Polşa Quru Qoşunları 32 ədəd AW149 helikopteri alacaq

Polşa Quru Qoşunları 32 ədəd AW149 helikopteri alacaq

Polşa hökuməti ölkənin Quru Qoşunları üçün 32 ədəd “AgustaWestland” AW 149 helikopterinin alınmasına dair müqaviləyə razılıq verib.

“Poliqon” Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, bunlar “PZL Świdnik” şirkətinin də daxil olduğu “Leonardo” qrupunun tərkibində inşa edilən helikopterlərdir.

İmzalanmış sənəd 32 ədəd AW149 helikopterinin logistika paketi – ehtiyat hissələri və məsrəf materialları ilə birlikdə tədarükünü nəzərdə tutur.

Müqaviləyə həmçinin helikopterin yerüstü texniki xidməti avadanlığı və təlim-məşq vasitələri daxildir. Müqavilə pilotların və texniki heyətin kompleks hazırlığını da nəzərdə tutur. Bu helikopterlər nəqletmə, qoşunların havadan dəstəklənməsi, həmçinin təxliyə və axtarış əməliyyatları üçün istifadə olunacaq. Helikopterlər daha ağır versiyada sifariş ediləcək, onlar tank əleyhinə idarə olunan raketlərlə təchiz olunacaq.

Helikopterlər 2023-2029-cu illərdə təhvil verilməlidir. İlk bortlar gələn il tədarük ediləcək. Sövdələşmənin dəyəri təxminən 1,8 milyon ABŞ dollarıdır (8,250 milyon zloti).

Polşa Silahlı Qüvvələrinin ehtiyaclarına cavab verən konfiqurasiyada olan AW149 helikopterləri müşahidə sistemləri, atıcı silahlar, idarə olunan və idarə olunmayan raketlərlə təchiz ediləcək. Silahlar, helikopterdən istifadə variantından asılı olaraq, kabinada və ya helikopterin asqı nöqtələrində quraşdırıla bilər.

AW149 gecə və gündüz əməliyyatları apara bilən çoxməqsədli hərbi helikopterdir:

– maksimal uçuş kütləsi: 8300 kq (8600 kq-a qədər artırmaq mümkündür);

– maksimal uçuşsürəti: 313 km/saat;

– kreyser sürəti: 287 km/saat;

– maksimal uçuş məsafəsi: 958 km;

– maksimak uçuş müddəti: 4 saat 55 dəqiqə.

– AW149 göyərtəsinə 19 sərnişin götürə bilər. Heyəti 2 nəfərdən ibarətdir, lakin əsas vəzifələri bir pilot yerinə yetirə bilər.

Xatırladaq ki, ötən il fevralın əvvəlində Polşanın Mi-2 helikopterlərini AW139 ilə əvəz etmək variantını nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.

Bundan başqa, 2019-cu ilin aprelində Polşa İtaliyanın “Leonardo” şirkəti ilə milli Hərbi Dəniz Qüvvələri üçün dörd ədəd AW101 helikopterinin alınmasına dair müqavilə imzalayıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS