Polşa ordusu “Piorun” DZRK-nin növbəti partiyasını qəbul edib

Polşa ordusu “Piorun” DZRK-nin növbəti partiyasını qəbul edib

Polşa Silahlı Qüvvələri bu il 140 dəstdən ibarət milli “Piorun” DZRK-nin (daşınan zenit raket kompleksi) buraxma qurğusunun növbəti partiyasını təhvil alıb.

“Poliqon” “Militarium”a istinadən xəbər verir ki, Polşa Ordusu “Piorun” DZRK buraxma qurğusu ilə birlikdə 267 ədəd zenit idarə olunan raket (ZİR) də qəbul edib.

İstehsalçı qalan “Piorun” DZRK və onun raketlərinin yaxın vaxtlarda təhvil veriləcəyinin anonsunu da verib.

Əvvəllər “Grom-M” adlandırılın “Piorun” kompleksi Polşanın ZM MESKO şirkəti tərəfindən yaradılaraq istehsal edilir və “Grom” DZRK ailəsinin daha da təkmilləşdirilmiş versiyasıdır.

Polşa Müdafiə Nazirliyinin Silahlandırma üzrə Müfəttişliyi ilə istehsalçı ZM MESKO şirkəti arasında 2016-cı ilin dekabrında imzalanmış və dəyəri 232,7 milyon ABŞ dolları olan müqaviləyə əsasən, Polşa ordusu 2022-ci ilə qədər “Piorum” DZRK-nin 420 ədəd buraxma qurğusunu və 1300 ədəd ZİR, həmçinin GR-D gündüz və CTP-1 termal nişangahlarını almalıdır.

150 dəst DZRK-dən və 40 dəst atəşi idarəetmə sistemindən ibarət ilk partiyanın tədarükünün 2017-ci ildə baş tutması gözlənilirdi, lakin qəbul sınaqları zamanı ortaya çıxan texniki problemlər səbəbindən ilk tədarük yalnız 2018-ci ilin dekabrında reallaşıb.

“Piorun” kompleksinin yaradılmasına 2006-cı ildə başlamış və lisenziya əsasında istehsal olunan 9K310 “İqla-1” DZRK ilə müqayisədə texniki xassələri xeyli yaxşılaşdırılıb.

İstehsalçının sözlərinə görə, “Piorun” DZRK operatordan 10-4000 metr hündürlükdə və 500-6500 metr məsafədə uçan hava hədəflərini məhv edə bilir.

2016-cı ildən bəri istismarda olan Polşa istehsalı PSR-A PILICA zenit raket və artilleriya sistemi “Piorun” DZRK ilə təchiz edilə bilir.

PSR-A PILICA zenit raket-artilleriya sistemi, yaxın məsafəli zenit kompleksi olmaqla, bir dəst 23 mm-lik qoşalaşdırılmış ZUR-23-2KG “Jodek-G” zenit qurğusunu və iki dəst qısamənzilli “Grom”/“Piorun” DZRK-ni özündə birləşdirir.

Sistem müstəqil batareya kimi qurulub, kompyüterləşdirilmiş atəşi idarəetmə sistemi və əlavə optoelektronik cihazlarla təchiz edilib.

Bundan başqa, “Piorun” DZRK, həmçinin Polşa istehsalı “Poprad” zenit raket kompleksinin tərkibində də tətbiq edilə bilir.

 

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS