“Otokar” şirkəti “Ural” zirehli nəqliyyat vasitəsini Ər-Riyadda nümayiş etdirir

“Otokar” şirkəti “Ural” zirehli nəqliyyat vasitəsini Ər-Riyadda nümayiş etdirir

Türkiyənin “Otokar” şirkəti Ər-Riyadda keçirilən “World Defense Show-2024” (WDS-2024) sərgisində “Ural” zirehli nəqliyyat vasitəsini nümayiş etdirir.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, “Ural” kəşfiyyat, patrul və hücum missiyaları üçün unikal platformadır.

Zirehli nəqliyyat vasitəsi iki ekipaj üzvü və altı personal daxil olmaqla səkkiz nəfərdən ibarət komandanı daşımaq üçün nəzərdə tutulub. 4×4 təkər formullu “Ural” zirehli maşnı çətin mühitlərdə işləyə biləcək şəkildə dizayn edilib.

O, istifadəçinin ehtiyacına uyğun olaraq 5.56 mm, 7.62 mm və ya 12.7 mm pulemyotla, habelə 7.62 mm pulemyotlu uzaqdan idarə edilən qüllə sistemi ilə silahlandırıla bilər. “Ural” qəlpələrdən, qumbaraatanlardan və piyada əleyhinə minalardan effektiv qorunma təmin edərək, ekipajın və personalın təhlükəsizliyini yüksək səviyyədə saxlayır.

“Otokar” şirkəti “Ural” zirehli nəqliyyat vasitəsini müştərilərə 2 fərqli mühərrik seçimi ilə təklif edir ki, bunlar da 168 və 250 at gücündəki turbo dizel mühərriklərdir. Zirehli maşının 168 at gücündəki versiya üçün ağırlığı 6400 kq, 250 at gücündəki versiya üçün isə 8000 kiloqramdır.

Onun maksimum sürəti 110 km/saat və əməliyyat məsafəsi 600 km-dir. “Ural”, 60 faiz meyilli yoxuşlara qalxa və 40 faiz yan əyimli ərazilərdə asanlıqla hərəkət edə bilir. Zirehli nəqliyyat vasitəsinin 250 at gücündəki versiyası 600-700 mm-lik su maneələrini keçmək bacarığına malikdir.

CATEGORIES
TAGS