“Otokar” şirkəti ADEX sərgisində “Cobra-II”ni nümayiş etdirir

“Otokar” şirkəti ADEX sərgisində “Cobra-II”ni nümayiş etdirir

Türkiyənin “Otokar” şirkəti Bakıda keçirilən 4-cü ADEX Beynəlxalq Müdafiə Sərgisində “Cobra-II” zirehli döyüş maşınını nümayiş etdirir.

“Poliqon” xəbər verir ki, “Cobra-II” “Cobra” zirehli nəqliyyat vasitəsi ailəsinin üzvüdür.

“Otokar”ın mövcud 4×4 “Cobra” zirehli maşınlarının bazasında hazırladığı və ilk nümunəsi 2013-cü ildə təqdim olunan “Cobra II” daha üstün texniki-taktiki xüsusiyyətləri, gücləndirilmiş mina partlayışına qarşı mühafizəsi, balistik mühafizəsi və geniş daxili həcmi ilə sələfindən fərqlənir. Sürücü və komandir daxil 10 heyət daşıyan, yüksək keçicilik və mühafizə qabiliyyətinə malik “Cobra II” çətin ərazi və iqlim şərtlərində üstün performans təmin edir.

Türkiyə Silahlı Qüvvələrinin və müttəfiq ölkələrin tələbləri əsasında, gələcək ehtiyacların qarşılanması məqsədi ilə yaradılan “Cobra II” müasir texnoloji və taktik xüsusiyyətlərə malik modulyar platformadır. Geniş çeşiddə silah inteqrasiyası və təchiz olunduğu sistemlər sayəsində “Cobra II” sərhəd mühafizəsi, daxili təhlükəsizlik əməliyyatlarından sülhyaratma missiyalarınadək çox sayda tapşırıqlarda yer ala bilir.

“Otokar” şirkəti “Cobra II” zirehli nəqliyyat vasitəsini personal daşıyıcı, silah platforması, KBRN, sərhəd təhlükəsizlik maşını, daxili təhlükəsizlik maşını, ambulans, komanda-nəzarət və s. konfiqurasiyalarda təklif edir. İstifadəçinin seçimindən asılı olaraq zirehli maşının amfibiya versiyası da təqdim olunur. 2015-ci ildə körfəz ölkələrindən birində isti iqlim və amfibiya testlərinə cəlb olunan maşın minlərlə kilometr yol qət edərək, açıq dənizdə üzmə testlərini uğurla tamamlayıb.

Qeyd edək ki, “Cobra-II”lər Azərbaycan Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar tərəfindən istifadə olunur. Həmçinin şirkət istehsalı olan “Cobra” zirehli döyüş maşınları da Dövlət Sərhəd Xidmətinin silahlanmasında yer alır.

CATEGORIES
TAGS