Xəbərlər

Prezident: İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi

Əgər Ermənistan bizim sözümüzə baxsaydı, öz xoşu ilə torpaqlarımızdan çıxsaydı, İkinci Qarabağ müharibəsi olmaya bilərdi.

“Poliqon” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında səsləndirib.

2016-cı ilin Aprel döyüşlərinin mənəvi cəhətdən və strateji nöqteyi-nəzərdən Azərbaycan üçün böyük qələbə olduğunu xatırladan dövlət başçısı deyib ki, həmin döyüşlər nəticəsində azad edilən yüksəkliklər Azərbaycana əlavə imkanlar, o cümlədən İkinci Qarabağ müharibəsində uğurlu yürüşə də zəmin yaratdı.

“Aprel döyüşlərindən sonra Ermənistan qorxuya düşmüşdü və faktiki olaraq işğal edilmiş torpaqlardan qoşunları çıxarmağa hazır idi, hətta buna söz vermişdi. Ancaq ondan sonra sözünü tutmadı. Aprel döyüşləri onlar üçün dərs olmadı. Ondan iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Bu da onlara dərs olmadı. Nəhayət, İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi və müzəffər Azərbaycan Ordusu öz doğma torpaqlarını azad etdi. Biz hesab edirdik ki, nəhayət bu, onlara dərs olacaq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Ermənistan ordusu tamamilə dağılmış vəziyyətdədir. Müharibə dövründə 10 min fərarisi olan ölkə nə fiziki, nə mənəvi cəhətdən müharibə aparmaq iqtidarında deyil.

Back to top button