
Qazaxıstan yeni “Terrex Barys-A 8×8” amfibiya döyüş maşınını təqdim edib
Qazaxıstanın “Kazakhstan Paramount Engineering” (KPE) şirkəti amfibiya tipli yeni “Terrex Barys-A 8×8” döyüş maşınını təqdim edib.
“Poliqon” “Kazinform”a istinadən xəbər verir ki, təqdimat mərasimində Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov, ölkənin Müdafiə Sənayesi Müəssisələri Assosiasiyasının sədri Aybek Barısov, dövlət rəsmiləri, KPE şirkətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Bildirilib ki, bu zirehli amfibiya döyüş maşını Sinqapurun “Singapore Technologies Engineering” şirkətinin məhsuludur. Ancaq onun layihələndirilməsi və təkmilləşdirilməsi hüququ ilə bağlı bütün sənədlər Qazaxıstan tərəfindən satın alınıb. Gələcəkdə hərbi maşın müxtəlif hava və təbii şəraitdə ciddi sınaqlardan keçiriləcək. Əgər “Terrex Barys-A 8×8” amfibiya döyüş maşını qızmar istidə, dondurucu soyuqda, bataqlıqda və qumda öz bacarıqlarını sübut edə bilsə, həmin vaxt onun kütləvi istehsalına icazə veriləcək.
Təqdimat mərasimində iştirak edən Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkovun sözlərinə görə, Qazaxıstan Ordusu mobil, peşəkar və müasir silahlarla təchiz olunmalıdır: “Çünki bizim əsas məqsədimiz dövlətimizin konstitusiya quruluşunu, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Belə məhsullar ordumuzun qüdrətini artırır”.
Daha sonra çıxış edən Qazaxıstan Müdafiə Sənayesi Müəssisələri Assosiasiyasının sədri Aybek Barısov vurğulayıb ki, “Terrex Barys-A” müasir texnologiyalara cavab verən hərbi maşındır.
“Qazaxıstanda, Qazax əlləri ilə, Qazax əsgəri üçün hazırlanıb. Bizim təkcə bir vətəndaş olaraq deyil, həm də sahibkar və istehsalçı kimi borcumuz əsgərlərimizin həyatını xilas etməkdir”, – deyə sədr qeyd edib.
Qazaxıstanın yerli hərbi maşını içəridəki əsgəri 10 kiloqram trotilin partlamasından qoruya bilir. Bir ədəd tank əleyhinə minanın tərkibində 7 kiloqram trotil olduğunu nəzərə alındıqda, çoxməqsədli amfibiya döyüş maşınının yüksək səviyyədə qorunma qabiliyyətinə malik olduğu görülür.
8×8 təkər formullu “Terrex Barys-A” amfibiya döyüş maşını universal platformada quraşdırılıb. Belə platformadan zirehli transportyor, təkərli tank, 120 mm-lik mobil minaatan, komanda-qərargah maşını, hərbi kəşfiyyat maşını və qısa mənzilli zenit-raket kompleksi yaratmaq üçün istifadə oluna bilər. Bu, Qazaxıstan Ordusu üçün universal, inteqrasiya olunmuş zirehli hərbi maşınlar xəttinin yaradılmasına, eləcə də texniki xidmət və təmir xərclərinin azaldılmasına imkan verəcək.
İkisi ekipaj üzvü olmaqla 12 əsgəri daşıya bilən “Terrex Barys-A”nın mühərriki 600 at gücündədir.