PUA-ların ağıllı mini sursatları – TƏHLİL

PUA-ların ağıllı mini sursatları – TƏHLİL

Günümüzdə pilotsuz uçuş aparatlarının (PUA) istifadəçilərinin sayı artmaqda və bu proses müxtəlif coğrafiyalara doğru genişlənməkdə davam edir. Döyüş PUA-­larının istehsalçılarının və operatorlarının artması özü ilə birgə yeni ehtiyaclar da meydana çıxarır. Bunlardan da birincisi və həlli mühümü PUA­-lar üçün idarə olunan yüksək dəqiqlikli döyüş sursatlarının yaradılmasıdır.

Dünyanın müxtəlif dövlətlərinə məxsus istehsalçılar tərəfindən mini idarə olunan və olunmayan döyüş sursatlarının yaradılması həyata keçirilməkdədir. Mini ölçülü idarəolunan sursatlar böyük “hava-yer” raketləri və ya artilleriya vasitələrinin istifadə edilmsi mümkün olmayan şəhər və yaşayış məskənlərində ideal həll hesab olunur. İlk növbədə, PUA-lar bir və bir neçə deyil, çox sayda döyüş sursatı ilə yüklənə bilir ki, bu da bir uçuş zamanı müxtəlif hədəflərə qarşı döyüş aparmağa inkan yaradır. Kiçik idarəolunan bombaların digər üstünlüyü ucuz qiymətə başa gəlməsidir.

Böyük dağıdıcı gücə və eyni zamanda həddən artıq baha qiymətə olan idarə olunan bombaların çox hallarda kiçik qruplara və böyük əhəmiyyət daşımayan hədəflərə atılmasının səmərəsizliyi 2011-ci ildə ABŞ Ordusunun yeni seçimlər axtarışına gətirib çıxardı. Pentaqonun təşəbbüsü ilə aparıcı müdafiə sənayesi şirkətləri bu tip layihələr üzərində işlərə başladılar.

Ordunun ehtiyaclarını qarşılamaq məqsədi ilə 2010-cu ildə ABŞ Müdafiə Nazirliyinin 11.3 kq və ya daha az çəkili idarəolunan aviasiya bombalarının yaradılmasına dair təkliflər sorğusu elan etməsi ilə yüngül aviasiya və PUA-lar üçün yeni nəsil mini ölçülü döyüş sursatlarının yaradılnası işləri sürətləndi. ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları istismar olunan pilotsuz aviasiyasının kiçik ölçülü və qiyməti ucuz döyüş sursatlarına ehtiyacını açıqladı. Hesab edilirdi ki, yüngül və orta PUA kəşfiyyat məsələlərini yerinə yetirməklə yanaşı, yerüstü hədəflərə zərbə endirmək üçün idarə olunan döyüş sursatına malik olmalıdır. Bununla belə, mini idarəolunan bombalar PUA-lara düşmənin canlı qüvvəsini və ya zirehsiz texnikasını məhv etməyə imkan verməli idi. Təkliflərə qısa zamanda reaksiya verən bütün aparıcı raket istehsalçıları kiçik kalibrli idarəolunan raket layihələrini təqdim etdilər. Qiymətin ucuz, çəkinin yüngülləşdirilməsinə nail olmaq üçün istehsalçılar ağır raket mühərriklərindən imtina etmək məcburiyyətində qaldılar.

ABŞ-ın STM “Pyros” sursatı ilə ilk addımı

1504883366 01 3

STM “Pyros” sursatı

Bu kontekstdə yeni sinfin ilk tədarüklərindən biri ABŞ-ın “Raytheon” şirkətinin PUA-lar üçün hazırladığı “Pyros” adlı idarə olunan döyüş sursatı idi. İlkin mərhələdə layihə STM (Small Tactical Munition) kiçik taktik döyüş sursatı adını daşıyırdı və texniki tapşırığa əsasən, sursatının maksimum çəkisi 6-7 kiloqramı ötməməli, maksimum uzunluq 2 fut (təxminən 60 santimetr) ilə məhdudlaşmalı idi. “Raytheon” şirkətinin mütəxəssisləri 2010-cu ilin payızında uzunluğu 56 SM, çəkisi təxminən 5.4 kq təşkil edən STM “Phase I” sursatının sınaqlarını keçirdi. Bütün aqreqatları silindrik korpusda quraşdırılan sursat X-formalı qanadlar və 4 stabilizator ilə təchiz olunub. Raket hədəfə yarıaktiv lazer və GPS vasitəsi ilə yönəlir. Seriyalı istehsala “Pyros” adıyla başlayan sursatın ümumi quruluşu və qabaritləri əvvəlki kimi qalsa da, çəkisi 6 kq-a qədər ağırlaşıb.

3.2 kq ağırlığında qəlpə-fuqas döyüş başlığı daşıyan döyüş sursatının proqramlaşdırma vasitəsi ilə hədəfin üzərində müəyyən edilmiş hündürlükdə partladılması mümkündür. “Pyros” yüngül və orta PUA-lardan başqa, ağır sinif aparatların da silahlanmasına daxil edilə bilər. Bu halda, MQ-9 “Reaper” PUA bir AGM-114 “Hellfire” raketinin yerinə, 7–8 “Pyros” bomba daşıya bilir və bu da PUA-nın bir uçuşda çox sayda hədəfə qarşı istifadəsinə imkanlar yaradır.

MBDA-dan SABER sursatı

1504883354 01 02 mdba saber

SABER sursatı

MBDA Missile Systems şirkətinin ABŞ-dakı MBDA törəmə müəssisəsində 2010-cu ildə şirkətin maliyyəsi ilə PUA-lar üçün lazer+GPS/INS dəstəkli idarəolunan mini sursatlar hazırlanıb.

SABER adlı döyüş sursatı müştərinin tələblərinə uyğun olaraq raket və ya süzən sursat (kamikadze PUA) kimi konfiqurasiya edilə bilər. “Blast-Frag” ikili rejimli döyüş başlığı istifadə edir. SABER yarı aktiv lazer aramalı və atış platformasının istiqamətindən asılı olmayaraq sursatın oxdan kənarda uçmasına imkan verən GPS/INS orta kurs naviqasiyasından istifadə edir. SABER “insan dövrəsinə” nəzarət etməyə imkan verən data-link kommunikasiyaları ilə TV/İQ sensorundan istifadə edən alternativ arayıcıdan istifadə edə bilər.

Ötən müddət ərzində MBDA-nın SABER uzaq məsafəli idarə olunan aviasiya raketinin 4.5 kq-dan 13.6 kq-dək fərqli ölçülərdə nümunələri hazırlanaraq sınaqlardan çıxarılıb. GPS/INS və yarıaktiv lazer başlığa, yığılan qanadlara malik SABER raketinin texniki xüsusiyyətləri barədə geniş informasiya mövcud deyil.

“Shadow Hawk” PUA sursatı

Pentaqonun təklifi əsasında “Lockheed Martin” korporasiyası tərəfindən ha- zırlanmış “Shadow Hawk” mini qabaritli idarə olunan aviasiya raketinin ilk sınaq- ları 2012-ci il mart ayında Yuta ştatındakı Daquey poliqonunda keçirilib. “Shadow Hawk” idarə olunan döyüş sursatı sınaqlar zamanı 1545 metr hündürlükdən AAI RQ-7 “Shadow” PUA-dan atılıb. Təxminən 500 km/saat sürətlə hədəfə yönələn döyüş sursatı hədəfi yüksək dəqiqliklə (0,2 metr yayınmaqla) vurub.

Qeyd edək ki, adıçəkilən döyüş sursatının hədəfdən sapması 1 metdən çox deyil. Lazer yönləndirməli 69 mm-lik “Shadow Hawk” raketi 11 funt (4.9 kq) çəkiyə malikdir. Yüngül və orta çəkili PUA-ların silahlandırılması üçün nəzərdə tutulan raketin quyruq hissəsində açılan X-formalı qanadları, səthində idarəetmə çarxları, ön hissəsində özü tuşlanan lazer və idarəetmə bloku yer alır. 2014-cü ilə qədər “Shadow Hawk” aviasiya raketinin sınaqlarını tamamlayan “Lockheed Martin” şirkəti hazırda ABŞ və başqa ölkələrin silahlı qüvvələrinə öz məhsullarını tədarük edir. “Shadow Hawk” layihəsi üçün təqdimat materialları, “Raytheon” şirkətinin “Pyros” bomba iddiasında olduğu kimi, eyni dəlilləri özündə əks etdirir. Yeni  bombaların yüngül və orta ölçülü PUA-lara yalnız kəşfiyyat və zərbə əməiyyatları üçün deyil, həm də geniş diapazonlu missiyanın həyata keçirilməsini asan və ucuz  olaraq həll etməyə imkan verir.

ATK “Hatchet” ağıllı sursatı

1504883336 01 04 hatchet

ATK “Hatchet” ağıllı sursatı

“Alliant Techsystems” (ATK) şirkətinin 2012-ci ildə təqdim etdiyi PUA-lar üçün “Hatchet” adlı yeni ultra-kiçik aviasiya bombası Amerikada mövcud olan analoqlarından qabarit  və çəkisinin daha kiçik olması ilə fərqlənir. JDAM (Joint Direct Attack Munition) əsasında hazırlanan sursatın çəkisi təxminən 3.2 kq civarındadır. Bombanın iki versiyası mövcuddur. Onlardan biri GPS peyk naviqasiya sistemindən siqnalları qəbul edərək hədəfə yönəlir. Digəri isə İNS naviqasiya və ön hissədə yerləşən yarıaktiv lazer avtomatik tuşlanan başlıq istifadə edir. Öz sinfinin digər sursatları kimi, ATK “Hatchet” düşmənin canlı qüvvəsini və zirehsiz texnikasını məhv edə bilən yüngül qəlpəli-fuqas döyüş başlığı ilə təchiz olunub. Bomba maraqlı aerodinamik görünüşə malikdir. 60 mm çaplı bombaya üçbucaq formalı qatlanan 3 qanad, quyruq hissəsində uzadıla bilən 3 idarəetmə mexanizmi quraşdırılıb. “Hatchet” bombasının qanadları nazik polimer materialdan hazırlanıb. PUA-nın qanadının və ya gövdəsinin altından asılması üçün sursat xüsusi konteynerə erləşdirilir. Bombanın konteynerdən çıxışından sonra idarəetmə mexanizmləri açılır və sursat hədəfə yönəlir. Bundan sonra hədəf aşkarlayıcılar hərəkətə gətirilir.  Hədəf aşkar edildikdən sonra uçuşa nəzarət etmə prosessoru lazımlı məlumatları verir və hədəfə dəqiq avtomatik tuşlamanı təmin edir. “Hatchet”in şəhər və yaşayış məskənlərində tətbiqinin daha effektiv hesab edilir. Yeni bombanın dəqiqliyi hər hansı binanın istənilən otağını vurmağa imkan verir.

Mütəxəssislərin sözlərinə görə, “Hatchet” RQ-7 “Shadow” kimi kiçik və yüngül PUA-larla yanaşı, 40 saatdan çox əməliyyat imkanları olan orta və ağır PUA-ları lazımi sursatla təmin edəcək. 2013-cü ildə sursatın konstruktor işlərini başa çatdıran şirkət 2014-cü ildə onun sınaqlarına başlayıb. 2018-ci ilin sonuna qədər müxtəlif PUA-lar üzərində sınaqdan keçirilmiş döyüş sursatı, daha sonra ABŞ Dəniz Piyada Qoşunları və Hərbi Hava Qüvvələrinin silahlanmasına verilib. Şirkət mütəxəssisləri hesab edirlər ki, sursat PUA-ların döyüş komplektini əhəmiyyətli dərəcədə genişləndirə bilər. Hazırda istismar olunan PUA-lara sinfin AGM-114 “Hellfire” raketinin əvəzinə 24 ədəd “Hatchet” inteqrasiya etmək olar.

FF-LMM “Fury”

1504883287 01 5

FF-LMM “Fury” idarəolunan döyüş sursatı

Pentaqonun Lethal Miniature Aerial Munition System proqramı çərçivəsində ABŞ-ın “Textron Defense Systems” şirkətinin Fransanın “Thales” şirkəti ilə birlikdə hazırladığı 5.8 kq ağırlığa malik FF-LMM “Fury” adlı idarəolunan döyüş sursatı 1.4 kq döyüş başlığına, kombinə edilmiş GPS/İNS və özütuşlanan yarıaktiv lazer başlığa malikdir. Uzunluğu 68 sm, diametri 7.5 sm təşkil edən sursat rəqibin sığınacaqlarına, zirehsiz nəqliyyat vasitələrinə, sabit və hərəkətdə olan hədəflərinə, o cümlədən canlı qüvvəsinə qarşı nəzərdə tutulub. 2014-cü ilin avqust ayında “Shadow 200” PUA ilə “Fury”nin ilk sınaqları keçirilib. 2016-cı ilin aprel ayında PUA-dan 8000 metr hündürlükdən sərbəst buraxılan sursat hədəfləri vuraraq yüksək dəqiqlik nümayiş etdirib. Mütəxəssislərin hesablamalarına görə, MQ-1 “Predator” kimi bir PUA dörd “Hellfire” raketi və 12 “Fury” raketi daşıya bilər.

Türkiyənin MAM ailəsi

Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən Mini Ağıllı Sursat (MAM) lazerlə idarə olunan ağıllı sursat ailəsidir. MAM pilotsuz uçuş aparatları (PUA), yüngül hücum təyyarələri və aşağı çəkili faydalı yük daşıyan hava platformaları üçün “hava-yer” tipli missiyalarda istifadə üçün hazırlanıb. MAM seriyalı ağıllı bombalar həm sabit, həm də hərəkətli hədəfləri yüksək dəqiqliklə vurmaq (angaje) qabiliyyətinə malikdir. MAM sursat ailəsinin yarı aktiv lazerlə idarə olunan, GPS və INS əsaslı tuşlama/manevr imkanlarına malik MAM-C, MAM-L və MAM-T adlı 3 müxtəlif versiyası mövcuddur.

MAMROKETSAN-ın L-UMTAS tank əleyhinə idarə olunan raketin əsasında yaradılmış MAM-L lazer tuşlamalı mini qabaritli döyüş sursatı faktiki olaraq L-UMTAS-ın qabaritləri yığcamlaşdırılmış versiyasıdır. Diametri 160 mm təşkil edən MAM-L raketinin uzunluğu 1 metr, kütləsi 22,5 kq, döyüş başlığı isə 10 kq-dır. MAM-L sursatları yüngül sığınacaq, zirehsiz nəqliyyat vasitələri, radarlar və canlı qüvvəyə qarşı tətbiq olunur. Sursatın qəlpəli-fuqas döyüş başlığının məhvetmə radiusu 25 metrdən böyükdür. Raketin effektiv atış məsafəsi isə L-UMTAS-da olduğu kimi 8 km-dır. Lakin L-UMTAS-dan fərqli olaraq MAM-L-də mühərrik mövcud deyil. ROKETSAN mütəxəssislərinin sözlərinə görə, bu mini döyüş sursatının PUA-larla yanaşı, yüngül döyüş təyyarələrinə inteqrasiyası da mümkündür. Müxtəlif PUA-lar üzərində 2015–2017-ci illərdə keçirilmiş atış sınaqlarında MAM-L sursatı ilə 2×2 metr ölçülü hədəfin 8 km məsafədən yüksək dəqiqliklə məhv edilməsi mümkün olub. Sınaqlar zamanı raketin atışı təxminən 5 km yüksəklikdən həyata keçirilib.

PUA-lar üçün dəqiq döyüş sursatlarının yaradılması istiqamətində aktiv araşdıramalar və yaradılma işləri aparan ROKETSAN şirkəti 2016-cı ildə 70 mm- lik “Cirit” lazer yönləndirməli idarə olunan raketin MAM-C adlı PUA-lardan atış üçün nəzərdə tutulan yeni konfiqurasiyanı hazırlayıb. Mövcud “Cirit”dən ölçüsünə görə daha kiçik olan MAM-C ümumi xüsusiyyətlərini qoruyub saxlayıb. Son texnologiyalar və müasir tələblər nəzərə alınmaqla yaradılmış bu raket çox məqsədli (zireh dəlici, termobarik, anti-personal və yanğın törədici) döyüş başlığı ilə təchiz oluna bilir. MAM-C sursatları PUA-larla yanaşı yüngül hücum təyyarələri üçün də maliyyət baxımından uyğun bir həll olaraq önə çıxır. MAM-C atış hündürlüyündən asılı olaraq 8 kilometrədək məsafədə yerləşən hədəflərə qarşı effektiv tətbiq oluna bilər. MAM-C sursatı canlı qüvvə, zirehsiz və yüngül zirehli nəqliyyat vasitələrinə, radar antenalarına, açıq silah mövqeləri kimi qorunmayan hədəflərə qarşı təyinatlandırılıb. Yüksək dəqiqliyə sahib olan “hava-yer” tipli bu raketinin uzunluğu 80 sm, ağırlığı 6.5 kq, döyüş başlığı isə 2.5 kq təşkil edir.

Türkiyə Silahlı Qüvvələri başda olmaqla, Jandarma Baş Komandanlığı və Əmniyyət Baş İdarəsi inventarında yer alan PUA-lara inteqrasiya edilən MAM-L 2016-cı ildən, MAM-C isə 2018-ci ildən indiyə qədər əməliyyatlarda uğurla istifadə olunur. Sabit və hərəkətli hədəflərə qarşı yüksək vuruş dəqiqlikliyinə sahib MAM-L və MAM-C sursatları, istənilən hava şəraitində effektivlik göstərə bilir.

MAM-T PUA-lara yeni nəfəs gətirir

MAM ailəsinin ən böyük və ən yeni üzvü MAM-T sursatıdır. ROKETSAN MAM-L və MAM-C aviasiya sursatlarının təcrübələrindən irəliləyərək daha yüksək döyüş başlığı effektivliyi və daha uzun mənzil ehtiyacını qarşılamaq məqsədilə MAM-T sursatını hazırlayıb. Fərqli platformalara uyğunlaşdırıla biləcək formada dizayn edilmiş MAM-T 30 km-dən artıq mənzilə sahibdir. MAM-T ağıllı sursatının çapı 230 mm, uzunluğu 1.4 metr, ümumi çəkisi isə 94 kiloqramdır. Sursat qəlpəli atəş yığımı olan döyüş başlığı ilə təchiz edilib.

MAM TMüxtəlif PUA-lardan atıla bilən MAM-T sursatı ilə su üstü hədəfləri, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək mümkündür. MAM-T Blok-1 konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilir. MAM-T sursatının ilk atış testi 2021-ci il aprel ayının 22-də “Baykar” şirkətinin “Bayraktar Akıncı” taktiki pilotsuz uçuş aparatı tərəfindən icra olunub. “Bayraktar Akıncı” PUA-dan atılan MAM-C, MAM-L və ilk dəfə istifadə edilən MAM-T hədəfi uzaq məsafədən yüksək dəqiqliklə vura bilib. Yüksək dəqiqlik sərgiləyən ağıllı sursat GPS və INS naviqasiya sistemi ilə dəstəklənə bilən yarı aktiv lazer arayıcı başlıq (LAB) ilə təchiz edilib.

ROKETSAN şirkəti tərəfindən 2021-ci ilin ikinci yarısında kütləvi istehsalına başlanılan MAM-T ağıllı sursatı ilk dəfə IDEF-2021 sərgisində geniş ictimaiyyətə nümayiş etdirilib. MAM-T aviasiya sursatının ilk partiyası 2022-ci ilin əvvəlində Türkiyə Silahlı Qüvvələrinin inventara daxil edilib. MAM ailəsinin digər üzvlərində olduğu kimi MAM-T-nin də əhəmiyyətli ixracat uğurları əldə etməsi hədəflənir.

“Baykar” şirkətinin “Akıncı” hücum pilotsuz uçuş aparatının (PUA) imkanlarına uyğun hazırlanan MAM-T sursatı digər PUA-lara, o cümlədən yüngül hücum və döyüş təyyarələri kimi fərqli platformalara da inteqrasiya ediləcək. Fərqli platformalara uyğun formada hazırlanan ailənin yeni üzvü MAM-T sursatı PUA-larda 30 kilometr, yüngül hücum təyyarələrində 60 kilometr və döyüş təyyarələrində 80 kilometrdən uzun mənzil qabiliyyətinə malikdir.

Hazırda MAM ağıllı sursatları Türkiyənin “Baykar” şirkətlərinin istehsalı olan “Bayraktar TB2”, “Bayraktar TB3”, “Bayraktar Akıncı”, “Vestel” şirkətinin “Karayel”, habelə TUSAŞ şirkətinin “Anka”, “Aksungur” taktik PUA-larının və “Hürkuş” yeni nəsil təlim-döyüş təyyarəsinin silahlanmasında yer alır.

ROKETSAN şirkəti bu günə qədər 5000 ədəddən çox MAM ağıllı sursatı istehsal edərək sifarişçilərə təhvil verib.

MAM Azərbaycanın zəfərində kritik rol oynadı

Türkiyənin ROKETSAN şirkəti bu günün və gələcəyin müharibələrinin doğurduğu ehtiyacları nəzərə alaraq yaratdığı Mini Ağıllı Sursat (MAM) ailəsi sahib olduqları texnologiyalardan əlavə müharibə təcrübəsi ilə də rəqiblərini üstələyir.

MAM L TankROKETSAN-ın açıqlamasına görə, başda PUA-lar olmaqla, yüngül faydalı yük daşıma tutumu olan hava platformalarının effektivliyini artıran Mini Ağıllı Sursat ailəsi Afrika, Asiya və Avropada dost və müttəfiq ölkələrin inventarında uğurla istifadə edilir. Arsenalında ROKETSAN-ın bir çox həlli olan Azərbaycanın zəfərində kritik rol oynayan MAM Avropa və NOTO üzvü ölkələrin də diqqətini çəkərək, prioritet seçimləri arasında yerini alır. Bu gün MAM sursatları Türkiyə və Azərbaycan ilə yanaşı Qatar, Ukrayna, Liviya, Türkmənistan, Qırğızıstan, Efiopiya kimi ölkələrin silahlanmasında yer alır.

Qeyd edək ki, Azərbaycan ordusu tərəfindən İkinci Qarabağ müharibəsi zamanı MAM idarə olunan döyüş sursatları ilə tanklara və digər zirehli hədəflərə qarşı effektiv istifadə olunub.

Bundan əvvəl, Türkiyə Silahlı Qüvvələri 24 avqust 2016-cı il tarixində “Fırat Qalxanı”, 2018-ci ilin yanvar-mart aylarında “Zeytun Budağı” əmliyyatlarında adıçəkilən sursatları Suriyada real döyüş sahəsində sınaqdan keçirmək imkanı qazanmışdır. Türkiyə Müdafiə Sənayesi Başkanlığının (SSB) rəsmi sosial media hesabında yaydığı məlumata görə, “Bayrakdar TB2” PUA-ları “Zeytun Budağı” əməliyyatında ilk dəfə olaraq MAM-L sursatının zirehdələn döyüş başlığına malik versiyalarından da atışlar həyata keçirib. Eyni zamanda qəlpəli-fuqas döyüş başlıqlı MAM-L raketləri havada partlayış mexanizmi ilə istifadə olunub. Əməliyyatlar zamanı hədəf tipinə uyğun istifadə olunan döyüş başlıqları ilə yüngül qurğular, zirehli maşınlar, radar antenləri, silah mövqeləri kimi mümkün hədəflərə qarşı effektiv nəticələr əldə olunub və hədəflərin hamısı yüksək dəqiqliklə vurulub.

aksungur 12 mam l ile 28 saat uctu large

Bundan başqa, MAM ağıllı sursatlarından Türkiyə Silahlı Qüvvələrinin 2019-cu ildə Suriyada başlatdığı PKK/PYD və DAEŞ terror təşkilatlarını hədəf alan “Barış Pınarı” əməliyyatı, 2020-ci ildə Suriyanın şimalındakı İdlib bölgəsində Suriya ordusu və müttəfiqlərinə qarşı başlatdığı “Bahar Qalxanı” əməliyyatı, 2020-ci ildə İraqın şimalında “Pənçə” əməliyyatında uğurla tətbiq edilib. Habelə 2021-ci ilin əvvəlindən bu günə kimi Rusya-Ukrayna müharibəsində geniş istifadə edilir.

Dünyada ən populyar Çin sursatları

Çin müdafiə sənayesi şirkətləri tərəfindən PUA-ların və yüngül hücum-kəşfiyyat təyyarələrinin silahlandırılması üçün lazer və GPS yönləndirməli döyüş sursatları yaradılıb. Çin istehsalı olan bu döyüş sursatları Pakistan və Nigeriya Silahlı Qüvvələri tərəfindən terrorçulara qarşı əməliyyatlarda, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələri tərəfindən Yəməndə, İraq və Misir Hərbi Hava Qüvvələri tərəfindən ölkə ərazisində İŞİD-ə qarşı döyüş əməliyyatlarında geniş istifadə edilib. Müharibə teatrlarında praktik istifadə edilən Çin sursatları dünyada ən populyar PUA sursatlardan hesab edilir.

Çinin NORİNCO korporasiyası tərəfindən PUA-lar üçün hazırlanan AR-1 mini ölçülü raketi NORİNCO-nun HJ-10 (“Red Arrow-10”) tank əleyhinə döyüş sursatının bazasında yaradılıb. İlk nümunəsi 2008-ci ildə Çinin Zhuhai şəhərində keçirilmiş “Zhuhai Airshow-2008” beynəlxalq aviasiya sərgisində nümayiş etdirilən AR-1 sursatı CH-3 və digər döyüş PUA-nın silahlandırılması üçün nəzərdə tutulub. AR-1 bəzi istisnalarla xarici görünüşcə HJ/AKD-10 aviasiya raketinə bənzəyir. İstehsalçı şirkətin açıqlamasına görə, AR-1 raketi TV kamera, IMIR və yarıaktiv lazer yönləndirməli bir neçə arayıcı başlıqla təchiz oluna bilir.

ar 2 image01Sursat INS/GPS naviqasiyasına malikdir. 1.1 Mach sürətə malik döyüş sursatının çəkisi 45 kq, döyüş başlığı 10 kq təşkil edir. AR-1 düşmənin şəxsi heyətinə, zirehli texnikalara və kiçik gəmilərə qədər müxtəlif hədəflərə qarşı istifadə edilə bilər. Çin Silahlı Qüvvələrinin inventarına daxil edilən AR-1 döyüş sursatlarının Pakistan, Misir və Nigeriyaya ixracı da həyata keçirilib. Nigeriya Hərbi Hava Qüvvələrinin  2014-cü ildə Çindən aldığı CASC CH-3 “Rainbow” PUA-ları ilə ölkənin şimal-şərqində terroristlərə qarşı keçirilmiş əməliyyatlar zamanı AR-1 idarəolunan sursatlardan istifadə etdidiyinə dair faktlar mövcuddur. Qeyd edək ki, Pakistanın da silahlandırılmasında yer alan CH-3 döyüş PUA-sı iki tip idarə olunan döyüş sursatı daşıya bilir. Bunlardan biri AR-1, digəri peyk naviqasiyası ilə idarə olunan FT-10/25 tipli kiçik qabaritli idarə olunan aviasiya bombasıdır. Bundan başqa, Misir Hərbi Hava Qüvvələri 2015-ci ildə Çindən aldığı ASN-209, CH-5 və “Wing Loong” PUA-larını AR-1 idarəolunan raketlərlə silahlandırıb.

Çinin CAAA (China Academy of Aerospace Aerodynamics) təşkilatının AR-1 raketinin bazasında hazırladığı AR-2 idarəolunan aviasiya raketi sələfinə nisbətən daha yüngül və yaxınmənzillidir. Yarı-aktiv özütuşlanan lazer başlığa malik AR-2 raketinin çəkisi 20 kq, döyüş hissəsi 5 kq, sürəti 735 km/saat, atış məsafəsi 8 km təşkil edir. CH sinifli PUA-ların silahlanması üçün nəzərdə tutulan bu raketi AG- M-114 “Helifire” ilə müqayisə edən istehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, hazırda AR-2-nin ən böyük rəqibləri ABŞ-ın AGM-176  “Griffin”, Fransanın “Lightweight Multirole Missile” və İsrailin “Whip Shot” raketləridir. Qiymətinin ucuz olması və müxtəlif növ PUA-lara inteqrasiya edilə bilməsi bu raketə son illər böyük tələblər meydana çıxarıb.

Adıçəkilən raketlərdən başqa, Çin müdafiə sənayesi təşkilatları PUA-larda istifadə  üçün kiçik qabaritli çox sayda döyüş sursatları hazırlayıb. Bunlardan KD1, KD2, LMD-002, LMD-003, “Sky Arrow”, “Sky Arrow 90”, TBI, ZD1 idarəolunan döyüş sursatlarını göstərmək olar. LMD-002 və LMD-003 (“Lei Ming”) raketlərinin çəkisi 5 kq, maksimu atış məsafəsi 4.2 km təşkil edir. Eyni aerodinmik dizayna malik olan hər iki model mikro turbojet mühərrik ilə təchiz olunub. Modellər arasındakı fərq yalnız idarəetmə sistemindədir. LMD-002 televiziya kamerası, LMD-003 isə yarıaktiv lazerlə idarə olunur. AD200W “Blue Eagle” PUA-ya inteqrasiya olunan “Sky Arrow” sursatı LMD-002 və LMD-003-dən daha yüngüldür. TV kamera ilə idarə olunan “Sky Arrow”un çəkisi 3 kq, maksimum atış məsafəsi 3.2 km təşkil edir.

“Sky Arrow”un yeni modifikasiyası olan “Sky Arrow 90” sələfindən qabarit ölçülərinə görə tamamilə fərqlənir. NORINCO şirkətinə daxil olan “Harbin Ji- ancheng Group” zavodunda hazırlanan “Sky Arrow 90” PUA-larla yanaşı, yüngül döyüş təyyarəsində də istifadə oluna bilir. “Sky Arrow 90” müxtəlif növ döyüş başlıqlarına malik sursatın maksimum sürətləri 2 Mach, uzunluğu 1.25 metr, kalibri 90 mm, çəkisi 17 kiloqram, maksimum atış məsafəsi 8 km-dır.

İran nümunələri

iran rusya ya mohajer iha lari verdi 1676380364 812 x750İranın yerli müdafiə sənayesi müəssisələri tərəfindən Silahlı Qüvvələrin ehtiyacını qarşılamaq məqsədi ilə PUA-lar üçün kiçik qabaritli döyüş sursatlarının hazırlanması istiqamətində ciddi layihələr həyata keçirilir. İran layihələri təqdimatlardan göründüyü qədər heç də sıfırdan hazırlanmayıb və başqa sözlə ifadə etsək, Türkiyə və Çində olduğu kimi, mövcud döyüş sursatlarının PUA-lara uyğunlaşdırılması sayıla bilər.

İranın 2018-ci ildə nümayiş etdirdiyi “Camarat” və 2019-cu ilin fevral ayının əvvəlində təqdimatını keçirdiyi “Əhbar” adlı yüngül idarə olunan aviasiya döyüş sursatının taktiki-texniki xüsusiyyətləri barədə geniş informasiya mövcud deyil. Pilotsuz uçuş aparatları, helikopter və avtojirlərdə istifadə üçün nəzərdə tutulan 125 mm çaplı “Camarat” idarə olunan aviasiya raketinin çəkisi 15 kq, uzunluğu 1 metrdir. Raket GPS/AHRS (Attitude and Heading Refe-rence System) naviqasiyasına malikdir. Uçuşa aerodinamik nəzarət və elektro-mexaniki dəqiqləşdirmə sistemi vasitəsi ilə nəzarət olunur. İran mediasında yer alan məlumatlara görə, İslam İnqilabı Keşişçiləri Korpusu tərəfindən keçirilən sınaqlar zamanı 500 metr hündürlükdən buraxılan “Camarat” 6 km məsafədən hədəfi yüksək dəqiqliklə vurub. Raketin hədəfdən yayınması 10 metrədəkdir. “Əhbar” raketinin isə uçuş uzaqlığının 30 kilometrədək olduğu bildirilir. Mikro mühərriki olan “Əhbar”ın uzunluğu 1.7 metr, kalibri 13 mm, çəkisi 27 kq, döyüş başlığı 7 kq, maksimum sürəti 600 km/saatdır.

Rusiya da PUA sursatlarının istehsalına başlayıb

FRusiyanın “Kronshtadt” şirkəti 2020-ci ilin 23-29 avqust tarixlərində Moskva yaxınlığındakı Kubinkada keçirilən “Ordu 2020” müdafiə sərgisində pilotsuz uçuş aparatları (PUA) üçün yeni mini sursatlar seriyasını nümayiş etdirib. “Orion” taktiki kəşfiyyat PUA ilə birlikdə nümayiş etdirilən sursatlar 20-100 kq-lıq çəkilərdə olub.

Bildirilib ki, ilk dəfə geniş ictimaiyyətə təqdim olunan PUA sursatları Rusiyanın Taktik Raket Korporasiyası (KTRV) və Kimya Maşınqayırma Elmi-Tədqiqat İnstitutu (TsNIIKhM) daxil olmaqla bir neçə şirkət tərəfindən hazırlanıb.

“TsNIIKhM”-in KB-20 indeksli idarə olunan aviasiya bombasının kütləsi 21 kq təşkil edir. 2019-cu ildə yaradılan KB-20 ağıllı sursatı 7 kq HE-FRAG döyüş başlığı və peyk qəbuledicisi və ya lazer yönləndirmə qurğusu ilə komplektləşdirilib. Uzunluğu 900 mm, diametri 130 mm və qanadları 350 mm-dir. Sursat düşmənin şəxsi heyətini və zirehsiz hədəflərini vurmaq üçün nəzərdə tutulub.

KTRV-nin baş direktoru Boris Obnosov jurnalistlərə açıqlamasında bildirib ki, rəhbərlik etdiyin şirkət tərfindən PUA-lar üçün yeni raketlər və bombalar hazırlanır, habelə mövcud olanları təkmilləşdirilir. Onun sözlərinə görə, KTRV hazırda PUA bazarı üçün kütləsi 50-100 kq olan ağıllı sursatların inkişaf etdirilməsi üzərində işləyir. Direktor KTRV “Kronshtadt” şirkəti və “Sukhoi” Dizayn Bürosu ilə birlikdə PUA-lar üçün yeni ağıllı sursatlar dizayn edib hazırladıqlarını deyib.

KTRV tərəfindən hazırlanan 50 kq-lıq KH-50 idarə olunan sursatın uzunluğu 1,8 m, diametri 180 mm-dir. Sursat 300 mm-lik qanadlara malikdir və 10-20 kq HE-FRAG döyüş başlığı daşıyır.

CAR-ın PUA sursatları

Cənubi Afrika Respublikasının “Denel Dynamics” şirkəti öz raket portfelini yeni silah sistemlərilə, o cümlədən PUA-lar üçün “Impi” və “Impi-S” raketləri, P2 döyüş sursatları ilə genişləndirir.

Həm “Ingwe”, həm də “Mokopa” raketlərinin təcrübəsindən istifadə edərək, “Denel Dynamics” öz imkanları hesabına daha yüngül çəkili “İmpi” və “İmpi-S” raketlərini hazırlayıb. Onlar helikopterlər və pilotsuz uçuş aparatları (PUA) daxil olmaqla daha kiçik və yüngül təyyarələr üçün nəzərdə tutulub. Kütləsi 15 kq (33 lb) olan “İmpi-S” inersial/yarı aktiv lazerlə idarə olunur və 6 km (3.7 mil) atış məsafəsinə malikdir. O, 100 km/saat (saatda 62 mil) sürətlə hərəkət edən hədəfi vura bilir. “İmpi” bir qədər böyükdür: döyüş başlığı ilə kütləsi 25 kq (55 lb) və atış uzaqlığı 6 km-dən (3.7 mil) çoxdur. “Denel Dynamics” bu sursatları özünün “Seeker 400” PUA-ları üzərinə inteqrasiya edərək təklif edir.

“Denel Dynamics” həmçinin “Tawazun Dynamics” şirkətinin sifarişi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin invertarında yer alan “Seeker 200” PUA-larında istifadə üçün P2 (“Project 2”) aşağı qiymətli, orta mənzilli dəqiq idarə olunan sursat hazırlayıb. P2 sursatı BƏƏ ilə istehsalçı şirkət arasında 2015-ci ilin sentyabr ayınada imzalanmış müqavilə əsasında 18 ay ərzində dizayn və hazırlanma prosesi keçib. 2017-ci ildə sınaqları tamamlanan P2 sursatı BƏƏ-nin “Seeker 400” PUA-larına inteqrasiya edilib. Kütləsi 14 kq (30 lb) təşkil edən P2 sursatı aktiv lazer / GPS yönətiminə malikdir.

Nəticə olaraq deyə bilərik ki, bu gün hücum qabiliyyətinə malik silahlı PUA sistemləri digər PUA sistemlərindən daha populyardır. Bunun səbəbi, reaktiv təyyarələr və hücum helikopterləri ilə müqayisədə onların nisbətən aşağı qiyməti ilə izah edilə bilər. Xüsusilə reaktiv təyyarələrin yanacağı, daşıdığı sursatın iqtisadi yükü və texniki xidmət xərcləri kifayət qədər yüksəkdir. Dünyada həm silahlı PUA sistemləri, həm də PUA üçün sursat istehsal edə bilən ölkələrin sayı azdır. Ağıllı bombaların bu yeni növü aviasiya silah sənayesində inqilab etmək potensialına malikdir. Lakin bu texnologiya hələ erkən dövrdədir və ortaya qoyulmuş sistemlər hazırda inkişaf mərhələsini yaşayır. 

Zaur Babaşov

POLİQON JURNALI

CATEGORIES
TAGS