“Roketsan” və EOS şirkətləri lazer silah sistemləri ilə bağlı əməkdaşlıq edəcək

“Roketsan” və EOS şirkətləri lazer silah sistemləri ilə bağlı əməkdaşlıq edəcək

WDS-2026 sərgisində Türkiyənin “Roketsan” şirkəti Avstraliyanın “Electro Optic Systems” (EOS) şirkəti ilə lazer silah sistemlərinin gücləndirilməsi və qlobal bazarda birgə layihələrin həyata keçirilməsi məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıb.

“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, iki müdafiə sənayesi şirkəti arasında imzalanan saziş lazer silah sistemləri sahəsində ortaq texnologiyaların inkişaf etdirilməsi və qlobal bazarda birgə layihələrin icrası üçün strateji çərçivə yaradır.

Bununla da tərəflər gələcəkdə formalaşacaq müştəri tələblərinə birlikdə cavab verəcək həllər hazırlamağı planlaşdırır.

Sazişin əhatə etdiyi lazer silah sistemləri “Roketsan”ın ixtisaslaşdığı əsas sahələrdən biridir. Şirkət tərəfindən hazırlanmış ALKA yönləndirilmiş enerji silah sistemi asimmetrik təhdidlərə qarşı elektromaqnit və lazer texnologiyasından istifadə edən müdafiə sistemi kimi fəaliyyət göstərir.

Son illərdə artan dron təhdidlərinə qarşı istifadə edilən ALKA, əlavə olunan yeni imkanları sayəsində FPV dronları qısa müddətdə zərərsizləşdirə bilir. “Roketsan” 2023-cü ildə ALKA sisteminin seriyalı istehsalına başlayıb. Sistem hazırda Türkiyə Silahlı Qüvvələrinin inventarındakı yeganə enerji silahı olaraq kritik hərbi obyektlərin və dövlət qurumlarının mühafizəsində mühüm rol oynayır.

“Roketsan” və EOS arasında imzalanan əməkdaşlıq sazişi ilə iki şirkətin bir-birini tamamlayan qabiliyyətləri birləşdiriləcək və müştəri tələblərinə uyğun kompleks həllər təqdim olunacaq. “Roketsan” müdafiə platformaları, sistem inteqrasiyası, sensor, komanda-idarəetmə sistemləri sahəsindəki təcrübəsi, eləcə də regional müdafiə əməkdaşlıqları və istehsal infrastrukturu ilə layihələrə töhfə verəcək.

İki şirkət antidron sistemləri, eləcə də hərbi birliklərin və kritik obyektlərin qorunmasına yönəlmiş həllərin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək.

“Roketsan”ın baş direktoru Murat İkinci sazişdən sonra fikirlərini bildirib. O, “Roketsan”ın yerli və etibarlı müdafiə texnologiyaları ilə Türkiyəni qlobal arenada qürurla təmsil etdiyini vurğulayıb.

“Bu çərçivədə Səudiyyə Ərəbistanında keçirilən WDS-2026 sərgisində güclü iştirak edir, eyni zamanda imzaladığımız yeni əməkdaşlıqlarla mövqeyimizi daha da möhkəmləndiririk. EOS ilə imzaladığımız bu əməkdaşlıq sazişi sahədə özünü sübut etmiş yönləndirilmiş enerji silah sistemi həllərimizin əməliyyat səmərəliliyini və tapşırıq icra qabiliyyətini artıracaq. Bu əməkdaşlıq vasitəsilə gələcəkdə lazer silah sistemləri sahəsində dünyanın ən yaxşısı olmağı hədəfləyirik”, – deyə baş direktor qeyd edib.

CATEGORIES
TAGS