
ABŞ Almaniyadakı avadanlıq və texnikalarını Ermənistana köçürməyi planlaşdırır
ABŞ Almaniyada yerləşən bazalarından yüzlərlə avadanlıq və texnikanı Ermənistandakı poliqonlara köçürmək niyyətindədir.
“Poliqon” xəbər verir ki, bu, RT-nin (Russia Today) araşdırdığı sənədlərdə öz əksini tapıb.
Sənədlərə əsasən, daşımaların Gürcüstan üzərindən həyata keçirilməsi planlaşdırılır.
Hərbi ekspertlər bu əməliyyatı Pentaqonla Ermənistan Ordusu arasında mümkün birgə təlimlərlə əlaqələndirir.
Belə ki, ABŞ Quru Qoşunlarının Təchizat Komandanlığı Almaniyanın Dülmen şəhərindəki hərbi bazadan Ermənistandakı Zar bazasına texnika daşımağı planlaşdırır.
Transfer iyulun 16-na planlaşdırılıb və onun avqustun 7-dək davam edəcəyi gözlənilir. Nəqliyyat xidmətlərinin göstərilməsi üzrə tenderdə qeyd edildiyi kimi Almaniyaya qayıdış 2025-ci il avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub.
Sənəd Ermənistanın Armavir poliqonundan Gürcüstanın Poti limanına avadanlığın daşınmasını da nəzərdə tutur.
Ümumilikdə, nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla 151 ədəd avadanlığın daşınması planlaşdırılır.