
Pakistan PIMEC-2025 Beynəlxalq Dəniz Sərgisi və Konfransına hazırlaşır
2025-ci ilin 3-6 noyabr tarixlərində Pakistanın Karaçi şəhərində keçiriləcək 2-ci PIMEC Beynəlxalq Dəniz Sərgisi və Konfransına (PIMEC-2025) hazırlıq işləri davam edir.
“Poliqon” xəbər verir ki, PIMEC-2025 sərgisi Pakistan Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü və təşkilatçılığı, Pakistan Dəniz İşləri Nazirliyinin dəstəyi ilə Karaçi Ekspo Mərkəzində keçiriləcək.
Tədbirin təşkilati işləri “Badar Expo Solutions” (BXSS) şirkəti tərəfindən yerinə yetirilir.
PIMEC, sərgi müddətində dənizçilik və dəniz müdafiəsi sahəsində mühüm sənaye platformalarından biri kimi diqqət mərkəzində olacaq. Sərgi dünyanın müxtəlif ölkələrindən innovativ şirkətləri, sənaye liderlərini, texnoloji yenilikçiləri və strateji tərəfdaşları bir araya gətirəcək.
PIMEC-2025 çərçivəsində gəmiqayırma, liman infrastrukturu, dəniz təhlükəsizliyi, dəniz müdafiəsi, enerji, logistika və ağıllı texnologiyalar sahəsində fəaliyyət göstərən aparıcı şirkətlər öz məhsul və həllərini təqdim edəcəklər.
Gəmiqayırma, təmir və mühəndislik sahəsində hərbi və kommersiya gəmiləri istehsalçıları, texniki xidmət və dizayn şirkətləri iştirak edəcək. Liman infrastrukturu bölməsində liman idarələri, terminal operatorları, avtomatlaşdırma və rəqəmsallaşdırma texnologiyalarını təklif edən şirkətlər, eləcə də dəniz tikinti firmaları yer alacaq.
Hərbi dəniz müdafiəsi və təhlükəsizlik istiqamətində hərbi gəmilər, müşahidə, radar, HHM, silah sistemləri, sərhəd nəzarəti və kibertəhlükəsizlik texnologiyaları təqdim olunacaq. Enerji sektorunda isə neft-qaz kəşfiyyatı, bərpa olunan enerji və dəniz ekoloji mühafizə texnologiyaları ön planda olacaq.
Logistika və təchizat zənciri sahəsində konteyner daşımaları və yükdaşıma xidmətləriŞ habelə ağıllı yük izləmə texnologiyaları təqdim ediləcək. Ağıllı dəniz texnologiyaları bölməsində süni intellekt əsaslı naviqasiya sistemləri, blokçeyn texnologiyaları və digər sistemlər nümayiş etdiriləcək.
PIMEC, bu il də təkcə sərgi deyil, həm də beynəlxalq əməkdaşlıq, texnoloji tərəqqi və yeni bazar imkanları üçün strateji platforma rolunu oynayacaq, o cümlədən Pakistanın dəniz sənayesində artan rolunu bir daha nümayiş etdirəcək.
Azərbaycandan “POLİQON JURNALI” media qrupu PIMEC-2025 Beynəlxalq Dəniz Sərgisi və Konfransının rəsmi media partnyoru qismində çıxış edir. “Poliqon” jurnalının ingilis dilində hazırlanacaq xüsusi buraxılışı sərgi iştirakçıları, ziyarətçilər, rəsmi nümayəndə heyətləri və beynəlxalq ekspertlər arasında yayımlanacaq. Azərbaycandan yeganə nümayəndə kimi “POLİQON JURNALI” media qrupu PIMEC-2025-də stendlə təmsil olunacaq.