
Pakistan HDQ üçün inşa edilən HANGOR sinifli dördüncü sualtı qayıq suya buraxılıb
Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən HANGOR sinifli dördüncü sualtı qayıq Çinin Uhan şəhərində yerləşən Şuanlyu bazasında suya buraxılıb.
“Poliqon” ISPR-ə istinadən xəbər verir ki, GHAZI adlı sualtı qayığın suya buraxılması ilə Pakistan HDQ daha bir mühüm mərhələyə imza atıb.
Belə ki, Çində inşa edilən dörd sualtı qayığın hamısı hazırda intensiv dəniz sınaqlarından keçir və Pakistan tərəfinə təhvil verilmənin son mərhələsindədir.
GHAZI-nin suya buraxılması münasibətilə keçirilmiş tədbirdə hər iki ölkənin yüksək vəzifəli rəsmiləri iştirak edib. Bu, Pakistan və Çin arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdiyini nümayiş etdirir.
Ümumilikdə Pakistan hökuməti səkkiz ədəd HANGOR sinifli sualtı qayığın alınması ilə bağlı Çinlə müqavilə imzalayıb. Bu müqaviləyə əsasən, sualtı qayıqlardan dördü Çində inşa olunur, qalan dördü isə texnologiya transferi çərçivəsində Pakistanın Karaçi Gəmiqayırma və Mühəndislik Zavodunda (KS&EW) inşa ediləcək.
Bu sualtı qayıqlar uzaq məsafələrdən hədəfləri məhv etməyə imkan verən qabaqcıl silah və sensor sistemləri ilə təchiz olunacaq. HANGOR sinifli sualtı qayıqlar regionda sülhün və sabitliyin qorunmasında mühüm rol oynayacaq.


