Pakistan Türkiyənin T129 ATAK helikopterlərini almaqdan imtina etdi
Pakistan Müdafiə Nazirliyi Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən 30 ədəd T129 ATAK çoxməqsədli zərbə helikopterinin alınması ilə bağlı müqaviləni rəsmən ləğv edib.
“Poliqon” xəbər verir ki, Pakistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə departamentinin direktoru general Babar İftixar keçirdiyi mətbuat konfransında bu faktı təsdiqləyib.
Rəsmi qərarda göstərilir ki, LHTEC T800-4A turboval (qazoturbin mühərrikin bir növü) mühərriki Türkiyəyə ixrac etmək üçün ABŞ hökumətindən icazə almadığından Pakistan artıq Türkiyənin mühərriklə bağlı problemi həll edə biləcəyinə inanmır. Qeyd etmək lazımdır ki, LHTEC – Light Helicopter Turbine Engine Company olaraq açıqlanır və Böyük Britaniyanın “Rolls-Royce” və ABŞ-ın “Honeywell” şirkətlərinin birgə müəssisəsidir.
Türkiyənin NATO üzrə müttəfiqləri arasında olan fikir ayrılıqları Türkiyənin hərbi sənaye kompleksinin həyatını xeyli çətinləşdirib. Belə ki, ABŞ-ın Türkiyəyə texnologiya ixracı üçün lisenziya vermək istəməməsi ilkin olaraq Pakistanla 1,5 milyard ABŞ dollarlıq müqaviləni sual altına qoymuş və indi Türkiyə hərbi sənaye kompleksi rəsmən böyük sifarişi itirib.
Daha əvvəl Pakistan ABŞ-dan hücum helikopterləri ala bilməyib. Belə ki, 2015-ci və 2016-cı il müqavilələrinə əsasən, Pakistan 2018-ci ilə qədər 12 ədəd Bell AH-1Z “Viper” helikopteri ilə silahlanacağını gözləyirdi, lakin maşınlar heç vaxt çatdırılmadı. Rəsmi səbəb “müqavilə ilə bağlı texniki çətinliklər” olsa da, qeyri-rəsmi səbəb Pakistan və Çin arasında hərtərəfli yaxınlaşma idi.
Pakistanın hücum helikopterləri ilə silahlanmasının yeganə variantı Çinin CAIC Z-10 helikopterinin Z-10ME adlı təkmilləşdirilmiş ixrac versiyasının alınmasıdır.
Əhəd Əzizov