
PROTECTOR robotunun Ukrayna Silahlı Qüvvələrində istismarına icazə verilib
Ukrayna Müdafiə Nazirliyi PROTECTOR yerüstü robot kompleksini kodlaşdırıb və Silahlı Qüvvələrdə istismarına icazə verib.
“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ağır yerüstü robot olan PROTECTOR, logistika və döyüş tapşırıqlarını istənilən ərazi və hava şəraitində yerinə yetirərkən hərbçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yerli şirkət tərəfindən hazırlanıb.
Bildirilib ki, robot hazırlanarkən Ukrayna hərbçilərinin real döyüş təcrübəsi nəzərə alınıb.
Robotun daşıma qabiliyyəti 700 kiloqrama, hərəkət ehtiyatı isə 400 kilometrə qədərdir. Güclü daxili yanma mühərriki ilə təchiz olunan PROTECTOR, yüksək keçicilik bacarığına malikdir. Tam ötürücülü sistem sayəsində böyük və su maneələrini aşa bilir. Robotun təchiz olunduğu “RunFlat” tipli təkərlər zədələndikdə belə hərəkəti davam etdirməyə imkan verir.
PROTECTOR-un yerinə yetirə biləcəyi tapşırıqlar:
- döyüş sursatı və təchizatın daşınması,
- yaralıların təxliyəsi,
- robotlaşdırılmış döyüş modulları üçün platforma,
- mobil radioelektron mübarizə və radioelektron kəşfiyyat sistemlərinin daşıyıcısı kimi istifadə olunması və s.