
“Rheinmetall” konserni “Lynx” PDM-in atəş sınaqlarını keçirib
Almaniyanın yeni “Lynx” piyadanın döyüş maşını (PDM) əla dəqiqliyi ilə öyünə bilər.
“Poliqon” xəbər verir ki, “Rheinmetall” konserninin rəsmi YouTube kanalında “Lynx” PDM atəş sınaqlarının videoçarxı yayımlanıb.
Videoçarxda PDM-in əsas silahı olan 30 mm çaplı LANCE avtomatik topundan atəş açılması əks olunub. Döyüş maşınının dönməsi və hərəkəti zamanı topun sabitliyi, habelə həm statik, həm də hərəkət edən hədəflərə yerindən və hərəkətdə atəş açması nümayiş etdirilib.
Qeyd edək ki, “Lynx”, ən son müdafiə və silah sistemlərinə malik yeni bir PDM-dir. “Rheinmetall” konserni PDM-i ilk dəfə “Eurosatory 2016” Beynəlxalq sərgisində təqdim edib. Mülahizələrə görə, “Lynx”, “Rheinmetall” konserninin “Krauss-Maffei Wegmann” şirkəti ilə birlikdə Bundesver üçün hazırladığı “Puma” PDM-nin ixrac versiyasıdır.
İstehsalçı tərəfindən “Lynx” PDM-i iki əsas versiyada hazırlanıb: KF31 (Kettenfahrzeug 31) və KF41 (Kettenfahrzeug 41).
Burada KF – Kettenfahrzeug – tırtıllı maşını, rəqəm boş maşının kütləsini tonla ifadə edir.
“Lynx” KF31 PDM-in uzunluğu 7,73 m, eni 3,6 m və hündürlüyü isə 3,3 m-dir. Döyüş maşınında üç heyət üzvü və altı nəfər desant yerləşdirə bilər. Ümumi döyüş kütləsi 38 tondur. 750 at gücündə dizel mühərriki ilə təchiz edilib və şossedə maksimal hərəkət sürəti 65 km/saatdır.
“Lynx” KF41 modeli isə uzadılmış gövdəyə malikdir, üç nəfər heyət üzvünü və səkkiz nəfər desantı qəbul edə bilir. Ümumi döyüş kütləsi 45 tondur. Döyüş maşını 1156 at gücündə dizel mühərriki ilə təchiz edilib və şossedə maksimal hərəkət sürəti 70 km/saat təşkil edir.
Əhəd Əzizov