Pakistanda keçirilən IDEAS-2024 sərgisinin açılışı olub – FOTOLAR
Bu gün Pakistanın Karaçi şəhərində 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarı (International Defence Exhibition and Seminar – IDEAS) öz işinə başlayıb.
“Poliqon” xəbər verir ki, Karaçi Ekspo Mərkəzində keçirilən 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarı rəsmi açılış mərasimi olub.
Açılış mərasiminə Pakistan rəsmiləri, yüksək rütbəli hərbçiləri, xarici ölkələrin nümayəndə heyətləri, sərgi iştirakçıları qatılıblar. Mərasimdə regionun mühüm müdafiə sənayesi sərgilərindən olan IDEAS-2024-ün, bu sahədəki beynəlxalq istehsalçıları, məhsul və xidmət tədarükçülərini, dövlət rəsmilərini bir araya gətirərək, yeni əməkdaşlıq imkanlarının araşdırılmasına, B2B görüşlərin həyata keçirilməsinə töhfə verəcəyi bildirilib.
IDEAS-2024 sərgisini ziyarət edən Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti də açılışda iştirak edib.
Meqa-regional tədbirlərdən hesab olunan IDEAS sərgisi iki ildən bir Pakistan Silahlı Qüvvələrinin dəstəyi, Müdafiə İxracının Təşviqi Təşkilatının (DEPO) təşkilatçılığı və Müdafiə İstehsalatı Nazirliyinin (MoDP) təşəbbüsü ilə keçirilir.
IDEAS-2024 sərgisinin idarə edilməsinə cavabdeh Pakistanın “Badar Expo Solutions” şirkətidir. Karaçi Ekspo Mərkəzində keçiriləcək IDEAS-2024 sərgisi ümumi sahəsi 12600 kvadrat metr olan 9 zalı əhatə edir. Sərgidə iştirak edən 38 ölkədən 15-i milli pavilyonla təmsil olunacaq. 52 mindən çox ziyarətçinin, 350 xarici nümayəndə heyətinin ziyarət edəcəyi IDEAS-2024 sərgisində ümumilikdə 532 iştirakçı şirkət və təşkilat öz məhsul və xidmətlərini nümayiş etdirəcək.
Sərgidə iştirakçılar tərəfindən müdafiə sənayesinin müxtəlif məhsul qruplarına aid həllər və xidmətlər təqdim olunacaq. Nümayiş olunacaq məhsullar arasında pilotsuz uçuş aparatları, döyüş təyyarələri, helikopterlər, rabitə avadanlıqları, elektro-optik cihazlar, raket və artilleriya sistemləri, elektron müharibə vasitələri, zirehli maşınlar, tanklar, silah və sursatlar, hava hücumundan müdafiə sistemləri, təlim avadanlıqları, simulatorlar, hərbi gəmi və katerlər, radarlar, sahil mühafizə sistemləri, tank əleyhinə silah sistemləri və s. yer alacaq.
Qeyd edək ki, Azərbaycandan “Poliqon” jurnalı IDEAS beynəlxalq müdafiə sənayesi sərgisinin rəsmi media tərəfdaşı qismində çıxış edir. IDEAS-2024-də Azərbaycanı stendlə təmsil edəcək “Poliqon” jurnalı sərgidə özünün ingilis dilində hazırlanmış IDEAS-2024 Xüsusi Buraxılışını təqdim edəcək. “Poliqon” jurnalının IDEAS-2024 Xüsusi Buraxılışı sərgi iştirakçıları, rəsmi nümayəndə heyətləri və ziyarətçilər arasında yayımlanacaq.