Qazaxıstanda keçirilən “Birləşdik-2024” beynəlxalq təlimi başa çatıb
Manqistau vilayətində “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib.
“Poliqon” xəbər verir ki, tədbirdə Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri və hərbi kontingentləri iştirak ediblər.
Təlim Tokmak burnunda Xəzər dənizinin Qazaxıstan sektorunda praktiki tədbirlərin hazırlanması ilə başa çatıb.
Təlim planına əsasən, bu hissədə cəmləşmiş silahlı dəstənin qalıqları xeyli itki verib. Birgə hərbi qrupun bölmələri kəşfiyyat, mina əleyhinə tədbirlər, bazaların, quru və dəniz silahlılarının məhv edilməsini həyata keçirib. Əməliyyatda dəniz və hava-desant qoşunları, hücum eşelonları və mobil atəş qrupu iştirak edib. Onların hərəkətlərinə raket-artilleriya gəmiləri, artilleriya, ordu və cəbhə aviasiyası dəstək verib.
Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov təlimin başa çatması münasibətilə iştirakçıları təbrik edib. O qeyd edib ki, silahlı münaqişənin qarşısının alınması üzrə birgə əməliyyat idarəetmə orqanlarının koordinasiyasını, döyüş hazırlığını və hərbi kontingent hissələrinin operativ əlaqələndirilməsini təkmilləşdirmək məqsədi daşıyır. Hərbçilər bu tapşırığı uğurla yerinə yetirərək, döyüş şəraitində qarşılıqlı fəaliyyətdə müsbət təcrübə qazanıblar.
“Təlim planının icrası faktiki döyüş şəraitinə yaxın modelləşdirilmişdir. Yenidən qruplaşdırılması və birləşmiş ordu qrupunun yaradılması məsələləri işlənib hazırlanmışdır. Taktiki epizodların icrası zamanı müxtəlif silah və hərbi texnikadan istifadə edilib, aviasiya, hərbi-dəniz gəmiləri, artilleriya bölmələri, hava hücumundan müdafiə zenit-raket kompleksləri, zirehli və mühəndis texnikası, pilotsuz uçuş aparatları səfərbər edilib”, – deyə Qazaxıstanın müdafiə naziri bildirib.
General-polkovnik Ruslan Jaksılıkov qeyd edib ki, bu il quruda və dənizdə keçirilən təlim təkcə miqyası ilə deyil, həm də şəxsi heyətin peşəkar hazırlığı səviyyəsi ilə seçilib: “İştirakçı ölkələrin hərbi kontingentləri döyüş tapşırıqlarını bir cərgədə əlaqələndirməyə və məharətlə yerinə yetirməyə hazır olduqlarını sübut etdilər. Hesab edirəm ki, birgə təlim-məşq məqsədinə nail olub və qarşıya qoyulan tapşırıqlar tam şəkildə yerinə yetirilib”.
Mərasimdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qırğızıstanın müdafiə naziri general-leytenant Baxtibek Bekbolotov, Özbəkistanın müdafiə naziri general-leytenant Bahodir Qurbanov və Tacikistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Saidasror Səid Abdullozo çıxış edib. Nümayəndə heyətinin rəhbərləri təlimin təşkilatçılarına minnətdarlıqlarını bildirib, təlimin yüksək səviyyədə hazırlığını qeyd ediblər. İştirakçı ölkələr bunun mümkün təcavüz aktlarını dəf etmək üçün onların silahlı qüvvələrinin döyüş hazırlığının gücləndirilməsinə xidmət edəcəyinə əminliklərini ifadə ediblər.
Təlimin yekunlarına əsasən, beynəlxalq əməkdaşlığın inkişafındakı xidmətlərinə görə iştirakçı ölkələrin müdafiə nazirlərinin əmri ilə bir sıra hərbi qulluqçular medal və mükafatlar ilə təltif edilib. Tədbir hərbi kontingentin təntənəli paradı ilə başa çatıb.
Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə ölkəmizi təmsil edən şəxsi heyətlə görüşüb, beynəlxalq təlimdə yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onları təbrik edib və gələcək xidmətlərində uğurlar arzulayıb.
Xatırladaq ki, birgə təlim “Oymaşa” poliqonunda, Karakiya rayonunun Tokmak burnunda və Xəzər dənizinin Qazaxıstan akvatoriyasında keçirilib. Bunun üçün 4 min hərbçi, 700-ə yaxın silah və hərbi texnika səfərbər edilib.
Azərbaycan ilə region ölkələr arasında əlaqələrin inkişafında kommunikasiya körpüsü rolunu oynayan “Poliqon” hərbi-kosmik texnoloji jurnalı bu şərəfli missiyada üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Azərbaycandan “Poliqon” jurnalı olaraq “Birləşdik-2024” əməliyyat-taktiki təlimlərinin media tərəfdaşı qismində çıxış etdik. Bu təlimlər üçün rus dilində “Poliqon” Xüsusi Buraxılışı hazırlanıb. “Poliqon” Xüsusi Buraxılışı təlimlər çərçivəsində iştirakçı ölkələrin rəhbər şəxsləri, qonaqlar və digər iştirakçılar arasında pulsuz yayımlanıb.
“Birləşdik-2024” regional əməliyyat-taktiki komanda-qərargah təlimlərinin media tərəfdaşı olaraq “Poliqon” jurnalı “Birləşdik-2024”ün gedişatı, təlimlərdə yeniliklər, istifadə olunan silah və hərbi texnika barəsində ictimaiyyəti ətraflı məlumatlarla təmin etdi.