
Ramiz Məmmədov POLİQON jurnalının “Fəxri Yazar”ı seçildi
Zirehli texnika mütəxəssisi, ehtiyatda olan polkovnik Ramiz Məmmədov, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, hərbi və müdafiə sənayesi sahədəki yeniliklərin cəmiyyətə çatdırılmasında POLİQON JURNALI MMC ilə səmərəli əməkdaşlığa görə “Fəxri Yazar” adına layiq görülüb.
“Poliqon” xəbər verir ki, Ramiz Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin Zirehli Tank Texnikası Xidmətinin yaradıcılarından biri olmaqla yanaşı, həm də ölkəmizin müdafiə sənayesinin inkişafında mühüm rol oynamış hərbi mütəxəssislərdən biridir.
Onun rəhbərlik etdiyi “Special Production Group” şirkəti tərəfindən zirehli tank texnikalarının əsaslı təmiri və təkmilləşdirilməsi üzrə mühüm pilot layihələr həyata keçirilib.
ADEX-2024 sərgisində STP stendini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 44 qünlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşməndən qənimət olaraq götürərək STP-nin istehsalat bazasında əsaslı təmir olunmuş və modernləşdirilmiş T-72 tankı və ZSU-23-4 özüyeriən zenit qurğusu geniş şəkildə təqdim olunub.
STP-nin tərkibinə daxil olan “STP Metal Structures” MMC ilə sıx əməkdaşlıq edən və texnikaların istehsalı, əsaslı təmiri və təkmilləşdirilməsi üzrə işləri birbaşa yerinə yetirən “Special Production Group” MMC tərəfindən nümayiş olunan texnikalar və onların taktiki-texniki xassələri barədə ölkə başçısına ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin dəstəyi və Müdafiə Nazirliyinin sifarişi əsasında, ilk dəfə olaraq Sumqayıt Texnologiyalar Parkının yüksək texnoloji imkanlarından istifadə edilməklə, zirehli texnikaların əsaslı təmiri və təkmilləşdirilməsi üzrə kompleks layihə uğurla icra olunub.
Bu layihə, ölkənin hərbi-texniki potensialının gücləndirilməsi istiqamətində əhəmiyyətli mərhələ kimi qiymətləndirilir.