“Atmaca” raketlərinin inteqrasiya olunacağı platformaların sayı açıqlanıb

“Atmaca” raketlərinin inteqrasiya olunacağı platformaların sayı açıqlanıb

“Roketsan” ilə STM arasında “Atmaca” gəmi əleyhinə raketlərin Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarında olan platformalara inteqrasiyası üçün müqavilə imzalanıb.

“Poliqon” “Savunmasanayist”ə istinadən xəbər verir ki, bunu SAHA MBA tədbirində çıxış edən STM şirkətinin baş direktoru Özgür Güleryüz açqlayıb.

STM-in baş direktoru bildirib ki, 2022-ci il 23 noyabr tarixində imzalanan müqavilə çərçivəsində 11 fərqli dəniz platformasında “Atmaca”nın inteqrasiyası həyata keçiriləcək. İnteqrasiya işlərinin 2027-ci il aprelin 11-dək başa çatdırılması planlaşdırılır.

Onun sözlərinə görə, “Atmaca”ların inteqrasiya olunacağı platformalar Türkiyənin Müdafiə Sənayesi Başqanlığı və HDQ Komandanlığı tərəfindən müəyyən edilib.

Özgür Güleryüz layihə üzrə aparılan fəaliyyətlərin cədvələ uyğun olaraq davam etdiyini diqqətə çatdırıb.

“Atmaca” gəmi əleyhinə raketin yaradılmasına Türkiyə Hərbi Dəniz Qüvvələrlərinin tələbləri üzrə 2005-ci ildə “Roketsan” şirkəti tərəfindən başlanılıb. 2018-ci ilin oktyabrında Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə “Roketsan” arasında “Atmaca” raketlərinin HDQ-ə tədarükünə dair müqavilə imzalanıb.

“Atmaca”, gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səth-səth” tipli bu raket, aşağı radar izinə, yüksək dəqiqlikliyə, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi, habelə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək imkanına sahibdir.

2016-cı ildən “Atmaca” raketinin sınaqları başlayıb. Bu çərçivədə, 2020-ci ilin iyul ayında keçirilən sınaqlar zamanı “Atmaca” raket 200+ km məsafədəki hədəfi yüksək dəqiqliklə vuraraq funksiyalarını mükəmməl formada yerinə yetirib. 2021-ci ilin iyununda “Roketsan” şirkəti tərəfindən yaradılan “Atmaca” gəmi əleyhinə idarə olunan raketin Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən son qəbul sınaqları keçirilib. Türkiyə HDQ-yə məxsus “TCG Kınalıada” korvetindən atılan “Atmaca” raketi ilk dəfə gəmi hədəfini dəqiqliklə vurub və sınaq uğurla nəticələnib.

Türkiyənin Vitse-prezidenti Fuat Oktay 2020-ci ilin noyabr ayından “Atmaca” gəmi əleyhinə raketin seriyalı istehsala başladığını bildirib. “Atmaca”nın Türkiyə Hərbi Dəniz Qüvvələrinin invertarında yer alan ABŞ-ın 140 km atış mənzilinə sahib “Harpoon” raketini əvəz edəcəyi planlaşıdırılıb.

Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini ASELSAN şirkəti hazırlayıb. Raketin uzunluğu 4800-5200 mm, atış uzaqlığı 200+ km, çəkisi 800 kq, döyüş başlığının çəkisi 220 kiloqramdır.

Poliqon.az

CATEGORIES
TAGS