Portuqaliya 6-cı nəsil döyüş təyyarəsi layihəsində müşahidəçi kimi yer alacaq

Portuqaliya 6-cı nəsil döyüş təyyarəsi layihəsində müşahidəçi kimi yer alacaq

Portuqaliya, Avropada hazırlanmaqda olan 6-cı nəsil qırıcı təyyarənin inkişaf layihəsində müşahidəçi statusunda yer alacaq və bunun üçün heç bir avro xərcləməyəcək.

“Poliqon” xəbər verir ki, bunu Portuqaliyanın müdafiə naziri Nuno Melo “CNN Portugal” telekanalına verdiyi müsahibədə deyib.

Nazirin sözlərinə görə, onların məqsədi layihədə müşahidəçi kimi iştirak etməkdir: “Bu, bizi gələcək baxımından üstün mövqeyə gətirir. Hazırda isə “F-16 qırıcılarının əvəzlənməsi məsələsi gündəmdə deyil”.

N.Melo bildirib ki, Portuqaliya Silahlı Qüvvələrin, xüsusilə Hərbi Hava Qüvvələrinin kosmos sahəsində imkanlarının artırılmasına geniş şəkildə sərmayə qoyur. Hazırda ölkənin beş peyki mövcuddur, onlardan üçü fəaliyyətdədir. Gələn il daha iki peyk istifadəyə veriləcək. Onlardan biri isə birbaşa Portuqaliyada hazırlanıb istehsal olunacaq. Sözügedən peyk təhlükəsizlikdən tutmuş iqlim dəyişikliyi kimi sahələrdə tətbiq olunacaq.

Yeni hava limanı ilə bağlı müzakirələrə toxunan nazir qeyd edib ki, hazırda istifadədə olan Lissabon hava limanı hərbi əməliyyatlar üçün də istifadə olunur, burada AT1 mövcuddur. Gələcəkdə Margem Sul bölgəsində tikiləcək yeni hava limanında da eyni imkanlar təmin edilə bilər.

O həmçinin, Portuqaliya tərəfindən A29 “Tucano” tipli təlim təyyarələrinin alınmasına dair 200 milyon avroluq müqavilə imzalandığını da açıqlayıb. Bu təyyarələr NATO standartlarına uyğunlaşdırılaraq A29 “Super Tucano” modelinə çevriləcək. Müvafiq təkmilləşdirmə işləri Portuqaliyanın öz şirkətləri tərəfindən həyata keçiriləcək və əlavə 70 milyon avro sərmayə tələb edəcək.

CATEGORIES
TAGS