Prezident: “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatları məqsədyönlü əməliyyatlar idi

Prezident: “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatları məqsədyönlü əməliyyatlar idi

23 aprel hadisələri çox önəmli bir tarixdir. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

“Biz 23 aprelə qədər də bir neçə dəfə Ermənistana və yerli separatçılara nümayiş etdirmişdik ki, bu, bizim torpağımızdır, həm “Fərrux” əməliyyatı, “Sarıbaba-Qırxqız” əməliyyatı, “Qisas” əməliyyatı, bütün bunlar tərəfimizdən aparılmış önəmli hərbi əməliyyatlar idi. Bu əməliyyatlar nəticəsində o vaxt nəzarətimizdə olmayan Qarabağ bölgəsinin strateji təpələri, yüksəklikləri biz tərəfdən götürülmüşdür və 19-20 sentyabr əməliyyatı üçün bunun çox böyük əhəmiyyəti var idi.

Yəni, o əməliyyatlar, sadəcə olaraq, kortəbii seçilməmişdi, məqsədyönlü əməliyyatlar idi. Çünki müharibədə xüsusilə bizim relyefi nəzərə alsaq, əsas məsələ təpələrin kimin əlində olmasıdır və 19-20 sentyabr əməliyyatının qısa müddət ərzində aparılmasının əsas səbəbi də məhz dediyim o vaxta qədər keçirilmiş əməliyyatlardır və təbii ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinin nəzarətdə olması. Çünki separatçılar artıq silah-sursata malik olmaq üçün bu imkanlardan da məhrum edilmişdi”, – deyə Prezident İlham Əliyev qeyd edib.

CATEGORIES