Prezident İlham ƏLİYEV: Azərbaycan böyük həcmdə silah alınmalarını davam etdirəcək
Ali Baş Komandan bəyan etdi“Azərbaycanın hərbi potensialı güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir. Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq”. “AzeriDefence”nin məlumatına görə, bunu Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına həsr olunmuş müşavirəsində Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.
“Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaqdır”, – deyə prezident vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, rəsmi Bakı hər bir yerdə olduğu kimi, bu sahədə də şaxələndirilmiş siyasət aparır. Bir istehsalçıdan asılı deyil. Bu sahədə Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin də sayı artır.
“Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcəkdir”, – deyə prezident əlavə edib.
“Azərbaycanın artıq güclü ordusu var. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni – ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır”, – deyə Ali Baş Komandan bəyan edib.