
Pakistan Türkiyədən KORKUT 35 hava hücumundan müdafiə (HHM) sistemi alıb.
“Poliqon” xəbər verir ki, bu, Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) sosial şəbəkə hesablarında paylaşdığı videogörüntülərdə öz təsdiqini tapıb.
“Atmosferin qoruyucusu” başlığı ilə yayımlanan videoda Türkiyənin ASELSAN şirkətindən alınmış KORKUT 35 HHM sistemi ilə yanaşı, Pakistan HHQ-nin aviasiya vasitələri, radar, elektron müharibə, komanda-idarəetmə və digər HHM sistemlərinin görüntüləri də yer alıb.
KORKUT 35 ASELSAN-ın inkişaf etdirdiyi 35 mm-lik hava hücumundan müdafiə sistemidir. Sistemin atəş gücü dəqiqədə 1100 atım, atəşə hazır sursat sayı isə 200 ədəddir. Effektiv atəş məsafəsi 4 kilometr olan KORKUT 35, döyüş təyyarələrini 35 kilometrədək məsafədən izləyə bilir.
HHM sistemi ASELSAN tərəfindən hazırlanmış proqramlaşdırılan partlayıcı mərmilərlə (ATOM 35 ABM) atəş açmaq imkanına malikdir. ATOM 35 ABM və ATOM 35 IABM sursatları 35 mm-lik KORKUT sisteminə “hava-yer” tipli raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları kimi müasir hava hədəflərinə qarşı effektiv mübarizə aparmağa imkan verir.





