Qarabağda iyunun 8-də daha bir erməni hərbçinin öldürüldüyü müəyyənləşib
Ermənistan Müdafiə Nazirliyinin gizlətdiyi hadisə barədə ölmüş əsgərin həmyerliləri məlumat yayıb
Iyunun 7-dən 8-nə keçən gecə Qarabağ cəbhəsində baş verən atışmalarda daha bir erməni hərbçisi Azərbaycan əsgərləri tərəfindən öldürülüb. “AzeriDefence.com” saytının məlumatına görə, ermənilərə məxsus sosial şəbəkələrdə yer alan məlumata görə, öldürülmüş əsgər Nersesyan Serj Maratoviçdir. 1992-ci il təvəllüdlü əsgər hərbi xidmətə Araratdan çağrılıb. Onun Hadrutda (Xocavənd rayonu ərazisində) gedən döyüşlərdə öldüyü bildirilib.
Ermənistan Müdafiə Nazirliyi isə əsgərin ölümü barədə heç bir məlumat yaymayıb. Facebook sossial şəbəkəsindəki Araratla bağlı səhifələrdən birində gedən müzakirələrdə erməni gənclər Azərbaycanın ünvanına ittihamlar və aşağılayıcı ifadələr işlətsələr də, Ermənistan Müdafiə Nazirliyinin gəncləri Qarabağda ölümə göndərdiyi, hadisəni gizlətdiyi tənqid olunub.
Bu arada bəzi erməni saytları iyunun 5-dən 6-sına keçən gecə Füzulidə yaralanmış əsgərlərin vəziyyətinin ağır olması barədə məlumatlar yayıb. Həkimlərə istinadən verilən məlumatlarda qeyd olunub ki, Xankəndində hospitala yerləşdirilmiş yaralıların durumu ağırdır. Edilən tibbi müdaxilələrə baxmayaraq yaralılardan biri hələ də koma vəziyyətindən çıxmayıb.
Yayılan xəbərlərə reaksiya verən Qarabağ separatçılarının ordu sözçüsü Senor Astratyan isə yaralıların vəziyyətinin kafi olduğunu söyləyib. Onların yenidən xidmətə qayıdıb qayıda bilməyəcəyinə gəlincə, o, “bu barədə nə isə demək çətindir”, deyə bildirib.