Pentaqon və “Northrop Grumman” arasında 13.3 milyard dollarlıq müqavilə imzalanıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə “Northrop Grumman” şirkəti arasında 13.3 milyard dollar dəyərində müqavilə imzalanıb.
Bu barədə Azeri Defence saytı “Northrop Grumman” şirkətinə istinadən məlumat verib.
Müqaviləyə əsasən ABŞ Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün GBSD proqramı çərçivəsində “Northrop Grumman” şirkətinin baş podratçılığı ilə perspektivli ICBM qitələrarası ballistik raketinin hazırlanması planlaşdırılıb.
Yeni ICBM qitələrarası ballistik raketi ABŞ Ordusunun silahlanmasında yer alan LGM-30G “Minuteman III” ICBM-lərini əvəz edəcək.
LGM-182A indeksli yeni ICBM qitələrarası ballistik raketin 2029-cu ilə qədər hazırlanması, növbəti 10 il ərzində silahlanmaya verilməsi və bundan sonra ən azı 2075-ci ilə qədər xidmətdə olacağı gözlənilir.
“Northrop Grumman”ın GBSD podratçılar qrupuna “Aerojet Rocketdyne”, “Bechtel”, “Clark Construction”, “Collins Aerospace”, “General Dynamics”, “HDT Global”, “Honeywell”, “Kratos Defence and Security Solutions”, “L3Harris”, “Lockheed Martin” və “Textron Systems” şirkətləri daxildir.