Özgür Güleryüz: Azərbaycan HDQ-nin ehtiyaclarına uyğun STM-MPAC hücum kateri üçün danışıqlarımızı davam etdirmək istəyirik – MÜSAHİBƏ

Özgür Güleryüz: Azərbaycan HDQ-nin ehtiyaclarına uyğun STM-MPAC hücum kateri üçün danışıqlarımızı davam etdirmək istəyirik – MÜSAHİBƏ

Türkiyə müdafiə sənayesi sektorunun qabaqcıl, hərbi dənizçilik sahəsində lider şirkəti olan STM öz məhsul və həllərini Bakıda 24-26 sentyabr tarixlərində keçirilən ADEX-2024 beynəlxalq müdafiə sərgisində nümayiş etdirib. Sərgi ərəfəsində STM şirkətinin baş direktoru Özgür Güleryüz “Poliqon” hərbi-kosmik texnoloji jurnalına müsahibəsində rəhbərlik etdiyi şirkətin hərbi dəniz platformaları, kibertəhlükəsizlik həlləri, taktiki mini PUA sistemləri, radar sistemləri və komanda idarəetmə sistemləri haqqında danışıb.

– Özgür bəy, STM müştərilərinə müasir döyüş gəmiləri ilə yanaşı digər dəniz platformaları, taktiki mini pilotsuz uçuş aparatları (PUA)  və kiber təhlükəsizlik həlləri təklif edir. STM-nin müasir texnoloji yenilikləri və prioritet layihələri haqqında nə deyə bilərsiniz?

STM MPAC resim 41424 — копия

STM-MPAC hücum kateri

– STM olaraq 1991-ci ildə qurulduğumuz gündən bəri Türkiyənin müdafiəsi üçün yenilikçi və müasir döyüş platformaları inkişaf etdiririk. Türkiyə müdafiə sənayemizin milli layihələrində iştirak edərək öhdəmizə götürdüyümüz kritik vəzifələrlə qazandığımız mühəndislik və texnologiya biliklərimizi əhəmiyyətli investisiyalar edərək genişləndirdik. Bu gün; hərbi dəniz platformaları, kibertəhlükəsizlik, taktiki mini PUA sistemləri, radar sistemləri və komanda idarəetmə sistemləri də daxil olmaqla geniş sahədə fəaliyyət göstəririk. NATO-nun ikinci ən böyük ordusu olan Türkiyə Silahlı Qüvvələrinə verdiyimiz hərbi dəniz layihələri, taktiki mini PUA sistemləri və kibertəhlükəsizlik həlləri sayəsində ciddi mühəndislik təcrübəsi qazandıq. Əldə etdiyimiz bu təcrübəni illər ərzində dost və qardaş ölkələrlə də bölüşürük. İnkişaf etdirdiyimiz yüksək texnologiyalı proqram təminatı və sistemlərlə də NATO kimi beynəlxalq hərbi təşkilatlara dəstək göstəririk.

İstehsal etdiyimiz milli və müasir sistemlərin əsas istifadəçisi Türkiyə Silahlı Qüvvələri, Türkiyə Hərbi Dəniz Qüvvələri və Türkiyənin təhlükəsizlik qüvvələridir. Hərbi dənizçilik sahəsində Pakistan, Ukrayna və Malayziya Hərbi Dəniz Qüvvələri üçün mühüm döyüş platformaları ixrac edirik. Taktiki mini PUA sistemlərimiz xüsusilə terrorla mübarizədə, yaşayış məntəqələrində və transsərhəd əməliyyatlarda, nöqtə hədəflərinin zərərsizləşdirilməsində mühüm rol oynayır. Türkiyədə öncüsü olduğumuz taktiki mini PUA sistemləri sahəsində 3 fərqli qitədə 10-dan çox ölkəyə ixracatlar etdik. Zərbə PUA-mız KARGU və TOGAN-ın fərqli yük və xüsusiyyətləri ilə yaxın müddətdə əməliyyat meydanında əhəmiyyətli işlər görəcəyini qiymətləndiririk. Digər tərəfdən, komanda idarəetmə, qərara dəstək sistemləri və simulyasiya sahələrində NATO-ya ixracatlar həyata keçiririk.

– STM şirkəti ADEX-2024 sərgisində hansı məhsul, layihə və ya xidmətlərini ön plana çıxarıb? Nümayiş etdirdiyiniz STM məhsullarının xüsusiyyətləri, mövcud olanlardan fərqi və rəqabət üstünlükləri nələrdir?

DSC 3565 result

STM500 kiçik ölçülü sualtı qayığı

– İlk növbədə dost və qardaş ölkəmiz Azərbaycanda olmaq bizə özümüzü evimizdəki kimi hiss etdirir. Azərbaycan Ordusunun ehtiyaclarını milli və müasir sistemlərlə qarşılamaqdan, birgə layihələr hazırlamaqdan və əldə etdiyimiz texnoloji səviyyəni can Azərbaycanda nümayiş etdirməkdən hər zaman məmnunluq duyuruq. ADEX həm Azərbaycanın, həm də regionun mühüm beynəlxalq müdafiə sərgilərindən biridir. STM olaraq hər il müntəzəm şəkildə iştirak edirik. ADEX-2024-də müasir dəniz platformalarımız və müharibə şəraitində özünü uğurla sübut etmiş, dünyanın bir çox ordusu tərəfindən seçilmiş PUA sistemlərimizlə yerimizi aldıq.

Türkiyənin ilk milli korvet layihəsi olan MİLGEM Ada Sinifi, çətin dəniz şəraitində, açıq dənizdə və sahilə yaxın ərazilərdə suüstü və hava hücumundan müdafiə döyüş tapşırıqlarını yerinə yetirmək üçün dizayn edilən STM-MPAC hücum katerini, Logistika Dəstək Gəmisi və kiçik ölçülü milli sualtı qayığımız STM500-ü Bakıda sərgiləyirik. Taktiki mini PUA sahəsində isə milli zərbə PUA sistemimiz KARGU-nu, sursat buraxan PUA-mız BOYGA-nı və taktiki müşahidəçi PUA-mız TOGAN-ı sərgidə iştirakçılara təqdim edirik.

– ADEX-2024 sərgisindən gözləntilərinizi bilmək bizim üçün maraqlıdır. Sərgi çərçivəsində STM-nin yeni müqavilələrə imza atacağı gözlənilirmi?

DSC 3557 result

RF arayıcı başlıq ilə KARGU PUA, düşmənin radar və elektron döyüş sistemlərini aşkarlayıb məhv edə bilər.

– Türkiyə, Pakistan, Ukrayna və Malayziya üçün həyata keçirdiyimiz dəniz layihələrindəki təcrübəmizə və real döyüş mühitində özünü uğurla sübut etmiş taktiki mini PUA sistemlərimizə əsaslanaraq ADEX-2024-də yeni əməkdaşlıqlar qurmağı planlaşdırırıq. ADEX-də yeni əməkdaşlıqlara imza atmaq üçün məhsuldar görüşlər keçirəcəyik.

Azərbaycan PUA sistemləri sahəsində mühüm həll tərəfdaşlarımızdan biridir. Azərbaycan hərbi qurumlarının da yayımladığı əməliyyat və təlim videolarında KARGU-nun bölgədə səmərəli şəkildə istifadə edildiyini görür və qürurlanırıq. Taktiki mini PUA ailəmizin digər üzvləri olan milli kəşfiyyatçı PUA-mız TOGAN, sursat buraxan PUA-mız BOYGA və KARGU-nun müxtəlif faydalı yük versiyaları ilə Azərbaycan Ordusunun gücünə güc qatmaq istəyirik.

– Dünya bazarında innovativ texnologiya imkanları ilə tanınan STM şirkəti ən son Malayziya HDQ üçün 3 ədəd korvet inşa edəcəyinə dair müqavilə imzaladı. Bu müqavilənin əhəmiyyəti və digər əlaqəli layihələr haqqında fikirlərinizi eşitmək istərdik…

– Ölkəmizin müdafiəsi üçün başladığımız yolda irəliləyərkən bu gün mühəndislik təcrübəmizi və texnologiyalarımızı dost və qardaş ölkələrə ötürürük. Pakistan Hərbi Dəniz Qüvvələri üçün suüstü platformaların və sualtı qayıqların modernləşdirilməsində əldə etdiyimiz uğurumuzun üstünə, hazırda əsas podratçı qismində STM-nin rəhbərliyi altında Ukrayna üçün iki korvetin inşasını davam etdiririk. Bu ölkələrin sırasına Cənubi Asiyanın mühüm ölkələrindən olan Malayziyanı da daxil etdiyimiz və Malayziyanın STM-ni seçdiyi üçün xoşbəxtik. Türkiyənin hərbi dənizçilik sahəsində lider şirkəti olaraq bunu beynəlxalq arenadakı vacib uğurumuz kimi görürük.

DSC 3567 result

STM Ada sinifi korveti

2024-cü ilin iyun ayında Malayziya HDQ üçün LMS-Batch 2 proqramı çərçivəsində üç korvetin inşası ilə bağlı müqavilə imzaladıq. Gəmilərimiz beynəlxalq sularda etibarlılığını və effektivliyini sübut edən ADA Sinifli dizayna əsaslanacaq. Gəmilərin inşasına bu il başladıq və hər üç gəmini də 3 il yarım ərzində Malayziya Kral Hərbi Dəniz Qüvvələrinə çatdırmağı hədəfləyirik. Hökumətlər arası (G2G) sazişinə əsasən, STM layihənin dizaynından icrasına və inşasından təhvil-təsliminə qədər bütün mərhələlərinə cavabdeh əsas podratçı olacaq. Gəmilərin inşasını və təchiz edilməsini Türkiyədə həyata keçirəcək və gəmilər Türkiyədən olan 50-dən çox şirkətin ən son texnologiya sistemləri ilə təchiz olunacaq. Malayziya korvetləri qabaqcıl silah sistemləri, sensorlar və komanda və idarəetmə sistemləri ilə geniş spektrli missiyaları effektiv yerinə yetirməyə imkan verəcək.

– İxrac coğrafiyasını genişləndirən STM-nin Azərbaycanla bağlı gəmi inşasına yönəlik və digər layihə təklifləri və bu istiqamətdə atılan addımlar barədə nələri deyə bilərsiniz?

DSC 3566 result

Çoxməqsədli STM-MPAC hücum kateri

– Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq hazırladığımız STM-MPAC hücum kateri dizaynımız üçün danışıqlarımızı davam etdirmək istəyirik. Ağır dəniz şəraitində, açıq dənizdə və sahilə yaxın ərazilərdə suüstü və hava hücumundan müdafiə döyüşləri ilə yanaşı, kəşfiyyat/patrul vəzifələrini də yerinə yetirmək üçün dizayn etdiyimiz milli hücum katerimiz güclü və effektiv silah sistemləri ilə yüksək sürətlərdə əməliyyat qabiliyyətinə sahibdir.

– Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan və terrorla mübarizədə, sərhəd əməliyyatlarındə və beynəlxalq təlimlərdə aktiv şəkildə istifadə edilən BOYGA PUA ilk ixrac uğuruna imza atıb. Bu və digər STM PUA-larına olan təlabat nədən qaynaqlanır?

DSC 3554 result

Sursat buraxan BOYGA PUA

– İctimaiyyət arasında “kamikadze PUA” kimi tanınan taktiki mini PUA sistemləri taktiki səviyyəli əməliyyatlarda çox təsirli vasitələrdir. Bu çərçivədə Türkiyənin ilk mini zərbə PUA-sı olan KARGU-nu inkişaf etdirdik və 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına qazandırdıq. KARGU Türkiyə Silahlı Qüvvələri başda olmaqla bütün təhlükəsizlik qüvvələrimiz tərəfindən daxili və transsərhəd əməliyyatlarda səmərəli şəkildə istifadə olunur. KARGU-nu aldığımız rəylərlə daim təkmilləşdirdik və bu sayədə onun əməliyyat meydanındakı uğuru günü-gündən artdı. Hazırda ixrac uğurları bir-birinin ardınca gəlir. KARGU-nu 3 müxtəlif qitədə 10-dan çox ölkəyə ixrac etmişik və hazırda 10-dan çox ölkə KARGU başda olmaqla taktiki mini PUA sistemlərimizlə yaxından maraqlanır.

DSC 3551 result result

TOGAN müşahidə-kəşfiyyat PUA-sı

Sursat buraxan PUA-mız BOYGA və kəşfiyyatçı PUA-mız TOGAN 2022-ci ildə Türkiyə Silahlı Qüvvələrində fəaliyyətlərinə başlayıb. BOYGA üzərində daşıdığı minaatan sursatını dəqiqliklə hədəfə buraxa bilir. Kəşfiyyatçı PUA-mız TOGAN isə kəşfiyyat-müşahidə fəaliyyətlərində, digər platformalarımızda olduğu kimi gecə-gündüz şəraitlərində xidmət göstərə bilir. TOGAN-ı Türkiyədən başqa, iki ölkəyə ixrac etmişik. Keçən aylarda BOYGA-nın da ilk ixracatını həyata keçirdik. Onların hər biri əhəmiyyətli ixrac potensialına malikdir və müxtəlif qitələrdən olan ölkələr bu iki sistemi də öz inventarlarına daxil etmək istəyirlər. KARGU-nun müxtəlif faydalı yük versiyaları olan; RF arayıcı başlıq və zireh dələn başlıq üçün də işlərimizi davam etdiririk. Hazırladığımız RF Arayıcı Başlıq sayəsində milli qürurumuz olan KARGU düşmənin radar və elektron müharibə sistemlərini aşkarlayıb məhv edə biləcək. Zireh dələn sursatların KARGU-ya inteqrasiyasında da uzun bir yol qət etmişik və ərazi sınaqları mərhələsindəyik. Kamikadze PUA-mız KARGU artıq zireh dələn başlığı ilə zirehli maşınlarda və dayanıqlı tikililərdə böyük dağıntılar yaradacaq.

– Özgür bəy, STM müasir dünyanın fundamental və mühüm sahələrindən biri olan kibertəhlükəsizlik sektoruna ciddi önəm verir. Bu arada, ADEX-2024 sərgisinin əhatə etdiyi bölmələr siyahısına yeni sektor – kibertəhlükəsizlik də əlavə edilib. Mümkünsə, STM-in kibertəhlükəsizlik sahəsindəki layihələri, nailiyyətləri və planları haqqında məlumat verə bilərsinizmi?

1727182019 f575061e8eab1b52154e8916c4c15ec5 result

ADEX-2024 STM sdenti

– Müdafiə bir bütövdür və kibermüdafiə bunun mühüm hissəsidir. Kibertəhlükəsizlik mövzusu artıq heç kəsin laqeyd qala biləcəyi sahə deyil və bildiyiniz kimi, NATO öz fəaliyyət sahələrinə (quru, hava, dəniz) Kiber Kosmosu da əlavə edtdi. Son olaraq Ukrayna və Rusiya arasındakı müharibənin kiber dünyaya əks olunması və ya kritik obyektlərə edilən kiberhücumlar kibertəhlükəsizliyin vacibliyini bizlərə bir daha göstərdi.

Kibertəhlükəsizlik STM-nin strateji fəaliyyət sahələrindən birini təşkil edir və biz Kiber Vətəni qoruyacaq milli sistemlər inkişaf etdirməyi bir vəzifə kimi görürük. Bu kontekstdə, inteqrator kimliyimizlə kiber təhdid kəşfiyyatından qərar dəstək sistemlərinə, tətbiqlərin təhlükəsizliyindən təhlükəsizlik səviyyələrinin müəyyən edilməsinə qədər hərtərəfli xidmətlər təklif edirik. Bu nöqteyi-nəzərdən Türkiyənin ilk Kiber Fusion Mərkəzi olan STM Siber Fusion Mərkəzimiz (SFM) 2016-cı ildən bəri mühüm rol oynayır. SFM ilə hələ kibertəhlükə baş verməmişdən və ya yaranan təhdid bir zəiflik yaratmamışdan əvvəl aşkarlayır və müştərilərimizə ehtiyat tədbirlərin görülməsinə dair istiqamət veririk.

Digər tərəfdən, ölkəmiz və kritik qurumlarımız üçün mühüm layihələr həyata keçiririk. Ölkəmizin göz bəbəyi olan Türkiyə Silahlı Qüvvələrinin kibertəhlükəsizliyi STM-yə həvalə olunub. Türkiyə Silahlı Qüvvələri Kiber Müdafiə Mərkəzi Layihəsi və Əmniyyət Baş İdarəsində Kiber Cinayətlər İdarəsinin İnformasiya Təhlükəsizliyi Layihəsi həyata keçirdiyimiz kritik milli layihələr arasındadır.

Yüksək texnologiya tələb edən müdafiə layihələrimiz intensiv proqram təminatı və rəqəmsal məlumatları əhatə edir. Bu nöqtədə müdafiə platformalarımızın öz vəzifələrini uğurla yerinə yetirə bilməsi üçün güclü kibermüdafiəyə də ehtiyacı var. STM olaraq bizlər də ölkəmizin qürur layihələri adlandıra biləcəyimiz mühüm platformaların kiber müdafiəsini öz üzərimizə götürürük. Milli Döyüş Təyyarəmiz KAAN-ın platforma kibertəhlükəsizliyini STM mühəndisləri inkişaf etdirir.

Digər tərəfdən, kibertəhlükəsizlik məsələsində ixtisaslı insan resurslarımızla çoxsaylı sahə təlimləri veririk. Maarifləndirmə tədbirləri çərçivəsində də ixtisaslı kibertəhlükəsizlik personalımız hər 3 aydan bir Kiber Təhdid Vəziyyət Hesabatları hazırlayır və kibertəhlükəsizliklə bağlı ən son tendensiyaları ictimaiyyətlə bölüşür. Bundan əlavə, kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların sayını artırmaq üçün hər il mütəmadi olaraq Türkiyənin ən uzunmüddətli kibertəhlükəsizlik tədbiri olan “Capture The Flag-CTF” yarışlarını təşkil edirik. Böyük məlumat, IoT və smart şəxsiyyət kartları kimi informatika sahəsində mülki sahə ilə bağlı mühüm layihələr həyata keçiririk.

Müsahibə üçün təşəkkür edirik.

Zaur Babaşov

CATEGORIES
TAGS