Ötən il Türkiyə müdafiə sənayesinin ümumi dövriyyəsi 12 milyard dolları ötüb
Türkiyənin müdafiə və aviasiya sənayesinin 2022-ci ildə ümumi dövriyyəsi 12 milyard 196 milyon ABŞ dolları təşkil edib.
“Poliqon” xəbər verir ki, bu barədə məlumat Türkiyənin Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Dərnəyinin (SaSaD) 2022-ci il üçün olan hesabatında yer alıb.
SaSaD-ın hesabatına əsasən, ötən il sektorun ümumi dövriyyəsi 2021-ci il ilə (10 milyard 159 milyon dollar) müqayisədə 20.05 faiz artım göstərib. Eyni zamanda 2021-ci il ilə müqayisədə 2022-ci ildə ixrac edilən məhsulların dəyəri 3 milyard 224 milyon dollardan 4 milyard 395 milyon dollara yüksələrək 36.32% çoxalıb.
Bundan başqa ötən il sektorun idxalı da 2021-ci ilə nisbətən 30.95 faiz artaraq 2 milyard 62 milyon dollar dəyərindən 2 milyard 700 milyon dollar həcminə kimi qalxıb.
Digər göstəricilər aşağıdakı kimidir:
2021-ci il | 2022-ci il | |
Məşğulluq | 75660 nəfər | 81132 nəfər |
Toplam yeni sifarişin həcmi | 8 milyard 575 milyon dollar | 8 milyard 796 milyon dollar |
Tə-İn (tədqiqat və inkişaf) xərcləri | 1 milyard 639 milyon dollar | 2 milyard 61 milyon dollar |
Qeyd edək ki, 2023 il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilən Türkiyə müdafiə sənayesinin cari ilin ilk rübündəki ixracı artıq 1 milyard ABŞ dollarını ötüb.