Polşa “Warmate” süzən sursatının satışını artırır
Polşanın “WB Group” şirkəti “Warmate” süzən sursatlarının satışını artırır.
“Poliqon” xəbər verir ki, “WB Group” konserninin mətbuat xidmətinin yaydığı məlumata görə, konsern “Warmate” süzən sursatının təkmilləşdirilmiş xüsusiyyətlərə malik ən son “3.0” versiyasının tədarükü barədə müqavilə imzalayıb.
Qeyd olunur ki, dəyişdirilə bilən başlıqları olan modul tipli zərbə sistemlərinin partiyası xarici bir ölkənin silahlı qüvvələrinə çatdırılacaq. Sözügedən müqavilə, artıq “Warmate” sisteminə sahib olan eyni müştəri ilə növbəti bir anlaşmadır.
Bu müqavilə “WB Group” konserninin qlobal silah bazarında rəqabət qabiliyyətli, sübut edilmiş bir sistemə malik olduğunu təsdiqləyir.
Hazırda imzalanmış müqavilə əsasında tədarüklər başa çatdıqdan sonra, müştəri ölkələrin silahlı qüvvələri ümumilikdə bir neçə yüz “Warmate” süzən sursatına malik olacaq.
“Warmate” pilotsuz sistemi müştərinin silahlı qüvvələri tərəfindən uzunmüddətli müqayisəli sınaqlar əsasında seçilib.
“WB Group” konserninin hesablamalarına görə, 2022-ci ilin ilk yarısında “Warmate” sifarişlərinin sayı mindən çox olacaq. Bildirilir ki, istehsal olunan süzən sursatlar daim təkmilləşdirilir.
“3.0” versiyasındakı zərbə sistemi təkmilləşdirilmiş parametrlərə malikdir. Bunlara digər parametrlərlə yanaşı, radiorabitə və işləmə diapazonunun artırması daxildir. Lakin təkmilləşmə bununla məhdudlaşmır. Yeni versiya daha aşağı səsli mühərriklə təchiz edilib. Sistem, hücumun son mərhələsində pərvane pərlərini avtomatik olaraq qatlama qabiliyyətinə malikdir.
“Warmate” süzən sursatı “WB Electronics” şirkəti (WB Group” konserninə daxildir) tərəfindən hazırlanmış və ilk dəfə geniş ictimaiyyətə 2014-cü ildə təqdim edilmiş döyüş sursatıdır. İstehsalçı məhsulunun tank əleyhinə idarə olunan raketlərə yaxşı bir alternativ olduğunu iddia edir. Düşmən texnikasını daha böyük məsafədə məhv etməyə imkan verir, TƏİR ilə müqayisədə hədəfin aşkarlanması və vurulması prosesini asanlaşdırır.
Sursat portativ atıcılardan və ya pilotsuzlar da daxil olmaqla hava daşıyıcılarından atıla bilər. Sursatın hədəfə tuşlanması və idarə olunması operator tərəfindən həyata keçirilir.
Müxtəlif mənbələrə görə, birinci variant sursat, gündüz optik sensoru olan 0,7-1,3 ilə 4 kq arasında kütləyə malik birdəfəlik döyüş sursatıdır. Qanad açıqlığı 1,4 m olan bu PUA, 10 km-ə qədər məsafədə 40 dəqiqəyə qədər uça bilir. Sursat kütləsi 0,7 kq olan qəlpəli və ya kumulyativ döyüş başlığı daşıyır.
Əhəd Əzizov