ABŞ-ın yeni “Qızıl Qübbə” HHM sistemi üçün 175 milyard dollar ayrılacaq

ABŞ-ın yeni “Qızıl Qübbə” HHM sistemi üçün 175 milyard dollar ayrılacaq

ABŞ-ın yeni “Qızıl Qübbə” (“Golden Dome”) hava hücumundan müdafiə sistemi 175 milyard dollara başa gələcək.

“Poliqon” BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

ABŞ prezidenti, “Qızıl Qübbə” raketdən müdafiə sistemi üçün dizayn seçildiyini bildirib və bu sistemin öz prezidentlik müddəti bitənədək fəaliyyətə başlayacağını söyləyib.

Yanvar ayında Ağ Evə qayıtdıqdan bir neçə gün sonra D.Tramp bu sistemlə bağlı planlarını açıqlayıb. Bu planın məqsədi, ballistik və qanadlı raketlər də daxil olmaqla, ABŞ-a doğru yönəlmiş “növbəti nəsil” hava hücumu təhdidlərinə qarşı müdafiəni təmin etməkdir.

Rəsmi şəxslər xəbərdarlıq edirlər ki, mövcud sistemlər potensial düşmənlərin getdikcə daha da təkmilləşən silahlarına ayaq uydura bilmir.

D.Tramp həmçinin elan edib ki, layihəyə ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Getlayn rəhbərlik edəcək. O, hazırda Kosmik Qüvvələrin rəis müavini vəzifəsini icra edir.

İkinci prezidentlik dövrünün yeddinci günü D.Tramp Müdafiə Nazirliyinə hava hücumlarına qarşı çəkindirici və müdafiə məqsədli sistemin planlarını hazırlamaq əmri verib. Ağ Ev bu hücumları ABŞ üçün “ən fəlakətli təhdid” adlandırıb.

ABŞ prezidenti bildirib ki, bu sistem quru, dəniz və kosmos sahələrində tətbiq ediləcək “növbəti nəsil” texnologiyalardan ibarət olacaq. Buraya kosmosda yerləşdiriləcək sensorlar və raket tutucular da daxildir. O, əlavə edib ki, Kanada da bu sistemin bir hissəsi olmaq istədiyini bildirib.

Bu ilin əvvəlində Vaşinqtona səfəri zamanı Kanadanın müdafiə naziri Bill Bleyer bu layihədə iştirakla maraqlandıqlarını təsdiqləyib. O deyib ki, bu layihə məntiqə uyğundur və ölkəsinin milli maraqlarına xidmət edir.

Nazir əlavə edib ki, Kanada regionda baş verənlərdən xəbərdar olmalı və o cümlədən Arktika da daxil olmaqla, mümkün təhdidlər barədə məlumatlı olmalıdır.

D.Tramp qeyd edib ki, bu sistem dünyanın digər tərəfindən və ya kosmosdan buraxılan raketləri belə tutmaq qabiliyyətində olacaq.

Sistem İsrailin 2011-ci ildən bəri istifadə etdiyi “Dəmir Qübbə” (“Iron Dome”) raketdən müdafiə sistemindən ilham alıb.

Lakin “Qızıl Qübbə” bundan xeyli böyük olacaq və səsdən sürətli hipersəs raketləri, həmçinin kosmosdan hücum qabiliyyəti olan fraksiyalı orbital bombardman sistemləri (FOBS) kimi daha geniş təhdid spektrini əhatə edəcək.

ABŞ rəsmiləri daha əvvəl bildirmişdilər ki, “Qızıl Qübbə”in məqsədi raketləri onların müxtəlif hərəkət mərhələlərində, o cümlədən hələ buraxılmamış və havada olduqları anda məhv etmək olacaq.

ABŞ Müdafiə Nazirliyi rəsmilərinin dediyinə görə, sistemin çoxsaylı komponentləri bir mərkəzləşdirilmiş komandanlıq altında fəaliyyət göstərəcək.

D.Tramp bildirib ki, proqram üçün ilkin olaraq 25 milyard dollar sərmayə tələb olunur, ümumi xərc isə zamanla 175 milyard dollara çatacaq.

ABŞ Konqres Büdcə İdarəsinin hesablamalarına görə, yalnız sistemin kosmik komponentləri üzrə hökumət 20 il ərzində 542 milyard dollara qədər vəsait xərcləyə bilər.

Pentaqon rəsmiləri uzun müddətdir xəbərdarlıq edirlər ki, mövcud sistemlər Rusiya və Çin tərəfindən hazırlanmış yeni raket texnologiyasına qarşı yetərli deyil.

Müdafiə Kəşfiyyat Agentliyinin son brifinq sənədində qeyd olunub ki, raket təhdidləri ölçü və texnoloji baxımdan genişlənəcək. Eyni zamanda, Çin və Rusiya ABŞ-ın müdafiə boşluqlarını istismar edə biləcək sistemlər hazırlayırlar.

CATEGORIES
TAGS