Qazaxıstan Silahlı Qüvvələri “Anka-S” PUA-larla uçuş sınaqları həyata keçirir
Qazaxıstan Silahlı Qüvvələri Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Anka-S” pilotsuz uçuş aparatları (PUA) ilə uçuş sınaqları həyata keçirir.
“Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Anka-S” PUA-ları uğurlu sınaqlardan və komissiyanın rəyindən sonra praktiki hərbi testlərə qəbul edilib.
Bildirilib ki, Qazaxıstan operatorları tərəfindən idarə olunan “Anka-S”in ilk uçuşları TUSAŞ mütəxəssislərinin iştirakı ilə yerinə yetirilir. Qazaxıstan Silahlı Qüvvələrinə məxsus döyüş hazırlığı və PUA-ların döyüş istifadəsi üzrə təlim mərkəzində keçirilən sınaqlarda əsas məqsəd qazaxıstanlı operatorlara “Anka-S”lərdən istifadəni öyrətməkdir. Bu çərçivədə Türkiyədə “Anka-S”ləri idarə etmək üçün təlim keçmiş və yeni texnologiyanı mənimsəyən qazaxıstanlı zabitlər həmkarlarının hazırlanmasında yaxından iştirak edəcəklər.
Həmçinin TUSAŞ mütəxəssislərindən ibarət qrup daha iki il Qazaxıstanda qalaraq, bu PUA-lardan istifadənin öyrənilməsində və digər məsələlərin yerindəcə həll olunmasında qazaxıstanlı hərbçilərə yardım göstərəcəklər.