Ordu komandanı: “Qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırıq”

Azərbaycan Ordusunun cəbhə xəttində döyüş növbətçiliyini yerinə yetirən bölmələrində şəxsi heyətin xidməti üçün zəruri olan bütün şərait yaradılıb. Bu barədə “AzeriDefence” APA agentliyinə istinadən məlumat yayıb.

Oktyabrın 30-da cəbhə xəttinə səfər etmiş deputatlar, hüquq müdafiəçiləri və jurnalistlərdən ibarət heyətə I ordu birləşməsinin komandanlığı tərəfindən məlumat verilib ki, təmas xəttindəki döyüş mövqeləri ən müasir silah və müşahidə avadanlıqları ilə təchiz olunub ki, bu müasir avadanlıqlar vasitəsi ilə on kilometrlərlə məsafədən düşmənin bütün hərəkətinə nəzarət olunur. Son illər Azərbaycan Ordusunun cəbhə xəttindəki bütün bölmələrinin müşahidə, nəzarət imkanları güclənib. Bu da öz növbəsində ordunun döyüş imkanlarını artırır.

Azərbaycan Ordusunun son illərdə cəbhə xəttində milli istehsal olan silahları, o cümlədən “İstiqlal” snayper tüfəngini tətbiq etdiyi də bildirilib. Qeyd olunub ki, bu tüfəng vasitəsi ilə uzaq məsafədən düşmənin bağlı mövqelərini, yüngül zirehli texnikasını, nəqliyyat vasitələrini vurmaq mümkündür.

Hərbi hissələrdə yaradılmış şərait barədə məlumat verən I ordu birləşməsinin komandiri, general-mayor Nizam Osmanov deyib ki, ön xətdəki və arxa eşelondakı hərbi hissələrdə şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması üçün işlər görülüb, kazarmalar tikilib və təmir olunub, təchizat yüksəlib.

“Biz bu gün qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırıq. Bunun üçün bütün imkanlar mövcuddur. Şəxsi heyətin ruh yüksəkliyi, maddi-texniki təchizatımız buna imkan verir”, – deyə general bildirib.

KATEQORIYA: