“Roketsan” “Çakır” qanadlı raketini ilk dəfə ADEX-2022-də sərgiləyib

“Roketsan” “Çakır” qanadlı raketini ilk dəfə ADEX-2022-də sərgiləyib

Türkiyənin “Roketsan” şirkəti ADEX-2022 sərgisində ilk dəfə “Çakır” qanadlı raketini nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, ADEX-də şirkət tərəfindən “Çakır”, MAM mini ağıllı sursat ailəsi, SOM, “Atmaca”, OMTAS, TRLG-230, TRLG-122 raketləri sərgilənib.

“Çakır” quru, dəniz və hava platformalarından atıla bilən yeni nəsil qanadlı raketdir. Raket təyyarə və helikopterlərdən, pilotsuz uçuş aparatlarından, o cümlədən taktiki təkərli quru nəqliyyat vasitələri və suüstü platformalardan atıla bilər.

Müasir texnologiyaya əsaslanan və təsirli döyüş başlığına sahib “Çakır” qanadlı raketi istifadəçiyə quru və dəniz hədəflərinə qarşı əməliyyat baxımından geniş imkanlar verir. 150 kilometrdən artıq atış uzaqlığına malik “Çakır” qanadlı raketinin əsasən suüstü hədəflərə, sahilə yaxın quru və suüstü hədəflərə, habelə strateji quru hədəflərinə, sahə hədəflərinə və mağaralara qarşı tətbiq edilməsi nəzərdə tutulub.

Türkiyənin “Kale Arge” şirkəti tərəfindən hazırlanan yerli və milli KTJ-1750 turboreaktiv mühərrikə sahib “Çakır” raketi dizaynının verdiyi çevikliyi sayəsində, missiya planlama əsnasında müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilir. “Çakır”, hədəf üzərində vuruş nöqtəsi seçimi və unikal döyüş başlığı ilə hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir.

Təkmil ara mərhələ və terminal yönləndirmə sistemləri ilə “Çakır” hədəflərini bütün hava şəraitində yüksək dəqiqliklə vura bilir. Şəbəkəyə əsaslanan məlumat bağlantısı sayəsində raket hədəfə doğru irəliləyərkən istifadəçi seçiminə bağlı olaraq, hədəfi dəyişə və tapşırığı ləğv edə də bilir.

Yeni raket qarışdırmaya davamlı GNSS və altimetr dəstəkli inertial naviqasiya sistemi ilə güclü elektron qarışdırmanın olduğu hallarda da öz kursunu davam etdirə bilir.

Qeyd edək ki, “Roketsan” şirkəti 1988-ci ildə qurulub. Şirkət müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, istiqamətləndirmə-idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritm və proqram təminatını hazırlayır və istehsal edir, onları quru, hava və dəniz platformaları ilə birləşdirir. Eyni zamanda, bu sistemlərə maddi-texniki dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri işləyib hazırlayır.

Poliqon.az

CATEGORIES
TAGS