Roketsan seriyalı istehsal olan ilk “Atmaca” raketlərini Türkiyə HDQ-yə çatdırıb

Roketsan seriyalı istehsal olan ilk “Atmaca” raketlərini Türkiyə HDQ-yə çatdırıb

“Roketsan” şirkəti seriyalı istehsal edilən ilk “Atmaca” gəmi əleyhinə raketlərini Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verib.

“Poliqon” “Savunmasanayist” nəşrinə istinadən xəbər verir ki, sürətli şəkildə həyata keçirilən çatdırılmalar ilə indiyə kimi Türkiyə HDQ-yə onlarla “Atmaca” raketi tədarük edilib.

Nəşrin bildirdiyinə görə, təhvil verilən “Atmaca” raketləri Türkiyə HDQ-nin suüstü döyüş gəmilərinə inteqrasiya olunacaq.

Xatırladaq ki, 2022-ci ilin 23 noyabrında “Roketsan” və STM şirkətləri arasında imzalanan müqavilə ilə “Atmaca” raketlərinin Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus 11 fərqli döyüş gəmisinə quraşdırılması nəzərdə tutulub.

“Roketsan”ın milli olaraq hazırladığı “Atmaca”, gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səth-səth” tipli bu raket, aşağı radar izinə, yüksək dəqiqliyə, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi, habelə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək imkanına sahibdir.

Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini ASELSAN şirkəti hazırlayıb. Raketin uzunluğu 4800-5200 mm, atış uzaqlığı 200+ km, çəkisi 800 kq, döyüş başlığının çəkisi 220 kiloqramdır.

Qeyd edək ki, “Atmaca”nın Türkiyə HDQ-nin invertarındakı 140 km atış mənzilinə sahib “Harpoon” raketlərini əvəz etməsi planlaşıdırılıb.

CATEGORIES
TAGS