
Ramiz Mehdiyev YT Parkın fəaliyyəti ilə tanış olub
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Yüksək Texnologiyalar Parkına (YT Park) baxış keçirib, burada istehsal olunan məhsullar və iş prosesi ilə yaxından tanış olub.
Bu barədə “AzeriDefence”yə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
İşlər idarəsinin müdiri, YT Parkın direktoru, professor Elton Məmmədov müəssisənin xəritəsi əsasında AMEA rəhbərliyinə ərazinin plan-sxemi üzrə ətraflı məlumat verib. O, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış AMEA-nın Yüksək Texnologiyalar Parkında innovasiyayönümlü tədqiqat işlərinin istehsalatda yüksək texnologiyalarla tətbiqinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.
Professor Elton Məmmədov Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələr, tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalar üzərində tətbiqi və müxtəlif təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, AMEA-nın prezidentini yüksək texnologiyaların istehsalı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi və perspektivdə nəzərdə tutulan layihələrin həyata keçirilməsinə dair mövcud vəziyyətlə tanış edib.
Bundan başqa, YT Parkın Ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası, Təcrübə otağı, Təcrübə-Sənaye Zavodu, rezidentlərin iş şəraitinə baxış keçirilib, mülki, eləcə də müdafiə xarakterli istehsal sahələri və istehsal prosesləri ilə tanışlıq olub. Qurumun laboratoriya müdirləri və istehsal müəssisələrinin rəhbərləri AMEA Rəyasət Heyətinin üzvlərinə gördükləri işlər barədə məlumat veriblər.