Prezident: İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində hərbi gücümüzü böyük dərəcədə artırmışıq
İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı söyləyib.
Dövlət başçısı bildirib ki, yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradılıb və onların da say tərkibi ildən-ilə artır və artacaq: “Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”.
Prezident İlham Əliyev qeyd edib ki, bununla paralel olaraq, Azərbaycan yerli hərbi sənaye kompleksini də daha sürətlə inkişaf etdirməlidir.
“Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Deməli, yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçibdir. Yəqin ki, növbəti bir-iki il ərzində bizim hərbi sənaye kompleksimiz daha böyük olacaqdır, həm çeşidlərin sayına, həm də ki, istehsal olunacaq məhsulların keyfiyyətinə görə. Burada bir neçə məqsəd güdülür. İlk növbədə, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. İkincisi, biz xarici mənbələrdən daha az asılı olmalıyıq. Təbii ki, bu asılılığı tam aradan qaldırmaq mümkün olmayacaq. Bunu da biz bilməliyik. Amma maksimum dərəcədə özümüzü yerli istehsalla təmin etməliyik. Bu sahədə, xüsusilə müasir dövrdə tətbiq olunan texnoloji yeniliklər bizim ümumi intellektual potensialımızı gücləndirəcək. Çünki bu sahədə çalışan kadrlar, öz işlərini tamamilə yeni, texnoloji və metodoloji əsaslar üzərində qururlar və quracaqlar. Minlərlə yeni iş yeri yaradılacaq. Artıq bütün bunlar bizim təkcə planlarımız deyil, həyata keçirilən layihələrdir. Təbii olaraq, bu layihələr haqqında geniş danışmağa ehtiyac yoxdur. Sadəcə olaraq bildirməliyəm ki, bu da bizim növbəti illər üçün əsas vəzifələrimizdən biri olacaqdır”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.