyimiz olmadı. Amma mənəvi baxımdan çökdüm.
Üç övladımız var: Məhəmməd, Selcan, Fateh. Övladlarımız mənə Rəşaddan əmanətdir. Rəşaddan sonra tək sığınacağım, tutunacağım yer onlardır.
Onun son günlərindən danışmaq istəmirəm, Rəşadın yaddaşımda o çətin günlərdə olduğu kimi qalmasını istəmirəm. Onunla bağlı ağlımda ancaq gözəl xatirələr qalmasını istərdim.
Kiçik oğlum Fateh ikinci sinfə gedir. Amma indidən arzusu atası kimi jurnalist olmaqdır. Bu məni çox sevindirir. Oğlum atasının yolunu gedir. Qızımız Selcan isə müəllimə olmaq istəyir. Çünki atasına söz vermişdi”.
“Onun yerini doldurmaq çox çətindir”
Dostu Zaur Babaşov Rəşad Süleymanov haqqında öz xatirələrindən danışıb.
“Mən Rəşad barədə həm iş yoldaşı, həm dost, həm 20 ildən çox bir yerdə çalışan qardaş kimi danışa bilərəm…
Deyirdi ki, mən jurnalist oldum, hərbçi ola bilmədim. İstərəm oğlum hərbçi olsun…
Rəşadla bizi bir-birimizə bağlayan ailəcanlı olmağımız idi. Xasiyyətlərimizdə tutan ən önəmli istiqamət budur.
Rəşad vətən üçün çalışırdı. Heç özü haqqında düşünmürdü, hətta ailəsini belə ikinci planda sayırdı. Rəşad tək hərbi jurnalist kimi yox, Müdafiə Sənayesi sektorunda da formalaşmışdı. Rəşad eldən getdi. Onun yerini doldurmaq çox çətindir.
Rəşad öncədən proqnoz verməyi bacarırdı. Torpaqlarımızı azad edəcəyimiz barədə heç zaman naümidliyi yox idi.
Övladları, ailəsi haqqında danışanda hər zaman deyirdi ki, mən Məhəmməddə vətənpərvərlik hissini görürəm. Deyirdi ki, mən istəyirəm ki, Məhəmməd hərbçi olsun. Məhəmmədin öz istəyi də vardı”.
Zaur Babaşov deyir ki, təxminən eyni yaşda olmaqlarına baxmayaraq, özünü Rəşad məktəbi keçmiş şəxs sayır:
“Rəşad mənim gözümdə çox böyük insan idi. Həmişə deyirdim ki, mən Rəşad məktəbi keçmişəm. Biz eyni yaş, eyni universitetdə oxumuşuq, amma mən Rəşadın hərbi jurnalist məktəbini keçmişəm.
Müharibə ərəfəsində minalı ərazilərə gedirdi, çəkilişlər edirdi. Fikri ancaq cəbhə bölgəsində idi. O vətənə sevgisini göstərməyə çalışırdı. Mən onunla birgə olmasam da, gedib-gələndən sonra elə hisslərlə danışırdı ki, elə bilirdim mən də orda olmuşam”.
“Rəşad ölümdən döndü”
“Elə məqamlar olub ki, heç ailəsi belə bilməyib, ancaq ikimiz arasında qalıb.
Rəşad cəbhə bölgəsinə tez-tez gedərdi, elə olurdu ki, ölümlə üz-üzə qalırdı. Amma ailəsinə heç nə bildirmirdi.
Bir gün cəbhə xəttində idik. Ermənilərlə aramızdakı məsafə çox yaxın idi. Düşmən snayperi atəş açdı, güllə Rəşadın düz qulağının yanından keçdi. Rəşad ölümdən qurtuldu. Belə təsvir edəndə asan gəlir, amma çox dəhşətli, qorxulu məqam idi.
Mən Rəşadla eyni fakültədə dərs almışam. Həm ikimiz Füzuli rayonundanıq. Tanış olduğumuz ilk gündən dostluq münasibətimiz başlayıb. Qrupda Qarabağdan söz düşəndə görürdük ki, ən çox ikimizə təsir edir.
Rəşad bəzən boş vaxtlarında şeir də yazırdı. Çox qısa müddətdə özünü hər kəsə sevdirə bilirdi. Çünki özünəməxsusluğu vardı, heç kimi yamsılamırdı.
Rəşadla bağlı xatirələr danışılacaq qədər az deyil. Biz illərin dostuyuq.
Rəşad bir gün zəng etdi ki, gəl, bir süfrə arxasında oturub çörək yeyək. Mənim də açığı yaddaşımdan çıxmışdı ki, həmin gün Rəşadın doğum günüdür. Məni Təbriz küçəsindəki “Şuşa” restorantına dəvət etmişdi.
Dedi ki, bu məkanı seçməkdə bir məqsədi var: həmişə arzu edib ki, biz Şuşamızda oturub çörək yeyək. Sonra da “bir gün gələcək, o da olacaq” söylədi. O gün nəhayət gəldi, amma təəssüf ki, Rəşad aramızda yoxdur”.